Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 13 yan — Sputnik. Azərbaycanın şimal-qərb regionunun qapısı sayılan Balakən rayonu şimaldan Dağıstan, qərbdən Gürcüstanla həmsərhəddir. Dağlarla əhatə olunmuş əsrarəngiz gözəlliyə malik Balakənin ərazisindən Balakən və Katex çayları, Gürcüstanla sərhədindən isə Qanıx çayı axır ki, onlar da rayonun təbiətinə xüsusi gözəllik verir.
İnsanları kimi mülayim və gözəl olan Balakəndə olduqca maraqlı həyat tərzi var. Kənd təsərrüfatı rayonu olan Balakən, böyük ticarət obyektləri və XIX əsrin əvvəllərindən indiyə qədər mövcud olan geniş bazara malikdir. Gürcüstanla həmsərhəd olduğundan, qonşu ölkədən gətirilən məhsullar əvvəllər əsasən bu bazarda satılırmış. Sovet dövründə Balakən bazarının yeri dəyişdirilsə də, son illərdə bazar yenidən köhnə ünvanına qaytarılıb.
Bazarda satıcı işləyən Vahidov Əsədulla Abdülməcid oğlunun Sputnik-ə dediyinə görə, bu bazar artıq 18 ildir indiki ərazidə fəaliyyət göstərir: "Əvvəllər bazar başqa yerdə idi. Sonra buranın qədim tarixini nəzərə alaraq, bazarı bura köçürdülər. Bu bazarda öz yerli məhsullarımızla yanaşı, başqa rayonlardan gələn məhsullar da satışa çıxarılır. Əsasən Göyçay və Ağdaş rayonlarından bura mal gəlir. Əvvəllər köhnə bazara Gürcüstandan da mallar gətirilirdi və burda satılırdı. Amma indi heç bir xarici ölkədən mal gətirməyə icazə verilmir".
Bu bazarda insanların diqqətini ən çox cəlb edən məhsul ekoloji cəhətdən təmiz və şəffaf suya malik olan Balakən çayından tutulmuş diri balıqlardır. Satıcı Sabir Əliyevin dediyinə görə, bu bazarda satılan diri balıqlar Mahamalar kəndindən keçən Balakən çayından tutulur. Burada iki növ balıq satılır: belamor və xan balığı.
Sənaye məhsulları ilə yanaşı kənd təsərrüfatı məhsulları da bazarda müxtəlif çeşidlərdə satılır. Xüsusən yerli məhsullara üstünlük verilir. Balakənlilərin qədimdən bu yana nəsildən-nəsilə keçən məşğuliyyəti xurma, alma və s. meyvələrin qurudularaq satılmasıdır. Burada meyvə qurularına ilin bütün fəsillərində rast gəlmək olar.
İnsan orqanizmi üçün olduqca faydalı meyvə qurularının satışı ilə məşğul olan Rəfiqə Zeydullayeva deyir ki, bu bazarda ən çox satılan məhsullar xurma və alma qurusudur: "Bu məhsulların başqa rayonlardan gələn alıcıları daha çoxdur. Alıcıları ən çox maraqlandıran sual da xurmanın qurudulma qaydasıdır. Qurudulma qaydası çox sadədir. Öncə xurmanı ağacdan dərirlər, sonra onun qabığını soyurlar. Saplaqlarını iplə bağlayırlar və eyvandan asırlar. Açıq havada həm tez quruyur, həm də meyvənin tərkibindəki vitaminlər və digər faydalı maddələr sıradan çıxmır".
Antik yunan coğrafiyaçısı Strabon qədim Balakən ərazisini "Məbədlər diyarı" adlandırıb. Müəyyən dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan əşyalar, bu günə kimi qalmış bəzi tikinti abidələri və kurqanlar Balakənin qədim yaşayış məskəni olduğunu deməyə əsas verir.
Yazılı qaynaqların verdiyi məlumatlara görə, Balakən Qədim Albaniya dövlətinin ərazisinə daxil olub. Eramızdan əvvəl 65-ci ildə Roma və alban qoşunları arasında Alazan (Qanıx) çayı sahilində baş verən döyüşdə iştirak edən qədim yunan tarixçisi Plutarx yazırdı ki, bu yerlərin əhalisi sakit təbiətli, məğrur, döyüşdə cəsarətli və cəsurdur. Bu gün də işlədilən Hetovlar (Hetləri xatırladan), Hunbulçay (Hunları xatırladan), inqiloylar (Qerləri xatırladan) və s. toponimlərin tədqiqi sübut edir ki, ən qədim zamanlardan başlayaraq türkdilli tayfalar bu bölgənin daimi sakinləri olublar.
XI əsrə qədər bu bölgə Qədim Qafqaz Albaniyasının şimal-qərbində yaşayan türklərin, inqiloyların və avarların əcdadları hesab olunan lek, ipin və s. tayfaların məskəni olub. Bu ərazi bol təbii sərvətlərə, münbit torpaqlara malik olduğuna və geostrateji baxımdan mühüm əhəmiyyət kəsb etdiyinə görə həmişə xarici qüvvələrin, yad dövlətlərin maraq dairəsində olub, ayrı-ayrı vaxtlarda mübarizə və müharibə meydanına çevrilib.
Eyni zamanda, bu ərazi həmişə qəsbkarlara qarşı sipər rolunu oynayıb, işğalçıların Azərbaycanın içərisinə doğru irəliləməsi zamanı ilk zərbəni də çox vaxt, məhz buranın yerli sakinləri alıblar…