Ayaz Yaşılyarpaq, Sputnik Azərbaycan
BAKI, 2 apr — Sputnik. Qara Nuru kəndi Saatlının ən iri yaşayış məntəqələrindən biridir. Burada 7 min nəfərdən artıq adam yaşayır. Əhalinin milli tərkibi də maraq doğurur: kənddə azərbaycanlılardan başqa, az sayda Ahıska türkləri, ruslar, ukraynalılar, belaruslar da var.
Hazırda Bakıda, habelə Rusiya, Ukrayna, Türkiyə, hətta Amerikada yaşayan xeyli sayda insan var ki, onların şəxsiyyət vəsiqələrində doğum yerləri kəndin köhnə adı olan "Krasnoselski" qeyd olunub. ABŞ-ın Konqres Kitabxanasında saxlanılan, məşhur rus fotoqrafı Prokudin-Qorskinin kolleksiyasına daxil olan "Muğan düzü" albomundakı 13 şəkil bu kənddən çəkilib.
İmperiyanın ucqarlarda pambıq yetişdirmək
Yerli əhali arasında Qara Nurunun kim olduğunu bilən yoxdur. Elə tədqiqatçılar da bu toponim barədə fərziyyələr söyləyirlər. Ehtimal edilir ki, vaxtilə qamışlıq və gölməçələrlə əhatələnən otlaq sahəsi Nuru adlı bir maldarın binəsi olub və burada yalnız onun çoban və malabaxanları yaşayıb, heyvanları saxlanılıb. Başqa bir mənbədə isə obanın Sabirabadın Qalaqayın kəndindən gələn qaranurular nəslinə mənsubluğu qeyd olunub.
Amma bu kəndin böyük bir siyasi prosesin nəticəsində yarandığını və sonradan baş verən ictimai-siyasi hadisələrin onun milli tərkibinə təsir etdiyini əminliklə söyləmək olar. Türkmənçay müqaviləsi (1828) nəticəsində Araz çayının şimal hissəsindəki Azərbaycan torpaqlarını öz ərazisinə qatan Rusiya imperiyası, az müddət sonra burada rus koloniyaları yaratmağa başlayıb. Bu, bir tərəfdən narazıları ucqarlara köçürməklə mərkəzi hakimiyyətə olan təhlükəni aradan götürmək məqsədi güdürdüsə, digər tərəfdən yeni ələ keçirilən ərazilərdə imperiyanın möhkəmlənməyini və etibarlı dayaqlar əldə etməyini hədəfləyirdi. Saatlı rayonunda Otradnoye, Tverskov, Severski, Qolovinovka, Vorontsov, Daşkov kimi kəndlər də belə yaranıb.
Kəndin ilk adı — Nikolayevka, rus çarı I Nikolayın şərəfinə adlandırılıb. Bu adın ona 1909-cu ildə verildiyi deyilir. Amma rusdilli əhalinin bura köçürülməsi 19-cu əsrin sonlarına təsadüf edir. Elə Prokudin-Qorskinin fotolarından da görünür ki, 1912-ci ildə Nikolayevka memarlıq üslubunda tikilmiş binaları, suvarılan torpaqları, pambıq sahələri, nar bağları olan oturuşmuş bir kənd olub.
Qeyd edək ki, isti iqlimi olan Mil, Muğan düzlərinə əhalinin köçürülməsi və burada pambıq əkilməsi planlı olub. Belə ki, Rusiyanın toxuculuq müəssisələri o dövrdə xammala olan tələbatını Misir və Hindistandan ödəyirdi. İdxaldan asılılığı azaltmaq üçün pambıq bitkisinin yetişdirilə biləcəyi ərazilərlə bağlı plan cızılmış, rusdilli əhalinin köçürüldüyü yerlərdə bataqlıqların qurudulmasına, yolların, su kanallarının çəkilməsinə başlanılmışdı.
