BAKI, 7 fev — Sputnik. IV İslam Həmrəyliyi Oyunlarının biletləri martın 19-da satışa çıxarılacaq. Bu barədə Sputnik Azərbaycan-a "Bakı 2017" İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsindən məlumat verilib.
Ümumilikdə, oyunlar zamanı 20 idman növü üzrə 500.000-dən artıq biletin satışa çıxarılması nəzərdə tutulur.
İdman həvəskarları izləmək istədikləri yarışlara biletləri baku2017.com rəsmi veb-saytından və şəhərin müxtəlif yerlərində açılacaq 12 satış məntəqəsindən əldə edə biləcəklər.
Biletlərin satışa çıxarılacağı əsas ticarət mərkəzlərinə Park Bulvar, Gənclik və 28 Mall Ticarət Mərkəzləri daxildir.
Bunula yanaşı, oyunların keçiriləcəyi 16 idman obyektində də biletlərin satış köşkləri açılacaq.
Bütün 190 idman sessiyaları üçün nəzərdə tutulmuş biletlərin qiyməti 2-5 AZN civarında dəyişəcək. 16 yaşınadək uşaqlar 13 idman arenasında idman sessiyalarını pulsuz izləyə biləcəklər. 2-16 yaşlı uşaqlar üçün Heydər Əliyev adına arena, Milli Gimnastika arenası və Tofiq Bəhramov adına stadionlara təyinatlı biletlərin qiyməti 1 AZN dəyərində olacaq.
Açılış mərasiminə biletlərin qiyməti 20-200 AZN civarında, bağlanış mərasimi üçün isə 10-100 AZN arası dəyişəcək.
Nəzərinizə çatdıraq ki, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının biletləri ilə bağlı son yenilikləri rəsmi vebsaytın müvafiq bölməsindən əldə edə bilərsiniz.