BAKI, 13 mart — Sputnik. Avropa İttifaqının (Aİ) lokomotivi, 2016-ci ilin ixracat çempionu olan Almaniya, başda iqtisadiyyat olmaqla, bir çox sahələrdə inkişaf etmiş güclü bir ölkədir. Türkiyə ilə keçmişə söykənən və tarixi yaxınlığı olan strateji bir müttəfiqidir. Birinci və ikinci dünya müharibələrindən sonra bir çox şəhərlərində daş üstündə daş qalmayıb, yardıma ən çox ehtiyac duyduğu zaman da Anadolu insanı gəlib, dağınıq və xaraba qalmış Almaniyanın inkişafında gecə-gündüz demədən çalışaraq alın təri töküb.
1961-ci ildə imzalanan "Türk işgüzarlıq müqaviləsi" ilə ilk rəsmi əmək miqrasiyası başlayıb, hazırda isə türklərin sayı 3.5 milyona çatıb. Bu insanların böyük əksəriyyəti Almaniyanı ikinci vətəni olaraq qəbul etməkdədir. İlk zamanlar gələnlərin sağlamlığına və iş qabiliyyətinə önəm verən alman dövləti, zamanla iqtisadiyyatı düzələndən sonra ideoloji meyarlara daha çox diqqət ayırmağa başladı.
Türkiyədən gedib Almaniyaya yerləşən erməni, yezidi, süryani kimi inanc sahibləri və fərqli etnik qruplar cəmiyyətdə hər zaman asanlıqla qəbul edildilər. Xüsusilə PKK-lılar, son vaxtlar isə xain FETÖ üzvləri Almaniyada asanlıqla özlərinə yer tapa bilirlər. Qısası, Türkiyə dövlətinə zərər verə biləcək qurumlar və terror qrupları Almaniyada hər zaman xoş qarşılandılar.
Almaniyanın PKK-nı rəsmi olaraq terror təşkilatı kimi tanımasına baxmayaraq, praktikada bu, belə deyil. PKK bu ölkədə digər qeyri-hökumət təşkilatlarından daha çox azadlığa malikdir. Təşkilat faktiki olaraq hər cür qanunsuz iş görür, istədiyi yerdən istədiyi xəracı toplayır, qonorar alır. Gündəlik çıxarılan qəzetləri, bir çox internet saytları qeyri-rəsmi olaraq yayımlanır.
Müxtəlif adlar altında qurduqları dərnəklər kütlələrə səslənir. Berlin, Hamburq, Köln kimi böyük şəhər mərkəzlərinin əsas meydanlarında müxtəlif vaxtlarda mitinq və nümayişlər keçirə bilirlər. Həmçinin 15 iyul hərbi çevrilişə cəhddə əli olan FETÖ üzvləri də Almaniyanın qanadları altına girmiş vəziyyətdədir. Maraqlıdır ki, İŞİD terrorçularına heç bir şans tanımayan, dözümlülük göstərməyən Almaniya, məsələ Türkiyə və Türkiyənin bütövlüyü olan zaman, ölkəmizin birliyinə qəsd edən PKK, FETÖ, DHKP-C, sol və kommunist qruplara özündə geniş sığınacaqlar verir.
Saydığımız bu terror qruplarının hamısının Almaniyanı seçmələri bir təsadüf ola bilərmi? Almaniyada yaşayan 4500 nəfərdən çox PKK mənsubu var ki, Türkiyə rəsmi olaraq həmin şəxslərin verilməsini istəyib. Lakin Almaniya onlardan cəmi 3-nü Türkiyəyə təhvil verib. Sizcə, bu cür hüquq dövləti ola bilərmi? Bunu necə açıqlamaq olar?
Almaniyanın liderliyindəki Avropa İttifaqı, genişlənməsini Türkiyə ilə deyil, terror təşkilatları ilə birgəmi etmək istəyir? Bu, çox düşündürücüdür. Avropa İttifaqının üzvlük üçün Ankaranın qarşısında irəli sürdüyü tələbləri Aİ özü pozur.
Almaniya anti-Türkiyə siyasəti ilə Avropa dəyərlərini tapdaladığı kimi, prezident Ərdoğana düşmənçiliyi ilə də kütlələri səfərbər edir. Həmçinin də qarşıdakı referendumda səsvermə haqları olan təxminən 1.5 milyon Türkiyə vətəndaşına xitab etmək üçün bu ölkəyə gələn türk rəsmilərin mitinqlərini ləğv edir, onların öz soydaşları ilə görüşünə icazə vermir.
Bu cür davranmaqla ölkəsində yaşayan milyonlarla türkü sanki yox sayır, azadlıqlarını məhdudlaşdırır. Türkiyə Diyanətinə bağlı məscidlərdə imamlıq edən müəllimləri casusluqda ittiham edir, evlərinə basqınlar təşkil edir. Bir çox türkün evləri atəşə verilir, cinayətkarlar tapılmır. Baş verən hadisələrin çox azı cəmiyyətə açıqlanır, sonra dərhal ört-basdır edilir. Türkləri hədəf alan yeni nəsil nasist cinayətləri heç cür aydınlaşılmır. Bütün bu yaşanan hadisələr Almaniyada Türk və Türkiyə problemi olduğunu göstərir.
Və bu vəziyyət orada yaşayan həmyerlilərimizin Almaniyaya olan bağlılıqlarını da zədələyir. Türkiyənin öz bölgəsində inkişaf etmiş iqtisadiyyata sahib olmasını həzm edə bilməyən, bunu Avropa İttifaqının gələcəyinə təhlükə olaraq görən, türk hökumətinin bölgəsində tətbiq etdiyi siyasəti Osmanlının yenidən canlanması və dirilməsi olaraq qəbul edən Almaniya, bu narahatlıq və qorxu ilə sağlam qərarlar verə bilmir.
Almaniyanın terrora yanaşması da, baxışı da çox fərqlidir. Öz torpaqlarında terror törədənləri terrorçu olaraq görən Berlin hökuməti, Türkiyə kimi rəqib gördüyü ölkələrdə olan terrorçuları azadlıq döyüşçüsü, haqlarını tələb edən məzlum seqment olaraq xarakterizə edir.
Türkiyə-Almaniya dostluğuna sadəcə Türkiyənin ehtiyacı yoxdur. Bu, çox yaxşı bilinməlidir ki, İslam ölkələri ilə möhkəm bir bağ qurmağın, enerji dəhlizlərinə yaxın olmağın və Avropanın təhlükəsizliyini təmin etməyin yolu Türkiyə ilə yaxınlıqdan keçər.