BAKI, 1 fev — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) Respublika ərazisində baş vermiş yanğınların söndürülməsini və bununla bağlı təxirəsalınmaz xilasetmə işlərini (insanların, əmlakın və s.) həyata keçirən, yanğınsöndürmə texnikasına və vasitələrinə, habelə könüllü və idarədənkənar yanğından mühafizə bölmələrinin yaradılmasına dair tələbləri müəyyənləşdirən icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasmın Fövqəladə Hallar Nazirliyi yaradılıb və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi həmin nazirliyin tabeliyinə verilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş FHN-in strukturunda isə, həmin idarə yenidən təşkil edilib və Dövlət Yanğından Mühafızə Xidməti yaradılıb.
AR FHN Dövlət Yanğından Mühafızə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Rasim Kərimov Sputnik Azərbaycan-a müsahibəsində, Xidmətin gördüyü işlərdən danışıb.
- Rasim müəllim, ötən il Dövlət Yanğından Mühafizə Xidməti hansı işləri görüb?
— Ötən il Dövlət Yanğından Mühafizə Xidmətinin hissə və bölmələri 11853 dəfə yanğın çağırışına çıxıb. Bu da əvvəlki illə müqayisədə 1639 çıxış azdır. Yüksək saylı çağırışla 12 yanğın söndürülüb. "Yüksək saylı çağırış" dediyimiz zaman böyük həcmdə canlı qüvvə və yanğın texnikası tələb olunan iri yanğınlar nəzərdə tutulur. Hadisələr zamanı 995 nəfər insan yanğın zonasından təxliyə edilib.
Baş vermiş yanğınlardan 2227-si yaşayış sektorunda baş verib. Nəqliyyat vasitələrində 378 yanğın, meşəlik ərazilərdə 5 yanğın (2015-ci illə müqayisədə 1 yanğın az), taxıl zəmilərində 31 yanğın hadisəsi, açıq sahələrdə (zərərsiz yanğınlar) 5897 (2015-ci illə müqayisədə 1724 yanğın az), digər obyektlərdə 2166 yanğın olub. Ümumilikdə, bütün yanğınlarda 354366 kv metr ərazi mühafizə olunub. Yəni, yanğının həmin ərazilərə keçməsinin qarşısı alınıb. Ümumən respublikada olan yanğınların statistikası budur.
- Yanğın hadisələri daha şox ölkənin hansı bölgələrində qeydə alınıb?
— Regionlar üzrə yanğın çıxışlarına nəzər salsaq, Bakı şəhəri üzrə 3642 yanğın hadisəsi, Aran regionunda 1233, cənub regionunda 1077, Gəncə regionunda 1029, Muğan regionunda 1506, Qarabağ regionunda 869, Sumqayıt regionunda 696, şimal regionunda 891, şimal-qərb regionunda 910 yanğın hadisəsi qeydə alınıb. Ən çox yanğın hadisəsi Bakı şəhərində baş verib.
- 10 il əvvəl Azərbaycanda yanğınsöndürmə sahəsində maddi-texniki baza yaxşı inkişaf etməmişdi. İndi vəziyyət necədir?
— Haqlısınız. 10-11 il əvvəl Dövlət Yanğından Mühafizə Xidmətinin maddi-texniki bazası indiki kimi deyildi. Bizim təchizatımızda olan yanğın texnikası, yanğın texniki silahları sovet dönəmindən qalmışdı. Təbii ki, onlar çoxdan köhnəlmişdi. Onların çoxunun istismar müddəti bitdiyi üçün müəyyən qədər çətinliklərimiz var idi. 2005-ci ildə məlum fərmandan sonra Fövqaladə Hallar Nazirliyi yarandı və Dövlət Yanğından Mühafizə Xidməti nazirliyin tabeliyinə verildi. 2006-cı ildən başlayaraq Avropa və dünya standartlarına cavab verən, dünyanın, Avropanın aparıcı şirkətləri tərəfindən istehsal olunan müasir yanğın texnikası respublikaya gətirildi.
Hazırda Yanğıdan Mühafizə Xidmətinin maddi-texniki bazası dünya standartlarına cavab verən müasir, yeni avadanlıqlardır. Yanğınsöndürmə avtomobilləri Respublikanın bütün rayonlarına paylanılıb. Bakı şəhərində birmənalı olaraq sovet istehsalı olan yanğınsöndürmə avtomobili yoxdur. Bu gün bizim tələbatımız tam ödənilib. Texnikalar daim nəzarətdə saxlanılır və istismar müddəti bitincə yenilənir. Şəxsi heyət tələb olunan müdafiə vasitələri, onların geyimləri, digər müdafiə vasitələri, əleyhqazlar, ayaqqabılar və s. ilə təmin edilib.
