Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
Azərbaycandakı maliyyə böhranı əhalinin vəziyyətinin yaxşılaşdırılması üzrə konkret addımlar atılmasa kriminogen vəziyyətin daha da kəskinləşməsinə səbəb olacaq. Bu barədə Sputnik-ə açıqlamasında miqrasiya məsələləri üzrə ekspert, Strateji planlaşdırma mərkəzinin rəhbəri Əhməd Şirinov bəyan edib.
Onun sözlərinə görə, urbanizasiyanın son dalğası artıq sosial təbəqləşmənin və gərginliyin artmasına səbəb olub.
"Urbanizasiya və miqrasiya – cəmiyyətdə cinayətkarlığın artmasına və iş yerlərinin çatışmazlığına səbəb olan əsas amillərdir. Müəssisələr və hökumət sürətlə artan əhalinin iş tələbatını ödəmək üçün kifayət qədər iş yerləri təqdim edə bilmirlər. Nəticədə yüksək səviyyədə işsizlik müşahidə olunur. Əhalinin yoxsulluğu ümumilikdə iqtisadi artımın templərinə təsir edəcək. Hökumətin əhali yoxsulluğunun qarşısını ala bilməməsi artıq oğurluq və əmlak xarakterli digər cinayətlərin artmasına səbəb olub", — deyə ekspert bildirib.
O qeyd edib ki, ərzaq və digər məhsulların qiymətlərinin artması ilə bağlı ölkə əhalisinin xeyli hissəsi zərər görüb: "İnsanlar özlərini itiriblər, nə ilə məşğul olacaqlarını bilmirlər. İlk sosial zərbə çətinliklərə davam gətirməyən zəif xarakterli insanlara dəydi".
Ekspertin sözlərinə görə, Sumqayıtda bu yaxınlarda baş vermiş hadisə vətəndaşların yoxsul həyat tərzini bariz surətdə göstərir. Ərzaq dükanının müşahidə kamerası oğurluq məqamını çəkib. Gənc kişi dükana girərək oradan bir neçə yumurta, çörək və uşaq bezləri götürür. Başqa şeylərə əl dəymir. Lakin dükan sahibi polisə xəbər vermir, sadəcə videonu internetə yerləşdirir.
"Aydındır ki, kişinin maddi problemləri var imiş. O saxlamalı olduğu bir ailənin başçısıdır. Düzdür, o oğurluq edib, amma əslində oğru deyil", — deyə Şirinov bildirib.
Ekspert bildirib ki, inanlar yaşamaq uğrunda mübarizə aparacaqlar və bu proses cinayətlərin artım dinamikasına təsir edəcək.
Hüquq-mühafizə orqanlarından isə demək olar ki, hər gün polisə ərzaq oğurluğu barədə siqnalların daxil olduğu barədə məlumat veriblər.
Əgər 10 il əvvəl Bakının mərkəzi Yasamal, Nəsimi, Nərimanov rayonları ən kriminal rayonlar sayılırdılarsa, hazırda “birincilik” Binəqədi, Suraxanı, Sabunçu və Xəzər raonlarındadır.
Polislər bildirirlər ki, bu, bir sıra amillərlə əlaqədardır. Şəhərin kənar rayonlarında hazırda daha çox bölgələrdən köçmüş əhali yaşayır. Bir çox hallarda işi və hətta evi olmayan bu “gəlmələr” qarətlə məşğul olurlar.
Bundan əlavə, paytaxt dəyişir; məsələn, Yasamal rayonundan köhnə yaşayanları çoxdan köçürüblər. Növbədə Nəsimi rayonunun bir sıra məhəllələridir (məşhur “Kubinka” da buradadır). Həmçinin Binəqədi və Sabunçu rayonları yenilənir. Beləliklə, Bakının mərkəzində əhalinin sıxlığı azalır, ucqarlarda isə, əkisinə, artır.
DİN-in statistik göstəricilərinin təhlili göstərir ki, cinayətkarlıq əsasən əmlak cinayətləri – fırıldaqçılıq və əmlak oğurluğu hesabına artır. Azərbaycanda axtarışda olan hər üçüncü şəxs fırıldaqçılıqda ittiham edilir.
Öz növbəsində, istefada olan polis polkovniki Şəmsəddin Əliyevin Sputnik-ə bildirdiyinə görə, cinayətkarlığın olmadığı cəmiyyət yoxdur.
"İslahatıar və cəmiyyətdəki dəyişikliklər özü-özlüyündə yeni növ cinayətlərin əmələ gəlməsi üçün zəmin yaradırlar. Digər tərəfdən, təbii ki, işsizlik vətəndaşları cinayətə sövq edən səbəblərdən biridir.
Məişət zorakılığının artmasından danışan Əliyev qeyd edib ki, ziyalı ailələrdə bir qayda olaraq məişət zorakılığı olmur, çünki elə ailələrdə geniş dünyagörüşü, düşüncə tərzi oluduğundan qarşılıqlı hörmət də olur. Primitiv düşüncəli ailələrdə adətən zorakılıq halları çox olur", — deyə Əliyev bildirib.
Onun sözlərinə görə, ölkədə cinayətkarlıq halları artır. 2015-ci ildə ölkə üzrə 27 min cinayət hadisəsi qeydə alınmışdı. Əgər əvvəllər bir gündə 50 cinayət qeydə alınırdısa, indi sutkada 100 cinayət normadır. Lakin, MDB ölkələri ilə müqayisədə Azərbaycanda hər 100 min nəfərə görə cinayətin sayı daha azdır.
"Niyə artım var? Fırıldaqçılıq, xuliqanlıq, qanunsuz narkotik dövriyyəsi və əmlak oğurluğu hesabına. İl ərzində 2 mindən artıq fırıldaqçılıq faktı qeydə alınır. Cinayətkarlığın ümumi açılma göstəricisi 85%-dir və bu yaxşı göstəricidir. Bu göstərici polisin əhali ilə sıx təmasda olduğunu sübut edir", — deyə Əliyev əlavə edib.
Onun sözlərinə əsasən, Azərbaycandakı kriminogen vəziyyəti ağır olaraq dəyərləndirmək olmaz. Terrorçuluqla yüksək səviyyədə mübarizə aparılır. Quldur dəstələrinin fəaliyyətinin qarşısı kökündə alınır. Odlu silahdan istifadə ilə törədiləb cinayətlərin sayı çox azdır.
Hüquq-mühafizə orqanları təmsilçilərinin bildirdiklərinə görə, hələlik ölkədəki kriminogen vəziyyətə nəzarət olunur. Lakin artıq indidən cinayətkarlıqla mübarizədə qabaqlayıcı tədbirlər həyata keçirmək lazımdır. Bu zaman yalnız Bakı küçələrində polis patrullarının sayını artırmaq yox, bütün ölkə polisinin fəaliyyətini təkmilləşdirmək lazımdır.