Qara Nuru kəndindən təxminən 40 kilometr uzaqda olan, yerli əhalinin "Moskva" adlandırdığı kanalın şlüzü üzərində 1903-cü il tarixi qeyd olunub. Kəndin yaxınlığında "Gümüş" adlı başqa bir kanal da var. Yerli əhalinin deməsinə görə onu bura köçürülənlər kişili-qadınlı bellə qazıblar və adamlara zəhmət haqqı olaraq gümüş pul ödənilib.
"Ulu babamın qəbri də buradadır"
Qara Nurunun belarus sakini, 1947-ci il təvəllüdlü Kovalçuk Raisa Fyodorovna bildirir ki, bu yerə onun əcdadları Ukraynadan köçürülüb: "Köçürmələr mərhələ ilə olub. İlk olaraq 30 ailə göndərilib. Onların arasında mənim babam, hətta babamın atası da olub. Ata-anam burada doğulub, bütün ömürlərini burada yaşayıb və burada da vəfat ediblər. Qohumlarımın əksəriyyəti sonradan Ukraynaya köçüblər. Bircə Donetskdə yaşayan xalamla əlaqəm var".
Raisa xanım kolxozun üzvü olduğunu, pambıq sahələrini alaq otlarından təmizlədiyini, məhsul topladığını, hətta bir müddət fermada işlədiyini də deyir: "O vaxt bizi evdə oturmağa qoymurdular, işlədirdilər. Amma yaxşı da təmin olunurduq. İndiki kimi nə varlı vardı, nə də acından ölən. Klubumuzda tez-tez kino, konsert verilirdi. Bizdən sonrakı vaxtlarda uşaqlar məktəbə avtobusla gedirdi".
Raisa xanımın iki oğlu var. Biri onunla qalır, digəri isə öz ailəsi ilə Bakıda yaşayır. İndiki dövrdə paytaxtdan bu ucqar yaşayış məntəqəsinə gəlib-getmək çətin olduğundan qarı nəvələrinin üzünü neçə vaxtdır görmədiyini və onlar üçün darıxdığını bildirir.
Onu bu yerlərə müharibə gətirib
Qara Nurunun ən maraqlı sakinlərindən biri Anatoliy Lapovdur. O, valideynlərinin kimliyini, dəqiq doğum tarixini, hətta hansı millətdən olduğunu bilmir. Bildiyi odur ki, 1941-ci ildə Donbasdakı kimsəsiz uşaqlar evində olarkən müharibə başlayıb və necə olubsa Saatlıya gəlib çıxıb.
"Deyilənə görə, Sarıcalar stansiyasına bir eşalon uşaq gətirilibmiş. Məni Krasnoselskidə yaşayan bir ailə övladlığa götürüb. Onlar mənə öz soyadlarını veriblər, ad qoyublar. Doğum tarixim baxışla təxmini olaraq 1936-cı il qeyd edilib. Amma az müddətdən sonra Lapovlar həbs olunduğundan başqa evə köçürüldüm" — deyir.
Anatoliy uzun müddət kolxozda, tikinti müəssisələrində işlədiyini, dülgərlik etdiyini deyir. 1957-ci ildə ailə qurub. 2 oğlu, 1 qızı var. Oğlanları öz ailələri ilə birgə Ukraynada yaşayır. Tək olmaması üçün qızı əri və uşaqları ilə birgə onun yanında qalır.
Köçürmələr
Kiçik istisna ilə türkdilli xalqların nümayəndələrinin də "qırmızı kənd"də məskunlaşması könüllü seçim olmayıb. Ötən əsrin ortalarınadək burada cəmi 6 müsəlman ailəsinin olduğu deyilir. 1949-cu ildə Ermənistandan deportasiya olunan onlarla azərbaycanlı ailəsi burada yerləşdirilib. 1953-cü ildə Sovet-İran sərhədinin dəqiqləşdirilməsi adı ilə Cəlilabad rayonunun Qaralı kəndindən olan təxminən 50 ailə bura köçürülüb. Stalinin ölümündən sonra sürgündə olan azərbaycanlılar və Ahıska türklərinin bir qrupu Orta Asiya respublikalarından bu kəndə gəlib. 1989-cu ildə baş verən Fərqanə hadisəsi nəticəsində daha 20 Ahıska ailəsi Krasnoselskə pənah gətirib.
