BAKI, 28 apr — Sputnik. Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Cinayət axtarış bölməsinin əməkdaşları, Sabunçu Rayon Polis Şöbəsindən olan həmkarları ilə mütəşəkkil cinayətkar qruplaşmanın üzvlərinin tutulması ilə bağlı uğurlu əməliyyat həyata keçiriblər. Bu barədə Sputnik-ə BŞBPİ-dən məlumat verilib.
məliyyat nəticəsində Sabunçu qəsəbəsinin sakinləri İbayev Namiq Həbulla oğlu, Quliyev Kamil İsrafil oğlu, İbrahimov Orxan Rəfael oğlu və Həşimov Namiq Ağacan oğlu saxlanılıb. Saxlanma zamanı əməliyyatçılar İbayevin üzərində 2,688 qram heroin aşkar ediblər. Daha 120,201 qram heroin İbayevə məxsus "Mercedes" markalı avtomobilin baqajında aşkar edilib. Bundan əlavə, polislər onda "Kalaşnikov" avtomatı və 32 patron aşkar edərək götürüblər.
Quliyevə məxsus VAZ-2104 markalı avtomobildə əməliyyatçılar 128 qram heroin və Naqan tipli tapança aşkar ediblər. İbrahimovdan 148,4 qram, Həşimovdan isə 124,28 qram heroin aşkar olunub. İbtidai istintaq zamanı aşkar olunub ki, İbayev bu ilin fevralında baş vermiş xuliqanlıq aktında günahlandırılır.
Polisdən bildirilib ki, saxlanılanlar kriminal aləmdə nüfuza malikdirlər və iki məşhur "qanuni oğru"nun adamlarıdırlar. İlkin məlumata əsasən, həm kriminal aləmdə Rövşən Lənkəranski adı ilə tanınan Rövşən Canıyevin, həm də hazırda 8 saylı cəzaçəkmə müəssisəsində olan Nadir Səlifovun (Lotu Quli) adamları var.
Polis orqanlarında olan başqa bir mənbənin bildirdiyinə görə, son 4 gün ərzində Bakıda keçirilmiş xüsusi əməliyyatlar nəticəsində "kriminal avtoritet"lərin başçılıq etdikləri mütəşəkkil cinayətkar qrupların 60-dan artıq üzvü saxlanılıb. Hazırda saxlanılan şəxslərin və müsadirə edilən silahların daha öncə törədilmiş cinayətlərə aid olub-olmaması yoxlanılır.