BAKI, 17 fev — Sputnik. Azərbaycanda baş verən devalvasiyanın ölkədə fəaliyyət göstərən banklara mənfi təsiri nəticəsində müştərilər ilə bank arasında həddindən çox problemlər yaranıb. Belə ki, manatın dəyərdən düşməsi, bankların kreditləri dollarla hesablaması, əhalinin gəlirinin azalması vəziyyəti gərginləşdirib. Sputnik Azərbaycan-ın əməkdaşı sosial şəbəkə istifadəçiləri arasında, son bir ayda banklarla bağlı hansı problemlərlə üzləşdiklərinə dair kiçik sorğu keçirib.
Vüqar Quliyev: "Kartda pul olsa da, Beynəlxalq Bankın bankomatlarında pul olmadığı üçün düz 2 həftə pulumu kartdan çıxarda bilmədim".
Rafael Nabatəliyev: "Mən zaminliyin bəlasına düşmüşəm. Bank ilə müştərinin saxta işbirliyi mənə baha başa gəlib. İndi də bank məndən 15 min manat ödəməyimi tələb edir".
Röya Qurbanova: "Şamaxı rayonunda əmək haqqımız hər dəfə maaş kartlarımıza oturulsa da, pulumuzu Kapital Bank-ın bankomatlarından çıxarmaq mümkün olmur. Bu, artıq adət halını alıb. Maaşımızı almaq üçün Şamaxıdan Bakıya, ya da Qobustana getməli oluruq".
Ülviyyə Cəlilzadə: "Silk Way Bank bankomatlarına dollar qoymur və bankdan pul çıxardığımız zaman 1.2 % tutur. Normalda bankomatdan pul çıxardanda 1% tutulmalıdır. Bankda dollar yoxdursa, bu, bizim problemimiz olmadığı halda, əlavə 0.2% bizdən məcburi halda niyə çıxılır?"
Rəşad Quliyev: "Hüquqi şəxslər pul dəyişdikdə daxili konvertasiya olur. Bankların 99%-i daxili konvertasiyanı bağlayıb".
Qurbanəli Ömər: "Xarici ölkədəki dostlarımıza, xarici bank hesablarına və onlayn sistemlərə pul köçürmələrində vəziyyət bərbaddır. Həm keyfiyyətsiz xidmət, həm fantastik komissiya, həm də mənasız limit var".
Elçin Əminzadə: "2013-cü ildə mənim DəmirBank-da debet kartım var idi, yanlışlıqla hesabıma 50 dollar pul qoyublar, mən də istifadə etmişəm. Daha sonra kartı istifadə etmədim. Bir neçə aydan sonra bankdan zəng etdilər ki, "sizin debet kartınıza limit qoyulmayıb, siz də kartda olan pulları istifadə etmişiniz, indi o məbləğləri ödəməlisiniz". Təbii ki, deyilən məbləği ödəmədim. Bir ildən sonra bankdan yenidən zəng etdilər. Bu dəfə bank işçisi təhdid etdi ki, məni məhkəməyə verəcəklər. Yəqin DəmirBank-dan oğurlanan 3.000.000 manat pulu müştərilərin cibindən çıxarmaq istəyirlər".
Sərxan Hacıyev: "Son 1 ayda bank nümayəndələri əmimə, dayıma, atama, qardaşıma zəng ediblər ki, "kredit vaxtı çatıb, gətirib ödəyin". Özümə edilən zənglərin isə sayı yoxdur".
Rəmzi Nəsibov: "Atam Access Bank-dan bir neçə dəfə manatla kredit götürmüşdü. Axırıncı kredit dövründə xəstələndi və iki dəfə əməliyyat olundu, krediti ödəyə bilmədik. Access Bank bizi məhkəməyə verdi. Müqavilə manatla olduğu halda məhkəmədə eyni məbləği dollar olaraq iddia qaldırdı".