CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixə keşik çəkən adam

© Sputnik / Ilham AhmedovРуслан Мамедов
Руслан Мамедов - Sputnik Azərbaycan
Abunə olmaq
Şəxsi kitabxanasında, qədim əlyazmaları, müxtəlif əsrlərdə çap olunmuş nadir nüsxəli kitabları və müasir ədəbiyyat nümunələrini mühafizə edir

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 5 yan — Sputnik. Qəbələ rayonunun Duruca kənd sakini Ruslan Məmmədov, 20 ildən çoxdur ki, qədim və nadir nüsxəli kitabları toplamaqla məşğuldur. O, son vaxtlar şəxsi kitabxanasını daha da zənginləşdirib və turistlərin ən çox gəlib-getdiyi, Qəbələnin Duruca kəndindəki evində muzey və kitabxana yaradıb.

Tar ustası Nəsib Quliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
32 il sonra qarşısına çıxan əsərini yandırdı

Şəxsi kitabxanasına topladığı 2100-ə yaxın qədim əlyazmaları, müxtəlif əsrlərdə çap olunmuş nadir nüsxəli kitabları və müasir ədəbiyyat nümunələrini mühafizə edir. Onlar arasındakı ən qədim kitabın 725 yaşı var. Ərəbcə olan həmin əlyazma-kitab "Qurani-Kərim"in təfsiridir.

R. Məmmədovun kitabxanasında olan, Əssar Təbrizinin "Mehr və Müştəri" əlyazmasının 420, İmam Birqivinin risaləsinin şərhindən ibarət əlyazmasının 290, Seyid Əzim Şirvaninin "İbtidai qəzəliyyat" kitabının 100 yaşı var. "Mehr və müştəri" kitabının qədim və nəfis əlyazmaları hazırda İngiltərə, Rusiya, Türkiyə, İran və Hindistanın kitabxanalarında mühafizə edilir. Ölkəmizdə bu kitabın cəmi 4 nüsxəsi mövcuddur ki, onlardan 3-ü Əlyazmalar İnstitutunda, biri isə Ruslan Məmmədovun şəxsi kitabxanasındadır.

Məmmədovun mühafizə etdiyi ən kiçik ölçülü "Qurani-Kərim" kitabının uzunluğu 4, qalınlığı 2 santimetrdir. Səkkizguşəli bu əlyazma kitabın 310 yaşı var.

O, şəxsi kitabxanasında ümumilikdə, 300-dən artıq nadir əlyazma saxlayır. Qədim kitabları toplamaqla yanaşı, onları bərpa edərək ömrünü uzadır. Kitabların üzünü yenidən cildləyir, səhifələrini müxtəlif üsullarla bərpa edir.

© Sputnik / Ilham AhmadovRuslan Məmmədovun şəxsi kitabxanasında ümumilikdə, 300-dən artıq nadir əlyazma var
Ruslan Məmmədovun şəxsi kitabxanasında ümumilikdə, 300-dən artıq nadir əlyazma var - Sputnik Azərbaycan
Ruslan Məmmədovun şəxsi kitabxanasında ümumilikdə, 300-dən artıq nadir əlyazma var

R. Məmmədov müxtəlif sahələrə aid kitablarla yanaşı, qədim kağız pullar və metal sikkələr, markalar, məişət əşyaları da toplamaqla məşğuldur. Həmin kağız pullar arasında M. Ə. Rəsulzadənin tapşırığı ilə, 1920-ci ildə hazırlanmış Azərbaycan Xalq Cümhuriyyətinin 500 manatlıq milli pulu və Nadir şahın əmri ilə hazırlanan əskinaslar diqqəti çəkir.

Bu günədək 200-ə yaxın belə qədim əşya və əskinas topladığını deyir: "Qədim kitabları, əskinaz və məişət əşyalarını müxtəlif rayonlarda yaşayan insanlardan toplayıram. Kitabxana və muzeyimi daha da zənginləşdirmək niyyətindəyəm".

Həmsöhbətimiz, kitab və eksponatları ilə tanış olmaq istəyənlərə hər zaman şərait yaratdığını bildirir. O, Qəbələ rayonunda, Dəmiraparan çayının sahilində yerləşən Duruca kəndindəki evində bu muzey və kitabxananı yaratmaqla, Azərbaycan xalqının qədim mədəniyyətinin, tarixinin, ədəbiyyatının, dini inancının, sənətkarlıq bacarığının necə yüksək olduğunu yerli və xarici turistlərə nümayiş etdirir.

Qeyd edək ki, Duruca kəndi Qəbələ şəhərinin şimalında inşa edilən "Tufandağ" Qış-Yay İstirahət Kompleksinin yaxınlığında yerləşir ki, bu da gələcəkdə həmin əraziyə gələn turistlərin, Ruslan Məmmədovun qoruyub saxladığı qədim-maddi mədəniyyət nümunələri və kitablarla yaxından tanış olmasına imkan yaradacaq.

Xəbər lenti
0