BAKI, 15 mart — Sputnik. Paytaxtın Yasamal rayonu Əhməd Cəmil küçəsində 25, 27, 29 saylı binaların sakinləri Bakı Şəhər Yaşıllaşdırma İdarəsindən (BŞYİ) şikayətçidirlər. Sakinlər bildirirlər ki, bu günlərdə sözügedən idarənin nümayəndələri ərazidəki ağacların əvvəlcə qol-budağını budayıb, aradan bir gün keçəndən sonra isə onları kökündən kəsiblər. Artıq ərazidə onlarla belə ağac kəsilib.
Ötən gün Sputnik Azərbaycan-ın əməkdaşı sözügedən ərazidə olub və sakinlərlə görüşüb. Sakinlərin sözlərinə görə, ərazidə 250-dən çox ailə yaşayır və ağacları da onlar özləri əkib.
Bina sakini Sabir Əhmədov bildirir ki, ərazidə ağacların "soyqırımı" artıq 3-4 gündür davam edir: "Günortalar cavanlaşdırmaq adıyla budanan ağaclar axşamlar səssizcə kəsilərək aparılır. Gətirib burada bina tikmək istəyirlər. Binaların qarşısında olan su anbarı binanı su ilə təmin edir. Həm də binalar tikilən zaman su anbarı da tikilib ki, hər hansı yanğın hadisəsi zamanı buradan su götürə bilsinlər. İndi bu anbarı da götürürlər".
S. Əhmədov qeyd edir ki, ərazidə olan fin tipli evlər söküləcək və 4 ədəd yeni çoxmərtəbəli bina tikiləcək: "Binanın o biri tərəfi məktəbdir. Sökürlərsə, burada park salsınlar. Təsəvvür edin, gəlib ağacların qol-budağını kəsirlər. Soruşuruq, deyirlər ki, "cavanlaşdırma işləri aparılır". Cavanlaşdırmaq üçün edirlərsə, bu biri ağacları niyə kəsmirlər?"
"Bunların məqsədi başqadır. Burada bir ağac var idi, 9 mərtəbə hündürlüyündə idi. Bəlkə də 300-dən çox yaşı olardı. Bir gecədə gəlib onu da kəsdilər. Kəsilən digər ağaclar 4-5 mərtəbə hündürlüyünə qalxmışdı" — narazı sakin bildirir.
S. Əhmədov daha sonra diqqətə çatdırır: "Mən özüm mühəndisəm. Bu binaları tikəndə insalyasiya — günəş işığı hesabatı nəzərə alınır. Əgər gətirib bu ərazidə yeni binalar tiksələr, bizim mənzillər günəş işığı görməyəcək. Bizə yalan danışırlar. Qonşu həyətdə gözəl ağaclar var idi. Bir gecənin içində kəsdilər hamısını. Olmaz axı belə, sənin tikdiyin bina günəş işığının qarşısını, insanların balkonun qarşısını kəsir".
Bina sakini Almaz Ələkbərova da ağacların kəsilməsindən narazıdır. Deyir ki, ərazidə olan 3 binanın uşaqları bu həyətdə oynayır, sakinlər burada istirahət edirlər: "Bir balaca yerdir, burada nə tikəcəklər axı? Bəs biz necə nəfəs alacağıq? Bir vaxtlar deyirdilər ki, bura "uşaq şəhərciyi" olacaq. İnanın ki, həyətdə maşın saxlamaq üçün dava gedir. Maşınlarını ağacların altında saxlayırdılar. Uşaqlarımız üçün oynamağa yer yoxdur. 3 binadır və bu binaların uşaqlar üçün oynamağa həyəti yoxdur".
Digər bina sakini Vilayət Xəlilov qeyd edir ki, binalar arasında müəyyən məsafə olmalıdır: "Onsuz da bizim yaşadığımız binalarda bu məsafə yoxdur. Evlərin içi görünür. Hər binanın yarısı qədər ara məsafə olmalıdır. Yeni bina tiksələr, durum ümumiyyətlə dözülməz olacaq".
"Bu ağaclar sakinlər tərəfindən əkilib, suvarılıb, becərilib. Həmin ağacları bir gündə kəsmək nə deməkdir?! Həm də açıqlama vermədən" — V. Xəlilov əlavə edir.
Həsən Quliyev 1988-ci ildən bu ərazidə yaşadığını diqqətə çatdırır: "Bu həyətdə heç vaxt abadlıq olmayıb. İndi də deyirlər ki, 22 mərtəbəli bina tikilir. İndi təsəvvür edin ki, bizim halımız necə olacaq… 250 ailə biz, 250 ailə də yeni tikilən binanın sakinləri: sizcə, bu ərazidə o qədər insan yaşaya bilərmi?"
