BAKI, 23 fev — Sputnik. Prezident İlham Əliyev “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nda dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, 2000-ci il 13 noyabr tarixli fərmanı ilə təsdiq edilmiş qaydada aşağıdakı dəyişikliklər edilib:
1. 1-ci hissə üzrə:
1.1. ikinci-yeddinci abzaslar müvafiq olaraq üçüncü-səkkizinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“Ölkə ərazisinə müşayiətsiz gələn və ya gəldikdən sonra müşayiətsiz qalan 18 yaşına çatmamış şəxs (bundan sonra – müşayiət olunmayan uşaq) aşkar edildikdə, həmin şəxs barəsində qəyyumluq və himayə orqanlarına müraciət edilir. Qəyyumluq və himayə orqanları müşayiət olunmayan uşağın ölkə ərazisinə müşayiətsiz gəlməsini və ya gəldikdən sonra müşayiətsiz qalmasını dəqiqləşdirir və onun “Qaçqın” statusu almaq niyyəti vardırsa, bu Qaydaya uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edir.”;
1.2. səkkizinci abzasda “müraciət etdikdə, o,” sözlərindən sonra “(müşayiət olunmayan uşaqlar istisna olmaqla)” sözləri əlavə edilsin;
1.3. aşağıdakı məzmunda doqquzuncu abzas əlavə edilsin:
“Müşayiət olunmayan uşağa “Qaçqın” statusu verilməsi məsələsi həll edilənə qədər, qəyyumluq və himayə orqanları onu sosial xidmət müəssisələrində yerləşdirirlər. Müşayiət olunmayan uşaqlar ölkə ərazisində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara bərabər tutulur və onların sosial müdafiəsi dövlət tərəfindən təmin olunur, hüquq və mənafeləri qanunvericiliyə uyğun olaraq qorunur.”.
2. 5-ci hissənin üçüncü abzasında “Valideynsiz və qəyyumsuz Azərbaycan Respublikasına gəlmiş “Qaçqın” statusu almaq niyyətində olan 16 yaşına çatmamış şəxsə də” sözləri “Müşayiət olunmayan uşağa da” sözləri ilə əvəz edilsin.