"Gələnlər özləri ilə fərqli dil, yaxud dialekt, inanc, adət-ənənə, mədəniyyət gətirdiklərindən kənd olduqca zəngin və maraqlı olub. Böyük siyasətin qurbanı olan sadə insanlar, mehriban birgəyaşayışla acılarını unudub və özlərinə yaxşı şərait yaradıblar" — kənddə uzun illər Azərbaycan dili və ədəbiyyatı fənnini tədris etmiş, hazırda təqaüddə olan Xanəhməd Əzimov Sputnik Azərbaycan-a danışır.
"Koxoz üzvlərinə bal paylayıb, kənd məktəbi alimlər yetişdirib"
Müsahibimizin sözlərinə görə, həyat səviyyəsinə, əhalisinin güzəranına, həm də mədəniyyətinə görə, bu kənd Azərbaycanın əksər yaşayış məntəqələrindən öndə olub: "Kəndin tam orta təhsil verən məktəbi, uşaq bağçası, klubu, dəyirmanı, tibb məntəqəsi, apteki, hamamı, yerli radio qovşağı olub. Rayon partiya komitəsinin 1-ci katibinin kabineti çıraqla işıqlandırıldığı vaxtlarda, bu kəndin mərkəzi küçələrində elektrik lampaları yanırdı".
"Kənddə Leninin adını daşıyan varlı bir kolxoz yaradılmış, sonrakı vaxtlarda toxumçuluq sovxozuna çevrilmişdi. Pambıqçılara isti yemək verilir, uşaqlı qadınlara istirahət üçün daha yaxşı şərait yaradılırdı. Kolxoz öz üzvlərinə əmək haqqından savayı, taxıl, bostan-tərəvəz məhsulları, hətta bal paylayırdı" — müsahibimiz bildirir.
Xanəhməd müəllim bildirir ki, kənd məktəbində də təhsilin səviyyəsi çox yüksək olub: "Ötən əsrin ortalarından başlayaraq burada eyni vaxtda Azərbaycan və rus bölmələri fəaliyyət göstərib. Orta təhsillərini tamamlamaq üçün ətraf kəndlərdən də bu məktəbdə oxumağa gəlirdilər. Onların qalmağı üçün yataqxana tikilmişdi. Yaxşı təhsilin nəticəsi idi ki, bu məktəbin xeyli sayda məzunu keçmiş SSRİ üzrə ali məktəblərə qəbul edilib, alim kimi yetişənlər olub".
Şirin kişi Şura hökumətini seçib
Əsrin əvvəlində burada az sayda gözə dəyən azərbaycanlıları rusdillilər "persidskie tatarı" (İran tatarları) adlandırıblar. Onların bu kənddə məskunlaşmağı və "azərbaycanlı" kimi tanınmağı sovet hakimiyəti qurulandan sonrakı dövrə təsadüf edir.
"Bu kəndə gələn ilk müsəlmanlardan biri ana babam Şirin kişi olub. O, Cəlilabadda doğulub böyüyüb, ailə qurandan sonra Arazın o biri tərəfinə keçibmiş. 1924-cü ildə Şirin kişi, onun bir qohumu və daha 4 ailə bura köçüb. O vaxt insanlar seçim etməkdə çətinlik çəkib — vəziyyət nə Arazın o tayında yaxşı olub, nə də bu tərəfdə. Elə bu çaşqınlığa görə sərhəd möhkəmlənəndən sonra Arazboyu ərazilərdə yaşayan yaxın qohumlar bir-birindən ayrı düşüblər" — kəndin yaşlı sakinlərindən olan Bəhlul Vəliyev danışır.
