BAKI, 17 yan — Sputnik. Azərbaycan qəribə ölkədir. Burada az qala hamı tarixçi, politoloq və siyasətçidir. Son zamanlar isə insanların kütləvi şəkildə tarixçi missiyasını öz üzərlərinə götürməsi düşündürücüdür. Əgər bütün bunlar xalqın öz tarixinə marağının göstəricisi olsaydı, belə hallara ancaq sevinmək lazım gələrdi. Yazıqlar olsun ki, proseslər əks-effekt verir.
Sanki hər kəs tarixçi libasına bürünür ki, öz tarixinə lənət oxusun. Bu proses, az qala milli faciə fonu almaqdadır. Tarixə həvəs təqdir ediləndir. Lakin diletant simaların tarixçi kimi hökm verməsi gülüncdür. Tibbi təhsili olmayan bir insanın mürəkkəb cərrahi əməliyyatda iştirak etməsi və yaxud tam məlumatsız birinin təyyarə sürməsi nə qədər əcaibdirsə, tarixçi olmayan insanın, az qala hər tarixi mövzuda peşəkar ekspert kimi çıxış etməsi də bir o qədər anormallıqdır.
Mərhum akademik Ziya Bünyadovun hər məqaləsi böyük ajiotaj doğururdu. Məsələn, Ziya Bünyadovun araşdırmalarından biri İmadəddin Nəsiminin ölümü ilə bağlı idi. O, Nəsiminin edam olunması və dərisinin diri-diri soyulması barədə məlumatları təkzib etmişdi. Akademik öz məqaləsində Nəsiminin necə öldürülməsi ilə bağlı qənaətlərin zəifliyi və bizə gəlib çatan materialların azlığından şikayət edir. Bildirir ki, müasir Azərbaycan şərqşünasları Nəsiminin edamına aid faktları, yalnız türk alimi Əbdülbaqi Gölpınarlının "İslam ensiklopediyası"nda əksini tapan "Nəsimi" adlı məqaləsindən götürüb və bununla da kifayətləniblər.
Bu, bir tarixçi alimin konkret məsələyə münasibəti idi. Lakin bu gün ixtisası tarixçi olmayanların tarixi proseslərə münasibətində heç bir mənbəyə istinad edilmir.
Gündəmə gəlmək üçün tarixi şəxsiyyətləri aşağılamaq missiyası yolverilməzdir. Dünyanın heç bir yerində tarixi şəxsiyyətlərə münasibət birmənalı deyil. Lakin heç bir xalq Azərbaycanda olduğu kimi tarixi şəxsiyyətlərinə bu dərəcədə nifrət bəsləmir.
Tarix tarixdir. Milləti aşağılamaq nə dərəcədə anormaldırsa, tarixlə alver etmək də bir o qədər ağlasığmazdır. Lakin istənilən halda tarixlə tarixçilər məşğul olmalıdır. Bu gün Babəki təftiş edənlər akademik Ziya Bünyadovun bu barədə elmi araşdırmalarından bir cümlə belə, oxumayanlardır. Tarixi qəhrəmanlara münasibət birmənalı ola bilməz. Sovet dövrünün ideoloji maraqlarına görə yaradılmış yalançı qəhrəmanlara münasibət dəyişə də bilər. Lakin bir millətin simvolu olan şəxsiyyətləri yıxıb, milləti aşağılamaq yanlış tendensiyadır. Bu məsələdə ifrata getmək isə ikiqat yanlışlıqdır.
Məhəmməd Əmin Rəsulzadənin fəaliyyətini də təftiş etmək olar. Lakin bunu da tarixçi etməli, konkret faktlara istinadlar olmalıdır. Bir baytarın emosional bağırtısı və yumruq silkələməsi fonunda həqiqəti tapmaq imkansızıdır.
Millətə bir simvol, bir təqlid rəmzi lazımdır. Heç nə təklif etmədən, qarşına çıxan hər kəsi ayaqlar altına atmaq çıxış yolu deyil. Milləti daha da məyusluğa uğratmaq əks effekt verir. Milli qəhrəmanlarımıza münasibətdə daha sayğılı olmağa məhkumuq. Almanlar hətta Hitleri, italyanlar Mussolinini aşağılamağa imkan vermirlər. Bizdə isə bəzi aydınlarımız tariximizi ləkələməklə işlərini bitmiş hesab edirlər.
Gündəm yaratmaq, müzakirəni şouya çevirmək həvəsində olan cılız simaların müzakirələrdə iştirakı proseslərə kölgə salır. Tarixlə elə tarixçilər özləri məşğul olsalar, daha yaxşıdır. Hüquqşünasın, patoloqoanatomun tarixi proseslər barəsində sərt bəyanatlarını isə ciddiyə almaq lazım deyil…