BAKI, 6 mart — Sputnik. Fransanın gözəl guşələrindən biri olan Akiten regionunun Arkaşon şəhərinin meriyası və Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyinin və Parisdə Azərbaycan Evinin dəstəyi ilə Arkaşonda Novruz bayramına həsr edilmiş "Azərbaycan günləri" çərçivəsində silsilə tədbirlər keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycanın Dostları Assosiasiyasından məlumat verilib.
Tədbirlər Arkaşon şəhərinin meri Iv Fulon ilə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, Azərbaycanın Dostları Assosiasiyasının Prezidenti, Fransa parlamentinin üzvü, Jan-Fransua Manselin və Paris Azərbycan Evinin rəhbəri, Azərbaycanın Dostları Assosiyasiyasınin baş katibi Mirvari Fətəliyevanın rəsmi görüşü ilə başlayıb.
Şəhərin Konqreslər Sarayında səfir E. Əmirbəyov "Azərbaycan: ənənələr və müasirlik ölkəsi" adlı konfrans təşkil edib.
Azərbaycan mədəniyyətinə, tarixinə, turizminə həsr edilmiş qısametrajlı filmin nümayişi ilə başlayan konfransda 300-dən artıq şəhər sakini və bələdiyyə nümayəndələri iştirak ediblər.
Azərbaycanın tarixi, müstəqilliyi, siyasi iqtisadi uğurları, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Cənubi Qafqaz regionunda ölkənin rolu, Fransa-Azərbaycan münasibətləri mövzusuna toxunan səfir iştirakçıların suallarını cavablandırıb.
Konfransdan dərhal sonra Bakı Media Mərkəzinin istehsal etdiyi 1919-cu ildə Paris Sulh konfransına göndərilmiş Azərbaycan nümayəndə heyətinin keşməkeşli taleyi barədə sənədli film nümayiş etdirilib.
Film tamaşaçılar tərəfindən çox böyük maraqla qarşılanıb.
Daha sonra şəhərin Olimpiya teatrında Novruz bayramina, Baki şəhərinin qədim və müasir abidələrinə və Azərbaycanın təbiətinə həsr edilmiş rəsm və foto sərgisi təşkil olunub. Sərginin acilişında I. Fulon, J.F Mansel, səfir E.Əmirbəyov çıxış ediblər.
I.Fulon öz çıxışında Azərbaycana 2015-ci ildəki ilk səfərindən bəhs edib və bu səfərin onda Azərbaycan haqqında böyük təəssürat yaratdığını bildirib. O Arkaşonda 1 ay davam edəcək Azərbaycan günlərinin təşkilinin şəhər sakinlərinə ölkənin mədəniyyəti haqqında dolğun məlumat verəcəyini qeyd edib.
J.F Mansel Azərbaycanın təbliği ilə bağlı rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat verib və həyata keçirilən tədbirlərin Azərbaycanın zəngin mədəniyyəti və tarixinin tanıdılması üçün böyük bir vasitə olduğunu qeyd edib.
O tolerantlığın, multikulturalizmin beşiyi Azərbaycanı Fransada təbliğ etməklə yanaşı assosiasiyanın Azərbaycanla tanışlıq səfərləri təşkil etməsindən və bu səyahətlər zamanı fransızların ölkə ilə yaxından tanış olma imkanı əldə etməsindən bəhs edib.
Səfir E. Əmirbəyov Azərbaycan günlərinin təşkili üçün Arkaşon meriyasına, Azərbaycanın Dostları Assosiasiyasına, eləcə də dəstək üçün Paris Azərbaycan Evinə təşəkkürünü bildirərək öncə Azərbaycan haqqında ümumi məlumat verib, Azərbaycanın zəngin tarixi və mədəniyyəti, siyasi və iqtisadi həyatı barədə danışıb. O, daha sonra Novruz bayramı haqqında məlumat verərək, onun sulh, anlaşma və barışıq bayramı olduğunu qeyd edib.
Sərgidən sonra teatrın konsert salonunda Bakı Xoreoqrafiya Məktəbinin “Bakı ulduzları” rəqs ansamblının konserti olub. Azərbaycan milli rəqsləri boyuk coşğu ilə garşılanıb. Konsertdə 1000-ə qədər tamaşaçı iştirak edib.