BAKI, 18 yan — Sputnik. "Əgər Suriyaya müdaxilə etməsəydik, Əsəd rejimi iki ya üç həftəyə düşəcəkdi". Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərlə keçirdiyi görüşündə deyib.
"Bəşər Əsəd bizdən Suriyaya müdaxilə etməyimizi istəyən zaman, paytaxt Dəməşq artıq müxaliflərin əlinə keçmək üzrə idi. İnanıram ki, biz müdaxilə qərarı verməklə doğru addım atdıq. Çünki Amerika İŞİD və bu kimi terror qruplaşmalarından Əsədi devirmək üçün istifadə edirdi" deyə — Lavrov əlavə edib.
Sergey Lavrovun bəyanatını Sputnik Azərbaycan-a şərh edən politoloq Qabil Hüseynli, rusların Suriyaya müdaxiləsinin prosesləri sağlam istiqamətə aparmadığını deyib:
"Rusiyanın Suriyaya müdaxiləsi Bəşər Əsəd rejimini gücləndirdi. Əvəzində bu ölkə demək olar ki, tar-mar olub. Aşağısı 10 milyon nəfər öz torpağından qaçqın və didərgin düşüb. Zənnimcə, rusların Suriyaya müdaxiləsi prosesləri sağlam istiqamətə çıxarmadı. Rusiya müxaliflərlə rejim arasında bağ yaratsa idi, dialoq prosesi başlatsa idi, bu daha yaxşı olardı. BMT tərəfindən irəli sürülmüş keçid hökuməti ideyası var idi. Bu ideya həyata keçsəydi, proseslər bu qədər dərinə getməzdi".
Qabil Hüseynliyə görə, Kreml rəhbərliyi Yaxın Şərqdəki problemlərə qarşı o qədər də həssas deyil: "Hələbin yerlə-yeksan edilməsi, Rusiyanın Hələb kimi tarixi şəhərdən poliqon kimi istifadə edərək öz yeni silahlarını sınaqdan keçirməsi, bu dövlətin Yaxın Şərqdəki problemlərə dair həssas olmadığını aydın göstərir. Əbəs deyil ki, bir çox qərb dövlətləri Hələbdə baş verənləri soyqırım adlandırdı və Rusiyanı hərbi tribunala verəcəklərini bildirdilər.
"Rusiya ən son ana qədər Bəşər Əsədin arxasında durmağa çalışacaq". Bunu isə Sputnik Azərbaycan-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
"Lavrovun dedikləri Rusiyanın əleyhdarlarına imkan verir ki, öz iddialarını əsaslandırsınlar. Çünki qərb hər zaman Kremlin Suriyada tərəf olduğunu iddia edib. Bəli, rəsmi Moskva artıq etiraf edir ki, Suriya münaqişəsində o Əsədin tərəfini saxlayır. Hesab edirəm ki, Rusiya son ana qədər Dəməşq rejiminin arxasında durmağa davam edəcək" — İlqar Vəlizadə bildirib.