BAKI, 28 yan — Sputnik. Ötən günlərdə mətbuatda belə məlumat yayılmışdı ki, milli valyutanın məzənnəsinin sürətlə yenilənməsi ilə əlaqədar, əhalinin banklardakı depozitlərini kütləvi şəkildə geri çəkməyə başlayıb. Qeyd olunurdu ki, bu prosesin kütləvi hal alması səbəbindən bəzi banklar əmanətləri qaytarmaqda çətinlik çəkir və bu da vətəndaşların narazılığına səbəb olur.
Sputnik Azərbaycan-ın əməkdaşı, ölkənin bir neçə böyük banklarından sözügedən məsələyə aydınlıq gətirməyə çalışıb. Azərbaycan Beynəlxalq Bankının (ABB) mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli bildirib ki, Beynəlxalq Bankın filial və şöbələrində belə bir kütləvi hal müşahidə edilmir: "Beynəlxalq Bank dövlət bankı olduğundan və dövlət onun inkişafına dəstək verdiyindən, bu banka əhalinin inamı çox böyükdür. Ona görə də, əmanətçilər öz vəsaitlərini tərəddüdsüz şəkildə Azərbaycan Beynəlxalq Bankına etibar edə bilirlər".
"Unibank"ın mətbuat xidmətinin rəhbəri Sülhiyyə Şirinova da qeyd edib ki, son günlər müştərilərin öz depozitlərini çıxarmaları ilə bağlı "Unibank"a müraciətlərində artım qeydə alınmayıb: "Əgər kimsə depozitini çıxarmaq istəsə belə, heç bir problem yaşamadan istədiyi vaxt bank filialına yaxınlaşıb depozitini çıxara bilir".
"Kapital Bank"ın mətbuat xidmətinin rəhbəri Pərviz Kamalın sözlərinə görə, onların bankında da belə bir tendensiya yoxdur: "Bizə əmanət qoymaq üçün müraciət edən müştərilərin sayı günü-gündən artır. Çünki, bankımıza qoyulan əmanətləri Əmanətlərin Sığortalanması Fondu sığortalayır. Həm də, müştərilərə etibarlı bank lazımdır. Bu səbəbdən bizə müştəri axını var. O ki qaldı pulun olmamasına, bizim bankda heç bir problem yaşanmır. İstənilən müştəri istədiyi zaman gəlib bizdən əmanətini geri ala bilər. Bankımızın filiallarında heç bir növbə müşahidə olunmayıb".
Məsələni Sputnik Azərbaycan-a şərh edən bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənovun sözlərinə görə isə, əmanətlərin banklardan çıxarılması halları həqiqətən çoxalıb və devalvasiya davam etdikcə daha da çoxalacaq: "Əmanətlərin kütləvi şəkildə banklardan çıxarılmasının iki səbəbi var. Biri odur ki, əhalinin gəliri kəskin azalıb və qiymətlər artıb. Ona görə də əmanətlərini banklardan çıxarırlar. İkinci səbəb isə banklara inamın azalmasıdır".
"Ümumiyyətlə, hər ay bank sistemində əmanət həcmi azalır. İki il ərzində banklardan hər ay ən azı 20-30 milyon manat əmanət çıxarılıb. Hətta elə ay olub ki, 200 milyon manat əmanət banklardan çıxarılıb" — Həsənov bildirib.
Ekspert keçən il ərzində 11 bankın bağlandığını da diqqətə çatdırıb: "O bankların əksəriyyətində sığorta edilmiş əmanətlər qaytarıldı, amma sığorta edilməmiş əmanətlər batdı. Digər tərəfdən, sahibkarlar və şirkətlərin sığorta təminatı olmadığından, onların da əmanətləri geri qaytarılmadı. Ümumiyyətlə, müflis olmuş bankların ləğv edilmə prosesi də çox qeyri-şəffafdır. Heç banklar özləri də bilmir ki, pulları haradadır".
Maliyyəçinin sözlərinə görə, bu faktlar nəinki sahibkarları, hətta adi şəxsləri də vadar edir: "Nəticədə onlar əmanətlərini geri götürürlər. Təbii ki, bankların da buna maddi imkanı yoxdur. Bu məsələnin son bir ayda daha çox kəskinləşməsinin əsas səbəbi odur ki, bir çox banklar əmanətləri vaxtında qaytarmır. Bu dəqiqə bir neçə bank var ki, onlar əmanətləri geri vermir. Hətta xarici vətəndaşlar da əmanətlərini ala bilmirlər və xarici vətəndaşlar artıq məhkəmələrə müraciət edirlər. Qanunvericiliyə görə, əmanətin banka qoyulma müddətindən asılı olmayaraq əmanətçi pulunu geri götürə bilər. Bank maksimum 5 gün ərzində əmanəti geri qaytarmalıdır".
Əkrəm Həsənov qeyd edib ki, əmanətini ala bilməyən vətəndaş bu halda məhkəmədə banka qarşı iddia qaldıra bilər: "Bankdan əmanəti geri almağın digər yolu isə Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib həmin bankın müflisləşdiyini elan etməsini təmin etməkdir. Bu zaman bank müflis elan olunsa, Əmanətlərin Sığortalanması Fondu vətəndaşın pulunu geri qaytara bilər".
Ekspert onu da qeyd edib ki, hələlik belə hallar mövcud deyil və banklarla müştərilər özləri aralarındakı problemləri həll edə bilirlər.