BAKI, 3 mart-Sputnik. "Sahillərdə türk qadınlarına sataşan suriyalıları burada bəsləməyə məcbur deyilik".
Sputnik Azərbaycan "Hürriyet"ə istinadla xəbər verir ki, bu sözləri MHP-dən xaric edilən sabiq millət vəkili Sinan Oğan qatıldığı bir televiziya proqramında suriyalı qaçqınlar haqqında danışarkən deyib. O bildirib ki, Türkiyədəki qaçqınların İŞİD üzvləri olma ehtimalı 100%-dir.
Türkiyədə müzakirə olunan prezident üsuli-idarəsi sisteminə keçidi və İraq kürdlərinin lideri Məsud Bərzani ilə bağlı məsələləri şərh edən Oğan deyib ki, əgər hazırkı türk hökuməti tərəfindən suriyalılara vətəndaşlıq verilsə belə, onların hamısı öz vətənlərinə yola salınacaq.
"Türkiyənin harasına baxsaz, qaçqın əlindən tərpənmək olmur. Türkiyənin əməyini, pulunu heç kəs belə səpələyə bilməz. Sən onlara atanın pulunu deyil, bu millətin pulunu yedirirsən. O da gedib canlı bomba olub insanlarımızı öldürür, gedib sahildə ailəmizin, uşaqlarımızın namusuna toxunur. Vətəndaşlarımız küçədə rahat gəzə bilmir. Bunlara icazə verə bilmərik. Qaçqının sahildə nə işi var? Qaçqın düşərgələrdə qalmalıdır" — deyə Oğan bildirib.
O, türk əsgərinin suriyalı qaçqınların əvəzinə gedib Suriya torpaqlarında ölməsinə də etiraz edib:
"Orada mehmetcik savaşmayacaq. Qaçqınlar içində əli silah tutan hər kəsi döyüşə göndərəcəksən. 25 milyard dolları onların günəş kreminə, doğub-törəməsinə xərcləməyəcəksən. Mənim tələbəm burada pulla oxuyur, suriyalı isə havayı."
İstanbulun Esenyurt bölgəsində 100 min suriyalının olduğunu söyləyən Oğan deyib:
"Türkiyə böyük bir qaçqın deposuna çevrilib. Sabah bunların hər birinin canlı bomba, soyğunçu, oğru, təcavüzkar bir cani olma ehtimalı 100%-dir. Biz onlara dözməyə məcburuq? Biz bu qədər oğrunu, İŞİD-çini bəsləməyə məcburuq? Sahillərdə gedib türk qadınlarına sataşan suriyalıları burada niyə saxlamalıyıq? Ölkəsindəki müharibədən qaçıb gəlib bizə sığınması, ölkəsini qorumaq əvəzinə gəlib burada rahat həyat yaşaması azmış kimi, hələ vətəndaşlarımızı da narahat edirlər, adamlar öz ölkələrində küçədə rahat gəzə bilmirlər."
Oğan hazırda Türkiyədə döyüş qabiliyyəti olan 1 milyon suriyalının yaşadığını bildirib: "Bu saat Türkiyədə əli silah tutan, döyüş qabiliyyəti olan, fiziki cəhətdən sağlam və yaşı da buna imkan verən ən azı 1 milyon suriyalı var. El Babda mehmetcik şəhid olur, suriyalılar da sağda, solda nargilə içir, küçələrdə qadınlara söz atır. Belə şey ola biməz" — deyə Oğan bildirib.
O, suriyalılara bu imkanı yaradan hökuməti sərt şəkildə qınayıb.