BAKI, 17 fev — Sputnik. Bu həftə Bakı dünyanın diqqət mərkəzində oldu. ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cosef Danford və Rusiya Federasiyasının Baş Qərargah rəisi Valeri Gerasimovun görüşü aparıcı medianın diqqət mərkəzindədir. Xatırladaq ki, bu, iki ölkənin yüksək ranqlı hərbiçiləri arasında 2014-cü ildən bəri ilk üzbəüz görüşdür.
İndi hər kəsi bir sual düşündürür — nə səbəbə görüş yeri kimi məhz Bakı seçildi? Qazaxıstan, Ermənistan, Moldova, Belarus, Gürcüstan, Şərqi Avropa ölkələri deyil, Bakının seçilməsi nə ilə bağlıdır?
Vaşinqtonun ən qatı anti-Rusiya mövqeyində olan şəxsinin Bakıda rusiyalı həmkarı ilə görüşü sıradan hadisə deyil. Suriya probleminin dərinləşdiyi və ABŞ-İran münasibətlərinin savaş mərhələsinə qədəm qoyduğu bir zamanda Bakı qarşıduran tərəflər üçün münasib şəhərə çevrilir. Azərbaycan terrorçuların əsas hədəfi kimi seçilməyib və belə görüşlər Bakının təhlükəsizlik sistemində rolunu artırır.
Lakin burada bir səbəb də var. General Gerasimov Avropa dövlətlərinə gedə bilmirdi, Danford isə Rusiyaya yaxın bölgəyə gəlmək istəmirdi və bu baxımdan, Bakı görüş üçün ən münasib yer idi. Generalların Bakı görüşündə əsas müzakirə mövzusunun İran və Suriya olduğunu təxmin etmək mümkündür.
Beləliklə, görüş baş tutdu. Vurğulayaq ki, Trampın İranla bağlı bəyanatı bölgədə gərginliyi artırır. Belə bir zamanda hərbçilərin görüşü qarşıdurmalardan qaçmağın yollarının tapılması və Münhendə Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Reks Tillersonun müzakirəsinin daha az gərginliklə müşayiət olunmasına nail olmaqdır.
Vaşinqton və Moskva Ukraynada, Suriyada, Qara dənizdə fərqli cəbhələrdə iştirak edir. Trampın İran məsələsində daha sərt olduğu artıq görünür. Rusiya və ABŞ arasında gərginlik yaşandığı bir zamanda adıçəkilən görüşün önəmi də bəlli olur.
Unutmaq olmaz ki, Rusiya İrana S-300 tədarükü yasağını aradan qaldırdığını açıqlayıb. İranın, təxminən səkkiz il əvvəl sifariş etdiyi və o vaxtdan əldə edə bilmədiyi S-300 kompleksi Tehran-Moskva münasibətlərində başlıca maneə idi. İranın BMT TŞ-nin qətnamələri çərçivəsində bu silahları əldə edə bilməyəcəyinə əmin olan Moskva isə əvəzində daha az sərfəli olan "Antey-2500" sistemlərini təklif etdi.
İrana raket tədarükü üçün yol açan hadisə aprelin 2-də Lozannada İranla "5+1" ölkələrinin İranın nüvə proqramı üzrə bağladığı saziş oldu. Putinin gözlənilmədən imzaladığı sərəncam gələcəkdə İranın kimə daha yaxın olacağını aydınlaşdıracaq yeni mərhələnin başlanğıcından xəbər verir. Buna görə də, Moskvanın S-300 barədə sərəncam imzalamaqla atdığı addımı onun Qərbi qabaqlamaq cəhdi kimi başa düşmək lazımdır.
Bir tərəfdən S-300-ün tədarükünə yasağın götürülməsi Rusiya üçün beynəlxalq rəqabət şəraitində qabaqlayıcı manevrdr. Digər tərəfdən Moskvanın bu cür qərarı İranın daxili siyasətinə münasibətdə onda yaranmış neqativ qavramın düzəlişinə yönəlib. S-300-ün tədarükünə yasağın götürülməsi, çox güman ki, anti-İran sanksiyalarının qüvvədə olduğu müddətdə İran-Rusiya münasibətlərində ən önəmli hadisədir.
Rusiyanın bu addımı Vaşinqtonu cavab tədbirləri həyata keçirməyə sövq edir. Lakin prezident Tramp hakimiyyətinin ilk günlərindən ciddi böhran yaşayır, milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Mayk Flinnin istefaya göndərilməsi yaxın zamanlarda baş verə biləcək proseslərin xəbərçisidir. ABŞ mətbuatının Trampı Rusiya kəşfiyyatı ilə bağlaması impiçment təhlükəsi yaradır və Ağ Evin yeni sahibinə xarici düşmən və yeni savaş lazımdır.
Bu baxımdan İranın hədəf seçilməsi anlaşılandır. Belə ki, İsrail baş naziri Netanyahunun Vaşinqtona səfəri zamanı İran məsələsi müzakirə olundu və Vaşinqton ərəb ölkələrinə anti-İran koalisiyası yaratmağı təklif etdi. Ardınca Tramp Türkiyənin Suriya ilə bağlı təkliflərini qəbul etdiyini açıqladı.
Göründüyü kimi, İran əleyhinə halqa daralmaqdadır və belə bir vəziyyət Bakıdan daha çevik siyasət tələb edir. "Azərbaycanda hərbi vəziyyət haqqında qanun"un Milli Məclisdə müzakirəsi Bakıdan Tehrana qarşı istifadə cəhdləri ilə bağlı ola bilər. Azərbaycan birmənalı olaraq bu prosesdən kənarda qalmaq istəyir.
Bakıda anlayırlar ki, İrana qarşı aksiyada Azərbaycan ərazisindən istifadəyə yol vermək mümkün deyil. Azərbaycan İranın təhdidlərinə hədəf olmaq niyyətində deyil. İrana qarşı savaş başlayarsa, qonşu ölkədən qaçqın "ordusu" Azərbaycana üz tuta bilər və bu baxımdan, prosesdən kənardan qalmaq daha məqbul variantdır.
Unutmaq olmaz ki, Azərbaycanla İran arasında iki müqavilə mövcuddur və Bakı prosesə qatılmayacağını öncədən bəyan edib. Beləliklə, Bakı tərəfsizliyini nümayiş etdirməklə, qarşıduran tərəflərə görüş üçün məkan təklif edir, özü isə savaşdan kənarda qalır…