CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

400 ildir gələn sellər ondan heç nə qopara bilmir

© Wikipedia / AzermanQaxda Ulu körpü
Qaxda Ulu körpü - Sputnik Azərbaycan
Abunə olmaq
Məcid Mehrani: “Körpütikənləri onun altına yığıb ağır daşlar yüklənmiş arabaları körpünün üzərindən keçirirlər ki, körpü uçsa, altında qalsınlar”

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 25 mart — Sputnik. Qax əsrarəngiz təbiəti və orijinal xüsusiyyətlərə malik tarixi abidələri ilə zəngindir. Bunlardan biri də əsrlər keçməsinə baxmayaraq öz möhtəşəmliyini qoruyub saxlayan Ulu körpüdür. İlisu Sultanlığı müstəqil sultanlıq olandan sonra dağların bir-birinə ən yaxın olduğu ərazidə inşa edilib bu möhtəşəm tikili. 

Tarixçi Məcid Mehrani deyir ki, ola bilsin, insanlar bu körpü tikilənə qədər İlisu ərazisinə gəlmək üçün çaydan keçib gedirlərmiş. Sonralar bu körpüyə Ulu körpü adını veriblər. Ulu — “qoca”, “köhnə” mənasında işlənən sözdür. Bu körpünün aşağısı bişmiş kərpicdən tağvari tikilib. Deyilənə görə, körpünün tikintisində kirəclə yumurta sarısının qarışığından istifadə olunub. Ona görə də, bu tikili 400 ildir ki, hələ də yaxşı vəziyyətdə qalır. Hətta dəfələrlə bu körpünün üstündən sel suları axıb. Amma yenə də körpü öz möhkəmliyini qoruyub saxlayıb. 

Bürc qalası - Sputnik Azərbaycan
Şimal sərhədlərimiz belə qorunurdu - 1500 il əvvəl...

“Fikir verin ki, o dövrün bizim üçün primitiv, adi görünən texnologiyası nə qədər qüvvətlidir. Əsrlərdir selin gətirdiyi nəhəng daş, qaya parçalarının zərbələrinə tab gətirib” — deyə tarixçi bildirib. 

Mehrani körpünün möhkəm olmasını o dövrün insanlarının işlərinə vicdanla yanaşmaları ilə izah edib: “Əgər insanlar bütün sahələrdə və bütün dövrlərdə bu qədər saf və vicdanla işləsəydilər, nə qədər gözəl abidələrimiz indiyə qədər yaşaya bilərdi”.

Tarixçi onu da qeyd edib ki, Ulu körpü bura gələn turistlərə lazımi səviyyədə təqdim olunmazsa, bu, onlara adi bir tikili kimi görünə bilər: “Çünki onlar daha böyük və daha möhtəşəm körpülər görüblər. Ulu körpünün üzərində digər abidələrdən fərqli olaraq, tanıdılma tablosu yoxdu. Ona görə də burada yaşayan hər kəs bu abidənin tarixiliyinin fərqinə varmalıdır, onun haqqında məlumatlı olmalıdır ki, gələn turistlərə də bu abidənin mahiyyətini anlada bilsin”. 

Balakən rayonunun girişi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qədim yunanları valeh edən alban diyarı

Bəzi mənbələrə görə, haqqında danışdığımız abidə XVII-XVIII əsrlərə aiddir. Lakin Mehrani bu abidənin XVI əsrə aid olduğunu bildirdi: “Ulu körpü, deyilənə görə, təxminən 1555-ci ildən sonra, I Təhmasib tərəfindən İlisu Sultanlığı müstəqil olduqdan sonra qurulub. Rəvayətə görə, onu tikən ustaları bir gün həmin körpünün altına yığırlar ki, körpünün möhkəmliyi yoxlanılacaq. Ağır daşlar yüklənmiş arabaları körpünün üzərindən keçirirlər ki, körpü uçsa, qoy onların başına düşsün. Ağır daş yüklü arabalar körpünün üstündən keçsə də, heç nə baş vermir. Görürlər ki, həqiqətən də körpü möhkəmdir. Əsrlərdir bu körpü öz xalqına xidmət edir, möhkəmliyini qoruyub saxlayır”.

Xatırladaq ki, Ulu körpüyə paralel olaraq İlisunu Qaxbaş kəndi və Qax rayon mərkəzi ilə birləşdirən daha bir körpü 80-ci illərdə inşa edilib. Böyük maliyyə vəsaitinə başa gələn, min tonlarla sement, armatur və digər tikinti materialları ilə tikilən “Təzə körpü” dəfələrlə selə tab gətirməyərək uçub. Dövlət bir neçə dəfə onu əsaslı təmir etmək məcburiyyətində qalıb. Yerli əhali hər dəfə selə və onun gətirdiyi sal daşların zərbələrinə tab gətirməyərək zədələnən “Təzə körpü” haqqında deyir ki, “heç Ulu körpüyə baxıb xəcalət çəkmir”.

Xəbər lenti
0