BAKI, 24 fev — Sputnik. Dünya birjalarında qızılın qiymətlərində dəyişikliklər müşahidə edilir. Bunun səbəbləri nədir və qızıla investisiya etmək sərfəlidirmi?
Məsələ ilə əlaqədar bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında hazırda dünya maliyyə sistemində baş verən dəyişikliklərin, xaosun ABŞ-da gedən proseslələ bağlı olduğunu deyib: “Birləşmiş Ştatlarda ciddi qarşıdurmalar baş verir. Söhbət yeni prezident Donald Trampın ölkənin bəzi maliyyə dairələri, o cümlədən Federal Ehtiyat Sistemi (FED) ilə olan münaqişəsindən gedir. Donald Tramp dolları ucuzlaşdırmaq istəyir ki, ABŞ-da istehsalın həcmini artırsın, istehsalı yenidən bu ölkəyə qaytarsın. Amma maliyyə dairələri bununla razılaşmır, bahalı dolları, bir neçə onilliklərdir davam edən sistemi saxlamaq istəyirlər. Yəni, dolların dünyada hökmranlığını istəyirlər”.
Ekspertin sözlərinə görə, bu konflikt davam etdikcə, dünyadakı digər oyunçular vəziyyəti anlamağa çalışırlar: “Dollar ucuzlaşacaqsa, etimaddan düşərsə, dünya ölkələri, əsas oyunçular və bizneslər ehtiyatlarını qızılda saxlayacaq. Çünki qızıl əsrlər boyu ən bahalı, likvid bir aktiv olub. Ötən əsrin 70-ci illərinin ortalarına kimi, dünyada ümumi dəyər meyarı qızıl olub. Onun yerini son bir neçə onilliklər ərzində dollar tutub. Bu, sistem əvvəl-axır dağılacaq, dolların hökmranlığı, erası bitəcək. Söhbət ən uzağı yaxın illərdən gedir. Amma hələ ki, bunun vaxtı bilinmir. Bu gün bilsələr ki, 1 ildən sonra dünyanın maliyyə sistemi dəyişəcək, hamı gedib pulunu qızıla qoyacaq”.
Onun fikrincə, qızılın qiymətinin tez-tez dəyişməsini bu il ərzində müşahidə edəcəyik.
O, dünyada maliyyə dairələri arasında ciddi qarşıdurma olduğunu deyib: “Münaqişə get-gedə dərinləşəcək və sonda qızıl dollara qalib gələcək. Qızılın qiyməti bahalaşacaq. Əgər uzun müddətli — 5-10 illik ehtiyat varsa, onu qızılda saxlamaq olar. Çünki heç nə ilə təmin edilməyən kağız pulların erası bitir”.
İqtisadçı-ekspert Samir Əliyev Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, 2008-2009-ci illərdə qlobal böhran olanda qızılın qiyməti sürətlə qalxmağa başlayıb: “2012-ci ildə pik həddinə çatıb və sonra ucuzlaşmağa başlayıb. Hazırda müəyyən qədər qızılın qiyməti ucuzlaşıb”.
“Dünya Qızıl Şurasının hesabatına görə, 2016-cı ildə qızıla tələbatda azalma var. Düzdür, bəzi ölkələrdə, məsələn, Çində, Hindistanda müəyyən artım olsa da, ümumi göstərici azalma ilə bağlıdır. Ona görə də qızılın qiyməti ucuzlaşır” — o qeyd edib.
İqtisadçının sözlərinə görə, qızılın qiymətini ucuzlaşdıran amil həm də dolların möhkəmlənməsidir: “Son vaxtlar dollar möhkəmlənir. Bu da investorların qızıldan imtinasına gətirib çıxarır. Eyni zamanda, bir sıra Mərkəzi Banklar kütləvi olaraq qızıl ehtiyatlarını satmağa başlayıb. Bu da bazarda artıq qızıl yaradıb”.
“Nəzərə alaq ki, qarşıda dolların bahalaşması ehtimalı yüksəkdir, FED uçot dərəcəsini qaldıracaq. Bu da o deməkdir ki, qızılın bu il də kəskin bahalaşmasını gözləməyə dəyməz” — ekspert qeyd edib.
Onun fikrincə, qızıl müəyyən qədər ucuzlaşmaqda davam edəcək: “Bir sıra ölkələr, xüsusilə də gəlirləri azalmış ölkələr valyuta ehtiyatlarındakı qızıldan yavaş-yavaş imtina edirlər. Çünki valyuta ehtiyatlarını ölkə iqtisadiyyatına yönəldirlər. Ona görə də, qızılda bir qeyri-sabitlik var. Ümumən götürəndə bu il qızılın kəskin bahalaşması gözlənilmir. Düşünürəm ki, qızılın hətta müəyyən qədər ucuzlaşması ehtimalı yüksəkdir”.
İqtisadçı hesab edir ki, qızıla bir qayda olaraq uzun müddətli dövr üçün investisiya yatırmaq mümkündür: “Məsələn, inkişaf etmiş ölkələrin qızıl-valyuta strukturunda qızılın payı təxminən 50-80 faiz arası dəyişir. Azərbaycanda bu göstərici çox aşağıdır. İnkişaf etmiş ölkələr vaxtilə qızılın payını artırıblar. İndi yavaş-yavaş satışa çıxarırlar”.
Onun sözlərinə görə, Azərbaycan da valyuta ehtiyatlarının müəyyən bir hissəsini qızılda saxlamalıdır: “Qızılın perspektivi bahalaşmağa doğru olacaq. Uzunmüddətli dövrdə qızıl bahalaşmaya doğru gedəcək. Çünki dünyada qızıl ehtiyatları da getdikcə tükənir. Uzun müddətli dövr üçün qızıl almaq olar, amma qısa müddətli dövr üçün bir o qədər sərf etmir”.