BAKI, 15 mart-Sputnik. Dünya şöhrətli "Formula 1" pilotu Devid Kulthard 23-25 iyun tarixlərində Bakıda ikinci dəfə keçiriləcək Qran Pri yarışına hazırlıqların görüldüyü ərəfədə ölkəyə səfər edərək "Formula 1"in ən yeni treki Bakı Şəhər Halqası ilə yaxından tanış olub.
Sputnik Azərbaycan xəbər verir ki, Devid Kulthard Bakı səfərinin ilk saatlarında yarışın keçiriləcəyi trek boyunca gəzərək ötən ilin yayında baş tutmuş birinci yarışda Bakı Şəhər Halqasının pilotlar üçün çətin mübarizəyə səbəb olan yerlərinə nəzər salıb. "Formula 1" yarışının Bakının mərkəzi küçələrinə yenidən qayıdışına üç aydan bir qədər çox müddətin qaldığı ərəfədə və həmçinin mövsümün ilk yarışı olan Avstraliya Qran Prisindən bir həftə öncə baş tutan bu trek gəzintisi Devid Kultharda ötən ilin ən sürətli şəhər trekində yaşanmış möhtəşəm anları xatırladıb və o, bu ilin yayında keçiriləcək növbəti yarış üçün Bakı Şəhər Halqasında görülən hazırlıq işlərində böyük irəliləyişin olduğunu bildirib.
Williams, McLaren və Red Bull komandalarında çıxış etmiş Devid Kulthard səhər saatlarında trekə keçirilmiş baxış zamanı Bakıda baş tutan "Formula 1" yarışını fərqləndirən əsas məqamları nəzərdən keçirib. Dünya şöhrətli pilot trekin İçərişəhər divarları boyunca uzanan və 8-11-ci döngələri əhatə edən 7,6 metrlik dar, yoxuşlu və dolanbaclı hissəsi ilə yaxından tanış olub. O həmçinin trekin Qız Qalasının qarşısından keçən hissəsinə — 18-ci döngəyə və eyni zamanda trekin iki istiqamətli hissəsinə də baxış keçirib. Sonda Devid Kulthard trekin möhtəşəm mənzərəyə sahib dənizkənarı bulvar boyunca uzanan sürətlənmə hissəsində də olub.
Onu da qeyd edək ki, ötən il Williams komandasının pilotu Valtteri Bottas bu hissədə rəsmi göstəriciyə əsasən 366 km/saat sürətlə hərəkət edərək Bakı Şəhər Halqasına ən sürətli şəhər treki ünvanını qazandırmışdı, qeyri-rəsmi rəqəmlərə görə isə bu sürət həddi 378 km/saat təşkil etmişdi.
Trek gəzintisindən dərhal sonra keçirilmiş mətbuat konfransında Devid Kulthard Bakıya növbəti səfərindən olduqca məmnun qaldığını bildirib: “2017 "Formula 1 Azərbaycan Qran Prisi" öncəsində Bakıya dəvət olunmağım mənim üçün böyük şərəfdir. Bakıya gəldiyim andan etibarən gördüyüm qonaqpərvərlik olduqca möhtəşəm idi və bu, ötən il Bakıda birinci dəfə keçirilmiş "Formula 1" yarışı ərəfəsində bura etdiyim səfər zamanı yaranmış ilkin təəssüratlarımı bir daha təsdiqlədi. Həqiqətən də Bakı sahib olduğu tarixi və müasir gözəllikləri və həmçinin özündə daşıdığı şərq və qərb mədəniyyətinin izləri baxımından ziyarət olunacaq möhtəşəm şəhərdir. Mən tam əminəm ki, bu ilin yayında burada baş tutacaq növbəti "Formula 1" yarışı ötən ildəkindən daha maraqlı olacaq. Xüsusən trekin dar hissələri 2017-ci ilin enli təkərli bolidləri üçün daha çox çətinlik yaradacaq və nəticədə bu il biz daha gərgin mübarizəyə şahid olacağıq. Mən həqiqətən də bu yay yenidən Bakıya qayıtmağı səbirsizliklə gözləyirəm”.