BAKI, 13 noy — Sputnik. Yeni nəslin formalaşmasında sosial şəbəkələrin rolu əvəzsizdir. Müasir dövr insanını internetsiz təsəvvür etmək çətindir. Məhz sosial şəbəkələr vasitəsilə insanlar öz istedlarını hər kəsə nümayiş etdirib uğur qazana bilirlər.
Sosial şəbəkələr vasitəsilə uğur qazanan gənc aktyorlardan biri də Səfa Mehdidir. Mirzə Ələkbər Sabirin satiralarını səsləndirərək qısa bir zamanda yüz minlərlə izləyici toplayan aktyor Sputnik-ə müsahibəsində uğurunun sirrini açıqlayıb.
- Səfa, aktyor kimi o qədər də tanımırdınız, amma qısa bir zamanda sosial şəbəkələrdə paylaşdığın şeirlərlə məşhurlaşdınız. Niyə aktyor kimi videolar yox, məhz satirik şeir söyləmək qərarına gəldiniz?
— Şerlərimi paylaşmadan öncə də bir neçə serialda rol almışdım. Doğrudur, bizi bir xeyli sayda insan tanıyırdı. Xüsusilə, seriala baxan qadınlar. Hamıya məlumdur ki, seriala baxanlar, əsasən evdar qadınlardır. Amma, gənc kütlə məni, məhz satirik şeirlərlə tanıdı. Həmişə alternativ axtarmışam. Çox gözəl bilirdim ki, indi internet dövrüdür və hamı buradadır. Məhz Mirzə Ələkbar Sabirdən deməyim insanlara çox yaxın gəldi və 100-200 min baxış oldu.
- Səfanın satirik şeir deyərkən yaratdığı obraz özüdür, yoxsa məhz şeirə uyğun rola girir?
— Yox, özüm deyiləm. Mirzə Ələkbər Sabirin şeirdə yaratdığı obrazı canlandırıram. Hər dəfə başqa-başqa adamlardır. Sabirin yaşadığı dövrü, onun yaşadıqlarını gözəl bilirik. Onun şeirləri fəryaddır. O şeirləri oxuyarkən, ruhən şeiri hiss edirəm və obrazları gözümün önündə canlandırıram və səmimi deyirəm. Sabiri sanki ruhən duyuram.
- Sabirin şeirləri aktual olması qədər də, rikslərə yol aça bilər. Fikirləşmirsiniz ki, səsləndirdiyiniz bu şeirləri kimlərsə həzm edə bilməz və sizə problem yaranar?
— Xeyr, qorxmuram. Mən bu şeirləri kiməsə toxunar deyə deməmişəm. Sırf aktyorluğum və şeirləri ədəbiyyat naminə oxuyum deyə səsləndirmişəm. Həm də Sabir bu satıraları bir əsr əvvəl yazıb. Əgər Sabirin yazdıqları hələ də aktualdırsa, onda bir əsr geridə qalmışıq. Düşünürəm, bu şeirləri heç kim özünə götürməz.
- Satira həyatınıza mənfi və müsbət nələr verdi?
— Mənfi heç nə vermədi. Mən həmişə komediyadan qaçmışam. Çünki, bu sahədə bir dəfə oynasan, komediya sənə ştamp olacaq və ömrünün sonuna kimi tamaşaçı səndən ancaq güldürməyi gözləyəcək. Həmişə bundan qaçmışam. Satira isə ştamp qazandırmadı, əksinə komediyanın ən yaxşı halını mənə verdi. Materialdan çox şey asılıdır. Material aktyoru uçuruma da apara bilər, sevdirə də bilər.
- Çoxsaylı izləyiciniz var. Ədəbiyyat da böyük bir kütləyə təsir edə biləcək qüvvəyə malikdir. Satira sayəsinsə məşhurlaşmağın, elə mədəniyyət adamları tərəfindən qısqanclıqla qarşılanmır?
— Qarşımı kəsməkdənsə, dəsək olsalar, daha yaxşı olar. Mənim etdiklərim özümüz üçündür. Gələcəyimizə töhfə verək. Gələcək nəsillərimizə şairlərimizi tanıdaq, gənclərimiz şou-bizneslə böyüməsin, ədəbiyyatla, şeirlə, Sabir satiraları ilə böyüsünlər. Mən gəlmişəm, gedəcəm. Qalan Sabir və satiraları olacaq. Dediyiniz kimi davransalar mənim deyil, Sabirin qarşısını kəsmiş olacaqlar.
- Nəsə maraqlı təkliflər almısımız?
— Satira vasitəsi ilə bir uğurlu layihədə iştirak üçün dəvət almışam. Bir futbol klubu üçün sənədli film çəkiləcək və orada rol alacam.
- Filmlərə çəkilmək üçün aktyorun nəyə ehtiyacı var: məşhurluğa, yoxsa istedada?
— İndiki zamanda əksər serialları biznesə çeviriblər. İndi belə problem var. Rejissorlar, kütləvi dinləyicisi olduğu üçün, müğənnilərə rol təklif edirlər. Bu da pis nəticə verir. Aktrisalar isə əziyyət çəkirlər, amma kənarda qalırlar.
- Şəxsən sizi rejissorlar hansı cəhətinizə görə filmə dəvət edirlər?
— Satirik janrda şeirlər səsləndirmədiyim dövrdə istedadıma görə. Amma düşünürəm ki, artıq bir qədər tanınmağım da təsir edir.