Müsahibimizin sözlərinə görə, kəndə azərbaycanlıların sonrakı gəlişi kolxoz quruculuğu dövründə olub: "Məcburi köçürmələr öz yerində, bura müxtəlif səbəblərdən ölkənin çox yerindən — Qazaxdan, Tovuzdan, Şəmkirdən, Gəncədən gələnlər də var. Kənd o vaxt cəlbedici olub, buradakı vəziyyəti görən geri qayıtmaq istəməyib".
Bəhlul Vəliyev hazırda yaşadığı evi Qazaxstandan sürgündən qayıdandan sonra burada qısa müddət yaşamış bir azərbaycanlıdan alıb. Sonuncuya isə evi Ukraynaya köçən rusdilli ailə satıbmış: "Bu ev ötən əsrin 30-cu illərində tikilib. Dövrünün ən yaxşı tikililərindən hesab olunur. İndi bundan "əl damı" kimi istifadə edirik. Kənddə yaşı 100-dən çox olan evlər var, əksəriyyəti uçub-dağılmaqdadır".
Sürgünlükdən "sürgün kəndi"nə
Qara Nurunun bir qrup sakini "qazaxstanlılar" adlanır. Milliyətcə azərbaycanlı olan bu şəxslər 1960-cı ildən başlayaraq hissə-hissə Qazaxstandan bu kəndə gəliblər.
Bəhlul Sadıqov qazax diyarına necə gedib çıxmalarından danışır: "Babam və onun qardaşları tez-tez İrana gedib-gəldiklərindən 1939-cu ildə ailələri ilə Biləsuvarın Ağayrı kəndindən sürgün olunublar. Valideynlərim Qazaxstanın Cambul vilayətində ailə qurublar, mən də orada anadan olmuşam. Orta məktəbi bitirib 1969-cu ildə bu kəndə gəlmişəm. Babamgil isə sürgünlükdən 1961-ci ildə qayıdıb".
Bəhlul kişi deyir ki, Stalinin ölümündən sonra babası öz kəndlərinə qayıtmaq üçün çox yerə müraciət edib, Azərbaycana rəhbərlik etmiş Vəli Axundovun qəbulunda da olub. Lakin sovet rəhbərliyi onlara, sürgün olunduqları kəndə qayıtmağa icazə verməyib, ondan ən azı 60 kilometr uzaqda olan yaşayış məntəqəsini seçmək təklif olunub. Belə olduqda, Sadıqovlar Saatlının Krasnoselski kəndinə gəlməli olublar.
"Uşaqlarım burada anadan olub, böyüyüb, ailə qurublar, dördünün ayrıca evi var. Daha onları nə "biləsuvarlı", nə də "qazaxstanlı" hesab etmək olar. Sürgünlük həyatı yaşadığımdan pensiyamın üstünə 10 manat əlavə edilir" — deyir Bəhlul kişi.
Ahıska türklərinin Vətən həsrəti hələ də davam edir
Öz vətənlərindən kütləvi olaraq Orta Asiyaya sürgün olunan Ahıska türkləri də eynən "qazaxstanlılar"ın taleyini yaşayıblar — onlara da ata-baba yurdlarına qayıtmağa icazə verilməyib. Belə olduqda 1958-ci ildə türklər kiçik qruplarla Azərbaycana gəlib və məşğulluqlarını təmin etmək üçün daha çox Mil, Muğan düzlərində yerləşiblər.
Qara Nuru kəndində yaşayan Süleyman Feyzullayev deyir ki, 1959-cu ildə bu kəndə onun valideynləri də daxil bir neçə türk ailəsi köçüb: "Bizdən eşidəndə ki, yer yaxşı, camaat mehribandır, orada olan qohum və tanışlarımızın bəziləri gəldilər. Amma əsas axın Fərqanə hadisələrindən sonra oldu".
Başqa bir Ahıska türkü olan Meydan Eyyubovun ailəsi məhz son hadisə nəticəsində Özbəkistanı tərk edib: "On gün Rostovda qaldıq. Baxdıq ki, bizə uyğun yer deyil, gəldik bura. 2 ay ərzində Vətənə qayıdış məsələsini həll edəcəklərinə söz vermişdilər, üstündən 27 il keçir, hələ bir xəbər yoxdur".
