BAKI, 6 fev — Sputnik. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA), Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə 04-05 fevral tarixlərində keçirilən 10-cu Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb.
İki gün davam edən yarış oğlanlar və qızlar arasında keçirilib. Gənclərin böyük maraq göstərdiyi çempionatda idmançılar qarşılarına qoyduqları məqsədə müvəffəq olmaq üçün qətiyyət, məharət və ustalıq nümayiş etdiriblər.
Qeyd edək ki, çətinlik mərhələsi üzrə təsnifat-seçim yarışını müvəffəqiyyətlə keçən idmançılar növbəti yarımfinal mərhələsinə vəsiqə qazanıblar. Daha sonra çempionat final mərhələsi ilə davam edib.
Yarışın sonunda qaliblərə Gənclər və İdman Nazirliyinin diplomu və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının kubok və medalları təqdim olunub. Ümumilikdə bu qəbildən olan yarışların keçirilməsi dağçılıq idman növləri üzrə beynəlxalq arenalarda Azərbaycan Respublikasını təmsil edəcək Milli Komandanın formalaşmasına xidmət edir.
Çempionatda çətinlik növü üzrə yarışan oğlanlarda ilk üç yeri Rinat Rəhimxanov ("Qafqaz" İdman Klubu), Qalib Şıxrəhimov ("Ləzə" İdman Klubu) və Ramay Rəhimxanov ("Qafqaz" İdman Klubu) tutublar.
Çətinlik növü üzrə yarışan qızlar arasında Leyla Əhmədova ("Qafqaz" İdman Klubu) qalib gəlib. Sonrakı yerləri Nigar Mərdanova ("Kyanite" İdman Klubu) və Fidan Novruzova ("Qərb Universiteti" İdman Klubu) tutublar.
Sürət növü üzrə yarışan oğlanlarda medalları Şıxrəhimov Qalib ("Ləzə" İdman Klubu), Rəhimxanov Rinat ("Qafqaz" İdman Klubu) və İsrafilov İlham ("Salavat" İdman Klubu) qazanıblar.
Komanda hesabında kubokları “Qafqaz”, “Zirvə” və “FHN” idman klubları qazanıblar.