CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baharın gəlişini ən tez qeyd edən kənd

© Sputnik / Ilham MustafayevXıdır Nəbi bayramı günü qalanmış ocaq
Xıdır Nəbi bayramı günü qalanmış ocaq - Sputnik Azərbaycan
Abunə olmaq
Xıdır Nəbi bayramı ən qeyri-adi formada bu kənddə qeyd edilir

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 18 fev — Sputnik. Qədim tarixə malik olan, amma el arasında çox da geniş yayılmayan bayramlardan biri də Xıdır İlyas və ya Xıdır Nəbi adlandırılan mərasimdir. Bu bayram bir-birindən cüzi zaman fərqiylə Azərbaycanın bir sıra bölgələrində keçirilir.

Xıdır Nəbi, adətən təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi və sair təbii proseslərlə müşayiət edilir. Xalq arasında Xıdır Nəbi bir şəxsiyyət olaraq "su, külək və havanın himayəçisi" kimi qəbul edilir və Xızır Peyğəmbərlə eyniləşdirilir.

© Sputnik / Ilham MustafayevTovuzun Yuxarı Öysüzlü kəndində Xıdır Nəbi mərasimi
Tovuzun Yuxarı Öysüzlü kəndində Xıdır Nəbi mərasimi - Sputnik Azərbaycan
Tovuzun Yuxarı Öysüzlü kəndində Xıdır Nəbi mərasimi

Ta qədimdən xalq təqvimində qış fəsli iki əsas mərhələyə — 40 gün sürən böyük çilləyə və 20 günlük kiçik çilləyə bölünüb, sonrakı 30 gün isə boz ay adlanıb. Fevralın 1-də qış fəslinin ən soyuq günləri, qar-çovğunlu dövrü olan kiçik çillə başlayır. Kiçik çillənin ilk ongünlüyü başa çatdıqdan sonra isə xalq artıq yazın gəlişini, təbiətin yenidən oyanmasını qeyd etmək məqsədilə "Xıdır gecəsi", "Xıdır Nəbi" kimi adlandırdıqları bayramı keçirir.

Bu bayram Azərbaycanın bir çox bölgələrində keçirilsə də, onların heç biri Tovuz rayonunun Yuxarı Öysüzlü kəndindəki qədər qeyri-adi və fərqli formada olmur. Yuxarı Öysüzlüdə bayrama hazırlıq hələ 4-5 gün əvvəldən, bayramın əsas simvolu olan qovudun hazırlanması ilə başlayır.

Kənd ağbirçəklərindən Cəmilə Həsənova qovud hazırlamaq üçün müəyyən qədər buğda lazım olduğunu deyir. Buğda artlanıb təmizlənir və ocaqda tərs üzünə çevrilmiş sacın içində qovrulur. Qovrulduqdan sonra su dəyirmanına aparılaraq üyüdülür və un halına salınır. Dəyirmandan gətirildikdən sonra isə un bir daha ələkdən keçirilir.

Qovudu düzəltmək üçün şərbət hazırlanır, unla qarışdırılır və zövqdən asılı olaraq ona tut bəhməzi (doşab) əlavə edilərək yoğurulur və ovuc içi böyüklüyündə qovud kökələri hazırlanır. Hazırlanan qovud nəzir olaraq qohum-qonşuya, imkansız ailələrə, yol adamlarına paylanılır.

© Sputnik / Ilham MustafayevQovudun hazırlanması
Qovudun hazırlanması - Sputnik Azərbaycan
Qovudun hazırlanması

Bayram gecəsi evdə un və taxıl kisələrinin ağzı açıq qoyulur, inanclara görə Xıdır Nəbi hansı həyətdən öz azuqəsini götürərsə, həmin il o evin ruzi-bərəkəti də bol olar. Bundan başqa, evlər səliqə-səhmana salınır, həyət-baca təmizlənir. "Səliqəsiz evə Xıdır gəlməz" — deyir Cəmilə nənə.

© Sputnik / Ilham MustafayevKənd sakini Cəmilə nənə bayram hazırlıqları görərkən
Kənd sakini Cəmilə nənə bayram hazırlıqları görərkən - Sputnik Azərbaycan
Kənd sakini Cəmilə nənə bayram hazırlıqları görərkən

Öysüzlünün bayram adətini qeyri-adi edən amillərdən biri də bayram günlərində kənd sakinlərinin elliklə yığışaraq su, torpaq və alovun qovuşduğu məkana, inanc yeri olan "Ocaq çinarı"nın ətrafına toplaşmasıdır. Burada tonqallar, şamlar yandırılar, dilək tutular, şirniyyat, qovud paylanar, əl-ələ tutub ağacın başına dolanarlar. Bayram günlərində "Ocaq çinar"ın ziyarətinə rayonun digər kəndlərinin də sakinləri gəlirlər.

Xıdır Nəbi bayramından sonra yalançı, ardınca isə xəbərçi çərşənbə gəlir. Bu bayram tonqallar, lopalar yandırmaqla, qışın şaxtasının, soyuğunun odla, isti ilə gedəcəyinin, torpağın isinib oyanacağının işarəsidir.

Xəbər lenti
0