- Çoxmərtəbəli binalarda yanğınsöndürmə texnikaları varmı?
— Çoxmərtəbəli binlarda yanğın söndürmək üçün texnikamız lazımi miqdardadır. 100 metr hündürlüyə qaldıra bilən avtoqaldırıclarımız, avtonərdivanlarımız var. Yanğın hadisələri zamanı digər işləri həyata keçirə bilən avtomobillər, az su sərf etməklə mənzillərin söndürülməsi, dar küçələri keçmək üçün, keçilməz yerlər üçün avtomobillərimiz mövcuddur.
- Yanğın hadisələri zamanı su təminatı necə həyata keçirilir?
— Əvvala, bütün əsas yanğın avtomobillərinin (avtoçən) su tutumu var. Bizdə 2,5 tondan başlayaraq 9 tona qədər su tutan avtomobillər var. Yanğın yerinə gələn zaman ilk növbədə avtomobillərdə olan odsöndürücü və köpük əmələ gətirən maddələrdən istifadə edilir. Dünya praktikasında yaşayış məntəqələri yanğına qarşı su kəmərləri ilə təmin edilir. Həmin o su xəttlərinə hər 150 metrdən bir su hidrantları quraşdırılır. Yanğın avtomobili yanğın yerinə gələn kimi həmin hidrant yaxındırsa, birbaşa həmin su hidrantına qoşulur, su hidrantı uzaqdırsa, digər avtomobillər həmin su mənbələrinə qoşulur və fasiləsiz olaraq ilk gələn avtomobili su ilə təmin edirlər. Bundan əlavə, bir çox binlarda və ərazilərdə yanğınların söndürülməsi üçün su hovuzları olur. Digər məqsədlər üçün bu su hovuzlarından istifadəyə icazə verilmir.
Bakı şəhərində belə su hovuzları çoxdur. Bəzi binlarda isə daxili su kranları var. Həmin binaların su ehtiyatı anbarları və orada olan müəyyən nasoslar daim işlək vəziyyətdə olur, yanğın baş verdiyi halda həmin daxili kranlara yüksək təzyiqlə su verilir. Bəzi binlarda isə avtomatik yanğınsöndürmə sistemləri mövcuddur. Bunlar su, qaz və tozla ola bilər. Bu gün əsas odsöndürücü maddə kimi sudan geniş istifadə edirlər.
Şəxsi heyətin işləməsi mümkün olmayan yerlərdə, meşə yanğınları, açıq sahələrin yanğınları zamanı yanğınsöndürmə helikopterlərindən istifadə edilir. Bununla yanaşı, FHN-in amfibia-təyyarəsi də var. Bu yaxınlarda həmin təyyarə İsraildə baş verən meşə yanğınlarına cəlb edildi. Təyyarə 12 ton su götürmək qabiliyyətinə malikdir. Bir neçə saniyəyə dənizdən su götürür və havaya qalxır. Təyyarə eyni zamanda suda xilasetmə işləri zamanı da istifadə edilir.
- İnsanlarda belə bir fikir formalaşıb: "Yanğınsöndürənlər hər zaman gecikir". Bu, nə dərəcədə doğru fikirdir? Yanğınsöndürən hansı müddətdə hadisə yerinə çatmalıdır?
— Bu gün yanğınsöndürən, polis, təcili yardım üçün xüsusi təyinatlı yollar ayrılmayıb. Yol Hərəkəti Təhlükəsizliyi haqqında qanun müəyyən üstünlüklər verilir. Bu da heç kimə səlahiyyət vermir ki, qırmızı işıqda keçə bilər və yaxud digər yol hərəkəti qaydalarını poza bilər. Yanğın avtomobilləri yalnız digər yol hərəkəti iştirakçılarının hərəkətinə mane olmadan yol hərəkəti qaydalarını poza bilər. Hazırda xüsusi təyinatlı avtomobillərin keçməsi üçün yollarımız da yoxdur. Bəli, Avropanın bəzi ölkələrdində elə yollar var ki, xüsusi təyinatlı avtomobillər üçün yaradılıb və heç bir avtomoil o yola girmir. Bu yollar qəza xidmətləri üçün nəzərdə tutulub. Avropa oyunları zamanı çəkilən sarı cizgilər isə müvəqqəti xarakterli idi və xüsusi buraxılışla həmin yollardan istifadə edirdik. İndi isə o yollardan bütün əhali istifadə edir.
