BAKI, 24 mart — Sputnik. Suriyada yaxın vaxtlarda "ləng müharibə" variantı ilə rastlaşacağıq. Bu barədə Sputnik Azərbaycan-a hərbi politoloq, Plexanov adına Rusiya İqtisadi universitetinin Politologiya və sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev bildirib.
Onun sözlərinə görə, Suriyada terrorçular güman ki, öz taktikalarını dəyişəcəklər və Suriya hökumətinin nəzarətində olan ərazilərdə terror aktlarının həyata keçirilməsinə üstünlük verəcəklər.
"Yəni, artıq silahlılar hərbi fəaliyyətdən terror fəaliyyətinə keçəcəklər. Bu məsələdə həlledici rolda İŞİD və "Cəbhət ən-Nüsra" olacaqlar" — ekspert deyib.
Hərbi analitik qeyd edib ki, Suriyanın Raqqa şəhəri rayonunda vəziyyətin gərginləşəcəyini gözləmək olar, lakin bu şəhərin tamamilə azad olunacağından danışmaq hələ tezdir.
Politoloq xatırladıb ki, amerikalılar həmişə bu şəhərin azad olunmasını planlaşdırırlar, lakin nəyə görəsə bunu başqalarının, məsələn, türklər və kürdlərin əli ilə etməyə ümid edirlər. Hələlik onlar buna nail ola bilmirlər.
Sputnik-in həmsöhbəti eyni proseslərin Mosul ətrafında da baş verdiyini bildirib.
Perenciyevin sözlərinə görə, ümumiyyətlə Suriya məsələsində hər hansı irəliləyişlərin olacağını gözləmək lazım deyil. Mübarizə indidən sonra yalnız şiddətlənəcək.
"Lakin indi terrorçu qrupların müqaviməti nəinki artacaq, həm də Suriya qoşunlarının nəzarəti altında olan əraziyə keçəcək. Söhbət təxribat-terror xarakterli hərəkətlərdən gedir" — o bildirib.
Hərbi analitik qeyd edib ki, indi arxa cəbhədə asayişə nəzarət etmək lazım gələcək: "Terrorçular isə kölgəyə çəkilməyə üstünlük verəcəklər, bu isə təbii olaraq vəziyyəti mürəkkəbləşdirəcək".