BAKI, 8 fev — Sputnik. Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının idmançı və ulduz səfirləri açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, Oyunların Əməliyyat Komitəsi bu gün səfirləri bir araya gətirib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov oyunlar və Azərbaycanda ilk dəfə tətbiq olunacaq “Grassroots” proqramı haqqında ətraflı məlumat verib: “IV İslam Həmrəyliyi oyunlarının sıralarına bu gündən etibarən uldüz və idmançı səfir qismində qatılacaq məşhurlarımız yeniyetmə və gənclər arasında idmanın daha da kütləviləşməsində, icitmaiyyətin IV İslam Həmrəyliyi oyunlarına daha böyük maraq göstərməsində önəmli rol oynayacaqlar. Qələbə və uğur sevincini birgə yaşayıb, paylaşmaq ən gözəl hisslərdən biridir. Əminik ki, idmançı və ulduz səfirlərimizlə bərabər xalqımız oyunlarda iştirak edəcək idmançılarımızın qələbə sevincini birgə yaşayacaq”.
Daha sonra ulduz və idmançı səfirlərin adları açıqlanıb. Ulduz səfirlər müğənni Tünzalə Ağayeva, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov, televiziya aparıcısı Hacı Nuran və "Muğam müsabiqəsi-2011"in qalibi Mirələm Mirələmov olacaq.
İdmançı səfirlər olaraq isə Azərbaycanı yunan-Roma güləşçisi Rəsul Çunayev, cüdocu Rüstəm Orucov, karateçi Rafael Ağayev, sərbəst güləşçi Hacı Əliyev, paracüdoçu İlham Zəkiyev, taekvandoçu Radik İsayev, boksçu Kamran Şahsuvarlı, taekvandoçu Fəridə Əzizova, karateçi İlahə Qasımova, futbolçu Ruslan Abışov, boksçu Leyla Cavadova, cüdoçu Elmar Qasımov, yüngül atlet Nazim Babayev və boksçu Aynur Rzayeva təmsil edəcək.
Tədbirdə iştirak edən idmançı səfir Ruslan Abışov səfir seçildiyini eşidəndə sevindiyini bildirib: "Bir səfir kimi bütün tədbirlərdə, layihələrdə idmançı yoldaşlarımla birlikdə iştirak etməyə çalışacağam. Həm səfir, həm də futbolçu kimi milliyə dəstək olmağa çalışacağam".
Güləşçi Rəsul Çunayev İslam Oyunlarında iştirakının hələ dəqiqləşmədiyini, bunun seçmə turnirlərdən asılı olduğunu dilə gətirib: "Güləşdə hər çəkidə o qədər böyük rəqabət var ki, yarışlarda iştirak etməyim üçün öncə yerli idmançılar arasında özümü doğrultmalıyam. Mən də yarışda Azərbaycanı təmsil edən idmançılar arasında olmağa çalışacağam".
Karateçi İlahə Qasımova isə səfir kimi üzərinə düşən öhtəlikdən istifadə edib gəncləri idmana həvəsləndirməyə, idmançı qismində isə Azərbaycan bayrağını ucaltmağa çalışacağını dilə gətirib: "Öz üzərimə düşən işi həm idmançı kimi, həm səfir kimi yüksək səviyyədə yerinə yetirmək, tədbirlərdə iştirak etmək niyyətindəyəm".
Tünzalə Ağayeva səfir kimi təcrübəsinin olduğunu qeyd edib: “Müğənni səfir kimi indiyədək könüllülərlə daha çox çalışmışam və bundan həvəslənərək, İslam Həmrəliyi Oyunlarına həsr olunmuş mahnı yazmağı planlaşdırıram”.
Xatırladaq ki, IV İslam Həmrəyliyi Oyunları 12 — 22 may tarixində Bakıda keçiriləcək.