Digər binanın sakini İsmayıl Məmmədovun sözlərinə görə, iki binanın arasında cəmi 55 metr məsafə var: "Bu ara məsafə imkan vermir ki, ərazidə başqa bir bina tikilsin. Əgər burada başqa bina tikilsə, sakinlər üçün böyük problemlər yaranacaq. Tikinti qaydalarına görə, hazır binanın yanında bina tikilirsə, arada binanın hündürlüyündən 20 metr artıq məsafə saxanılmalıdır".
"Binalar tikiləndə bizə bildirilmişdi ki, həyətdə uşaqlar üçün oyun yeri olacaq, abadlıq işləri aparılacaq. Bu məsələ it-bat oldu. İndi aradan 30 il keçib, deyirlər, həmin yerdə bina tikiləcək" — İ. Məmmədov narazılıq edir.
Sakinlərin bildirdiklərinə görə, yaxınlıqdakı ərazidə "Elit City" tikinti şirkəti tərəfindən yeni bina inşa edilir. Bu baxımdan, hesab edirlər ki, bu həyətdə də tikiləcək bina həmin podratçı şirkət tərəfindən tikiləcək. Vətəndaşlar qeyd edirlər ki, ağaclar kəsiləndən sonra kötüklərinin üzərinə torpaq tökülərək, gizlədilməyə çalışılır.
Diqqətə çatdıraq ki, ərazidə 1000 nəfərdən çox sakin yaşayır. Onlar ərazidə məhv edilən ağacların əvəzinə yaşıllığın salınmasını tələb edirlər: "Bizim səsimizi aidiyyəti qurumlara çatdırın. Onlara özümüz də müraciət edəcəyik".
Əlavə edək ki, sözügedən ərazidə — Zahid Xəlilov küçəsində qəzalı vəziyyətdə olan 3 fin tipli fərdi ev var. Ərazidə 1988-ci ildə çoxmərtəbəli yaşayış binaları tikiləndə, həmin evlər qəzalı vəziyyətdə olduğu üçün sökülməli idi.
"O fin evlərində yaşayış da olmayıb. Həmin evlərə sakinlər sonradan köçüb və hansısa yolla qeydiyyata düşüblər. Biz demirik ki, onlara ev verilməsin. Binalar sökülsün, onlara da ev verilsin. Ancaq bizim havamızı kəsmək hesabına yox. Bizim uşaqlarımız var, yazıqdırlar, onların oynamağa, nəfəs almağa yerləri yoxdur. İç-içə bina olmaz" — söhbətləşdiyimiz sakinlər vurğulayırlar.
Sakinlər yaxın günlərdə Yasamal Rayon İcra Hakimiyyətinə və digər aidiyyəti qurumlara ağacların "soyqırımı" ilə bağlı etiraz məktubu ünvanlayacaqlar.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizə Departamentinin sektor müdiri Raqub Mirzəyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ETSN Dövlət Ekspertiza İdarəsi tərəfindən həmin ərazidə qəzalı vəziyyətdə olan bir qisim ağacların kəsilməsinə, bir qismin budanmasına və bir qisminin kənar ərazilərə köçürülməsinə qərara verilib.
"Belə ki, orada bir ədəd söyüd ağacı və binanın təməlinə yeriyərək binanın təməlini zədələyən iki ədəd tut ağacının, ətrafda yeni ağaclar əkilməsi şərtilə götürülməsinə, sonra binanın üzərinə əyilərək, dam örtüyünü zədələyən 4 ədəd tut ağacının, hündürgövdəli bir ədəd qovaq ağacının təhlükəsiz şəkildə budanmasına, sonra binanın qarşısında olan və binanın su təminatını həyata keçirən qapalı su hovuzunun divarlarına zədə vuran, eyni zamanda gövdələri və kök boğazından zədələnmiş qəzalı vəziyyətdə olan 3 ədəd qovaq ağacının, o cümlədən kök hissəsi qurumuş bir ədəd söyüd, bir ədəd göyüş ağacının götürülməsinə, hovuzdan çıxan borunun üzərinə əyilən iki ədəd tut ağacının və digər divardan inkişaf edərək, kök zolağı hovuzun yan divarına təsir edən 3 ədəd ərik ağacının budanaraq kənara köçürülməsinə icazə verilib" — nazirlik rəsmisi bildirib.
R. Mirzəyev əlavə edib ki, kəsilən ağacların yerinə yeni ağaclar əkilməlidir: "Ərazidə qanunsuz ağac kəsintisi faktı yoxdur. Ərazidə su hovuzuna və binalara təhlükə törədən ağaclar götürülüb. Mütəxəssislər tərəfindən baxış keçirilib və qanunsuz ağac kəsintisə rast gəlinməyib. Ərazi nazirin nəzarətindədir".