Qaldı ki, yanğınsöndürlərin geciklməsinə, bu, çox zaman məlumatın gec verilməsi, ünvanların düzgün verilməməsi və avtomobillərin hadisə yerinə yürüşü zamanı yaranan problemlər ilə bağlı olur. "Yanğınsöndümə maşını gecikdi" — əhali tərəfindən ən çox səslənən ittihamdır. Əvvala, hər hansı bir vətəndaşın evində yanğın baş verirsə, bu, böyük bir faciədir. Artıq onun üçün hər bir saniyə uzun bir zaman kəsiyinə çevrilir və o istəyir ki, yanğın həmin an söndürülsün. Bu zaman vətəndaş panikaya düşür, yanğınsöndürmə xidmətinə məlumatın verilməsi gecikdirilir. Müxtəlif vasitələrə əl atırlar, qonşuları köməyə çağırırlar və s. Yanğın baş verəndə insan 4-5 dəqiqə vaxt itirmiş olur. Bilmirlər, necə hərəkət etsinlər. 4-5 dəqiqə bir yanğın üçün böyük zamandır. Çünki hər bir materialın öz yanma sürəti var. Hər bir bina üçün yanğının xətti yayılma sürəti var. Məsələn: yaşayış evlərində "undalin" adlanan dam örtüyü var. O, dəqiqədə 16 metr sürətlə yanır. Bu, çox sürətlə yanan materialdır. Əgər bir evin dam örtüyü həmin materialdandırsa, vətəndaş xəbər tutana qədər yanıb qurtarır.
Bir də ki, əksər evlərdə yanğını baş vermə anında aşkar edən xüsui qurğular yoxdur. Vətəndaş evində yanğın baş verən zaman bundan 5-6 dəqiqə sonra xəbər tutur. Sonra həyacan içində 101 xidmətinə zəng eləməsi də 3-5 dəqiqə çəkir. Zəng edilən zaman düzgün məlumat vermirlər. Vətəndaş yanğın barədə məlumat verirsə, konkret ünvanı, nəyin yandığını, hara təhlükə yaratdığını deməli, yanğınsöndürmə avtomobillərini qarşılamalıdır. Bakı mürəkkəb şəhərdir, burada ünvanları tapmaq o qədər də asan deyil. Yanğın haqqında dolğun məlumatın verilməsi yanğınsöndürmə texnikasının hadisə yerinə daha tez çatmasına səbəb olur.
Yanğın yerinə yürüş məsələsi də problemdir. Yollarda tıxacların olması, alternativ yolların olmaması, digər avtomobillərin yol verməməsi yürüşü gecikdirir. Amma tıxac yoxdursa, bizim avtomobillərimiz hadisə yerinə zamanında çata bilir. Yanğın avtomobilləri saatda 60 km surətdən çox hərəkət edə bilməz. Yanğın yerinə çatandan sonra şəxsi heyət döyüş açılışı etməlidir. Bu əməliyyata 3-5 dəqiqə sərf edilir. Yanğının mənbəyi müəyyənləşdirilməlidir. Göründüyü kimi, yanğın baş verdiyi andan onun aşkar olunması, yanğın haqqında xəbərin verilməsi, 101 xidməti tərəfindən xəbərin qəbul edilib müvafiq yanğın bölmələrinin hadisə yerinə göndərilməsi üçün göstərişin verilməsi, həyəcan siqnalı ilə şəxsi heyətin toplanışı və çıxışı, yanğın yerinə yürüşün edilməsi, yanğın yerində döyüş açılışının yerinə yetirilməsi kimi hərəkətlərin aparılması üçün müəyyən vaxt sərf olunur. Bu müddətdə isə yanğın sərbəst inkişaf edir.
Bütün bu çətinliklərə baxmayaraq Dövlət Yanğından Mühafizə Xidməti üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir, yanğınların söndürülməsi ilə bağlı bütün maneə və çətinliklərin minimuma endirilməsi yönümündə müasir üsul və texnologiyalardan istifadə edir. Odur ki, respublikada baş vermiş yanğınların söndürülməsi üzrə təhlil və statistik göstəricilər bir daha sübut edir ki, bu sahədə göstəricilərimiz Avropa və digər dünya ölkələri ilə müqayisədə çox yüksəkdir.