CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ömrü mübarizədə keçən qadın: "Dua edirdim ki, biz çatanadək canına qıymasın"

© Sputnik / Irade JELILKəmalə Qəhrəmanova
Kəmalə Qəhrəmanova - Sputnik Azərbaycan
Abunə olmaq
Kəmalə Qəhrəmanova: "Dedi, sənin ailə həyatı qurmamağın kimə anormal görünə bilər, amma sən elə bir həyat yaşamısan ki, hər kişi buna dözə bilməz"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 28 okt — Sputnik. "Uşaqlıda çox ürkək qız idim. Hər yerə valideynlərimlə gedərdim. Bu, onları da narahat edirdi ki, niyə sərbəst ola bilmirəm. Amma 1990-cı ildən sambo idman növü ilə məşğul olmağa başladım. Milis (indiki polis — red.) olacağımı düşünürdüm".

Aytən Rəfiyeva - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ölü ilə danışdığını anlayan xilasedici sarsıldı

Ehtiyatda olan baş leytenant, beynəlxalq dərəcəli idman ustası, karate üzrə I dan qara kəmər sahibi və nəhayət Fövqəladə Hallar Nazirliyinin (FNH) Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) baş mütəxəssisi, xilasedicisi Kəmalə Qəhrəmanova 1973-cü ildə Ağdam rayonunda anadan olub. Atası Bakıda çalışdığı üçün, Kəmalə təhsilini Bakıda alıb. O, Qarabağ döyüşlərində də iştirak edərək qəhrəmanlıq göstərib.

"Həmin dövrlərdə artıq Qarabağ müharibəsi başlamışdı. Özüm ağdamlı olduğum üçün, cəbhə bölgəsi ilə əlaqələrimiz geniş idi. Vəziyyətin yaxşı olmadığını başa düşürdüm. Evdə də deyirdim ki, könüllü dəstə yığsalar, gedəcəyəm. Və bir gün televiziyada Çingiz Mustafayev "215 KL" prorqamında elan verdi ki, "kim könüllü Qarabağ savaşına getmək istəyirsə, gəlsin". Səhəri valideynlərimlə məsləhətləşib, çağırış yerinə getdim", — deyir K. Qəhrəmanova.

Qəqəni…

Onu çağırış məntəqəsində qəbul etmək istəmirlər: "18 yaşım vardı. Dedilər, "uşaqsan". Əl çəkmədim. Sonra rəhmətlik Çingiz Mustafayev yaxınlaşdı, nə olduğunu soruşdu. Dedim, "döyüşə getmək istəyirəm", "keç avtobusa" dedi. Mənim adımı siyahıda Qəhrəmanov Kamal yazmışdılar".

Onun Ağdamda ilk işi mətbəxdən başlayır: "Yavaş-yavaş silahdan istifadə etməyi, atəş açmağı da öyrəndim. Həmin dövrlərdə patron say ilə verilirdi. Atəş açmaq üçün 3 patron verdilər və dedilər ki, "əgər hədəfi vursan, sənə "Qəqəni" deyəcəyik". Birinci havaya getdi, ikincisi hədəfin divarına və üçüncüsü hədəfə dəydi. 18 yaşımda döyüş bölgəsində artıq "Qəqəni" adı ilə tanınmağa başlamışdım".

Bir il sonra Kəmalə xanım, döyüşlərin birində yaralanır. Həmin anları belə xatırlayır: "Qumbara atırdılar. Yanımda partladı. Sol tərəfim tamamilə qəlpə yarası idi. Bilirsiniz, çoxuna bu, qorxunc görünə bilər. Amma həmin an insan ağrını hiss etmir. Fikrin, beynin başqa istiqamətə kökləndiyi üçün, yaralandığını düşünə bilmirsən. Gətirib ayağıma nəsə bir iynə vurdular. Qan itirirdim. Hospitala çatanda beynimdə bir düşüncə var idi: bu qədər dəmiri mənim bədənimdən necə çıxaracaqlar? Sonrası yadıma gəlmir. Halsız düşmüşdüm. Məni əməliyyat edib qəlpələri təmizləmişdilər".

