BAKI, 25 mart-Sputnik. Amerikalı alimlər sistemli olaraq qəbul edildikdə impotensiyaya səbəb olan dərmanları müəyyən ediblər.
Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, keçəlləşməyə və prostata qarşı qəbul edilən dərmanlar ciddi xəstəliyə gətirib çıxarır. Bu dərmanları qəbul edənlər daha çox erektil disfunksiya problemi ilə üz-üzə qalırlar.
ABŞ alimləri 21 il (1992-2013) ərzində apardıqları tədqiqatlar nəticəsində ilginc məlumatlar əldə edə biliblər. Onların tədqiqat obyekti 16-89 yaş arasında olan 12 min kişi olub.
İştirakçılar müxtəlif vaxtlarda başın tük örtüyünün bərpası ilə bağlı dərmanlar qəbul ediblər.
Keçəlliyə qarşı dərman qəbul edən 42 yaşa qədər olan kişilər arasında erektil disfunksiyaya 5 dəfə çox rast gəlinib. Onlar cinsi istəklərinin nəzərəçarpacaq dərəcədə aşağı düşdüyünü qeyd ediblər. Bu isə sözügedən dərmanların artıq dozada qəbulu ilə yox, daha çox davamlı qəbulu ilə bağlıdır. Baxmayaraq ki, həmin dərmanların içlik vərəqində doza həddinin aşılması zamanı erektil disfunksiyaya rast gəlinə biləcəyi qeyd olunur. Amma onun bir neçə dəfə qəbulunun törədəcəyi fəsadlar barədə heç nə yazılmır.
Bu dərmanları qısa müddət ərzində qəbul edən kişilərdə “zərərli” effekt müşahidə edilmir. Amma qeyd etmək lazımdır ki, həmin dərmanların qəbulunu dayandırdıqdan 3 il sonra ereksiya tam bərpa olunur.
Analoji vəziyyət prostatların normallaşdırılması ilə bağlı həblərin qəbulu zamanı da müşahidə olunur.
Ekspertlər xəbərdar edirlər ki, bu istiqamətdə ən ziyanlı preparatlar tərkibində finasterid və dutasterid olan dərman vasitələridir.
Əvvəllər türk alimləri müəyyən etmişdilər ki, impotensiyanın yaranma səbəblərini genetik səviyyədə araşdırmaq lazımdır. Araşdırmalar göstərir ki, birinci qan qrupuna (0) malik insanlar sözügedən problemlə daha tez-tez rastlaşırlar.