Meydan kişi deyir ki, Fərqanə hadisələri nəticəsində Azərbaycana pənah gətirən qohumlarından bir neçəsi Xocalıda yerləşibmiş, onlar növbəti faciə yaşayaraq yaralı halda bu kəndə gəliblər. "Başımıza bütün bəlalar vətənsizlikdən gəlib" deyir ağsaqqal.
Təzə yolda köhnə "Alabaş"lar…
Qara Nurunun axarlı-baxarlı günləri gedib. Daha bu kənddə gül kolları azalıb, çoxillik ağaclar quruyub. Çox yerdə kolxozun köhnə, uçub-dağılmaqda olan tikililəri gözə dəyir. Yerli icra nümayəndəliyi, bələdiyyə, uşaq bağçası da sovetlərdən qalma, nimdaş görkəmli binalarda yerləşir.
Günün günorta çağı kənd daxilindəki ara küçələri başdan-başa gəzirsən, qarşına heç kəs çıxmır. Bəzi həyət qapılarının üzərinə "satılır" sözləri yazılıb. Yalnız kəndin mərkəzindəki çayxanalar səs-küylü olur — orta və yaşlı nəslin nümayəndələri yığışaraq burada nərd, domino oynayırlar. Böyük kəndlə bağlı son xəbərlər də buradan yayılır.
Adamlar, Nurunun dövründə olduğu kimi, dolanışıqlarını əsasən mal-qara saxlamaqla təmin edirlər. Bu, həm də xeyir və şər işlərini yola verməyə kömək edir. Pay torpaqlarında özləri və ev quşları üçün taxıl, heyvanları üçün yem bitkiləri əkirlər. Kəndin dəyirmanı dayanmaq bilmir, bir ucdan üyüdür…
Fəaliyyəti dayanmayan bir də kolxozun traktor parkındakı tornaçı sexidir. Köhnə dəzgahlarla müasir kənd təsərrüfatı texnikaları üçün detallar yonulur. Yaxşı ki, yenə bu qalıb, yoxsa camaat çox əziyyət çəkməli olardı.
Son vaxtlar hökumət, Nikolay və Brejnev dövründə olduğu kimi, pambıqçılığa önəm verdiyindən, bəzi sakinlər ötən ildən başlayaraq daha çox pambıq əkməyə girişiblər. Torpağını əkməyənlər onu pambıqçılara icarəyə verirlər. Kasıb ailədən olan yeniyetmə qızlar və gənc qadınlar böyük təsərrüfatlarda 5-6 manata günəmuzdçuluq edirlər.
Yüz ildən artıqdır ardıcıl iş aparılsa da, bu kənddə suvarma suyu ilə təminat hələ də öz həllini tapmayıb. Sakinlər bildirirlər ki, quraqlıq illərində zəhmətləri hədər gedir. Bir neçə yerdə bulaq kompleksi quraşdırılıb. Amma içməli su gündə iki dəfə verilir, üstəlik kəndin yuxarı hissəsinə gedib çıxmır. Borular başına dolandığından ümid var ki, yaxın vaxtlarda kəndə təbii qaz veriləcək.
Bir vaxtlar gecə yarısınadək diskotekaların, küçə rəqslərinin davam etdiyi kənddə, sonradan 4 məscid tikilib. Hazırda gündə üç dəfə "Azan" sədası eşidilir. Bura artıq ağır müsəlman kəndi olub. "Kubantsı", "Xaxlinskie", "Paçkay" küçələrini köhnə adamlar xatirlayırlar.
Kəndi rayon mərkəzi ilə birləşdirən yol asfatlanıb. Amma hələ də reysə, üzərinə "Krasnoselski" yazılmış köhnə "Alabaş" avtobuslar buraxılır. Elə sakinlərin də dilindən "Krassel" sözü düşmür. Binəva Nurunun nə o zaman bəxti gətirib, nə də indi. Bəxti olsaydı, "Qara" ləqəbi verilməzdi ki…