Depressiya dövrü

K. Qəhrəmanova Ağdam, Şuşa, Ağdərə, Kəlbəcər, Murov istiqamətində döyüşlərdə iştirak edib. Atəşkəsdən sonra, 1994-cü ildə Ali Hərbi Dənizçilik Məktəbi nəzdində açılmış şəxsi heyətlə iş üzrə zabit hazırlığı kurslarına göndərilir. 5 il zabit kimi xidmət etdikdən sonra 1999-cu ildə öz xahişi ilə ordudan tərxis edilir.

© Sputnik / Irade JELILKəmalə Qəhrəmanova: "Mənim iştirak etdiyim əməliyyatların çoxu demək olar ki, uğurla həyata keçib"
Kəmalə Qəhrəmanova: Mənim iştirak etdiyim əməliyyatların çoxu demək olar ki, uğurla həyata keçib - Sputnik Azərbaycan
Kəmalə Qəhrəmanova: "Mənim iştirak etdiyim əməliyyatların çoxu demək olar ki, uğurla həyata keçib"

"Ailə qurmaq təklifi almışdım. O da mənim kimi döyüşçü idi. Nişanlandıq. O dövrlərdə ikimiz də başa düşürdük ki, hələ tezdir. Və bir gün o yaralandı. Dünyasını dəyişdi. Özümü yer tapa bilmirdim. İçimdə zərif bir hiss baş qaldırmışdı. Mən qadın kimi yaşamaq istəyirdim və 1999-cu ildə öz xahişimlə ordudan tərxis olundum", — qəhrəmanımız danışır.

Dediyinə görə, FHN XRXX yaradılmamışdan öncə kadr yığımı başlayıbmış. Sənədlərini təqdim edir. Və 2007-ci ilin avqust ayında gözlənilən zəng gəlir. Onu nazirliyə müsahibəyə çağırırlar və işə qəbul olunur: "Bu hadisə məni həyata qaytardı. Düşdüyüm depressiyadan çıxardı və özümü şəxsiyyət kimi təsdiq etməyimə kömək etdi".

Hər dəfə cəsədləri görəndə…

"Müharibədə başqa cür idi hər şey. FHN-də isə komanda olaraq hərəkət edirik və əməliyyatı kollektiv şəkildə həyata keçiririk. Mənim iştirak etdiyim əməliyyatların çoxu demək olar ki, uğurla həyata keçib. Amma bəzən arzuolunmaz hallar da olub. Məsələn, yol qəzaları zamanı biz yetişənədək artıq ölüm hadisəsinin baş verməsi kimi", — deyir Kəmalə xanım.

Bu işdə soyuqqanlı olmağın vacibliyini qeyd edir: "Təəssüf hissi, mərhəmət hissi olarsa, burada işini görə bilməzsən. Amma hər dəfə cəsədləri, cəsəd kisələrini görəndə gözlərim dolur. Mən istəmirəm ki, bu kisələr istifadə olunsun. İstərdim ki, bütün əməliyyatlar daha fərqli olsun, insan həyatı qurtarılsın. Təsəvvür edin, kisənin ağzını bağlayırsan və bir insan artıq həyatda yoxdur…".

K. Qəhrəmanova ailə həyatı qurmayıb: "Əvvəllər bu barədə danışmağa utanırdım. Amma indi yox. Mən nə qədər güclü qadın olsam da, içimdə bir zəriflik yatır. Ailə həyatı qurmaq həmişə mənim arzularımın ən önəmlisi olub. Hər bir qadın istər ki, ailəsi olsun, ana olsun. Ən azından, əlindən tutub qalan ömrü birlikdə addımlaya biləcəyi biri olsun. Bir gün bir psixoloqla danışırdım, dedi ki, "ətrafdakılar üçün sənin ailə həyatı qurmamağın normal görünməyə bilər, amma sənin həyatın üçün bu, normaldır, çünki sən elə bir həyat yaşamısan ki, hər kişi buna dözə bilməz — müharibə, döyüş, güçlü qadın. Amma ümidini itirmə, hər bir insanı çəkə biləcək bir insan var və gec-tez onunla qarşılaşır". 43 yaşım olsa da, saçlar ağarsa da, o xəyallardan əl çəkə bilmirəm".

