BAKI, 19 avq — Sputnik. Paytaxtın ən uzun küçələrindən olan Abbas Mirzə Şərifzadə küçəsinin "İnşaatçılar" metrostansiyasının yanından keçən hissəsi üfunət qoxuyur. Buna səbəb əraziyə səpələnən zir-zibil və küçənin kənarındakı zibil yeşiklərinin aşıb-daşması ilə bağlıdır.
Həmin ərazidə yerləşən obyektlərdən və meyvə-tərəvəz bazarından atılan zibillər maşınların gediş-gəlişinə də ciddi əngəl törədir. Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin yol kənarına qoyduğu yeşiklər isə gündəlik tələbatı qarşılaya bilmir.
Vətəndaşların Sputnik-ə ünvanladıqları şikayətlər əsasında aidiyyəti orqanla — Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 32 saylı İstismar Sahəsi ilə (MKİS) əlaqə saxladıq. Sahənin Zeynal adlı müdiri yerində olmadığından, suallarımıza onun, adını açıqlamayan köməkçisi cavab verib.
"Sizin dediyiniz ərazidə uzun müddətdir bu problem yaşanır. Oranı o vəziyyətə salanlar yol boyu obyekt işlədənlərdir. Zibili lazım olan yerə, yəni yeşiyə yox, yerə atırlar. Bizim idarənin heç bir günahı yoxdur", — MKİS yetkinlisi bildirib.
Onun sözlərinə görə, zibil maşınları vaxtı-vaxtında gedib oradan zibili yığır: "Biz yaxın vaxtlarda həmin obyektlərlə bağlı aidiyyəti dövlət orqanına şikayət məktubu yazacağıq".
Ərazidə apardığımız müşahidələr zamanı sanitar qaydalara riayət olunmadığının da şahidi olduq. 32 saylı MKİS-dən deyilənləri ərazidə park edilmiş avtomobillərin gözətçisi də təsdiq edib. Kamran adlı gözətçi magistral yolun zibillənməsində əsas təqsirkarların obyekt işçiləri olduğunu deyib. Bununla belə, zibil yığanların da hərdən yeşikləri kobud formada sındırdığını, bu səbəblə də yerə zibil aşdığını söyləyib.