© Sputnik / Irade JELILKəmalə xanım deyir ki, gərək xilasedici soyuqqanlı olsun: "Təəssüf hissi, mərhəmət hissi olarsa, burada işini görə bilməzsən"
Kəmalə xanım deyir ki, gərək xilasedici soyuqqanlı olsun: Təəssüf hissi, mərhəmət hissi olarsa, burada işini görə bilməzsən - Sputnik Azərbaycan
Kəmalə xanım deyir ki, gərək xilasedici soyuqqanlı olsun: "Təəssüf hissi, mərhəmət hissi olarsa, burada işini görə bilməzsən"

"Dua edirdim ki, o insan fikrini dəyişsin, intihar etməsin"

"Məndə elə bir hal yaranmışdı ki, artıq kimsəyə kömək etmək istəmirdim. Müharibə illərində şəhid tabutlarını aparanda anaları, ataları qucaqlayıb təsəlli verməyə çalışmaq, göz yaşlarını içinə axıtmaq məni elə bir hala salmışdı… Özümün ehtiyacım vardı ki, kimsə məni qucaqlasın, başımı sinəsinə qoyub hönkür-hönkür ağlayım. Amma ətrafımda elə bir insan yox idi. Daha doğrusu, insanları yükləmək istəmirdim. Elə anlarda da anama sığınırdım. Gedirdim yanına ki, "məni körpə uşaq kimi sığalla". Körpə olmaq istəyirdim. Həmin etap mənim üçün çox çətin oldu", — Kəmalə həyatını nəql edir.

Telman Eyzamoğlu - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Bədəninə tatu vurdurmaq istəyən qadınların sayı kişiləri keçib"

Gün gəlir, o, bu ağrılı prosesi keçir: "Artıq heç nədən qorxmadım. Başa düşdüm ki, bu, mənim eqoistliyimdir — kiməsə məxsus olmaq istəyi. Və zamanla bu vəziyyət keçdi".

Kəmalə xanım, təkcə insanları ekstremal vəziyyətdən deyil, ruhi sıxıntıdan da çıxarmağa qadirdir. Onun daxili dünyası, düşüncələri, həyata baxışı gözlərim önündə canlanır. Və anidən mövzu dəyişir.

"İnsanları xilas etmək bizim işimizdir. 102 xidmətinə məlumat daxil olan kimi, qısa zaman ərzində hadisə yerinə çatırıq, əməliyyat şəraitini dəyərləndiririk. Kollektiv şəkildə xilasetməni həyata keçiririk. Bu işdə mən başa düşdüm ki, ən güclü insanların belə, xilas edilməyə ehtiyacı olur", — deyir müsahibimiz.

Bəzən hadisə yerinə gecikmə təhlükəsi yaranır: "Dua edirəm ki, ən azından biz ora çatana kimi o insana heç nə olmasın. Bir dəfə intihara cəhd xəbəri aldıq və yola düşdük. Ora çatana qədər Allaha dua edirdim ki, o insan fikrini dəyişsin, intihar etməsin".

"Bu, bir xilasedicinin iç dünyasıdır. Çox həyacan keçirirəm insanlara kömək edəndə. Xilasedicilik bir peşə deyil, bir həyat tərzidir. FHN-də bu işdə sərhəd anlayışı yoxdur. Yəni müharibədə mən bilirdim ki, sərhədlər var: bu, düşməndir, bu, bizim əsgərdir. Amma bu sahədə insan faktoru var. Bütün hallarda, mən işimi — insanları xilas etməyi sevirəm", — Kəmal Qəhrəmanova deyir…

Xəbər lenti
0