Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 2 dek — Sputnik. Qax rayonunda qəribə oğurluq hadisəsi baş verib. Belə ki, evdə heç kimin olmadığına əmin olan oğrular, rahatlıqla oğurluq hadisəsini planlaşdırıblar. Ancaq istəkləri ürəklərində qalıb. Ev sahibi qəfildən evinə geri dönüb və qapıda dəvətsiz qonaqlarla qarşılaşıb.
Qaxlı oğruların hədəfi qoyunlar olub. Qarabaldır kənd sakini Telman Paşayev tövləyə daxil olarkən, qapıda xırda buynuzlu heyvanları oğurlayaraq aparmaq istəyən iki nəfər nəməlum şəxslə qarşılaşıb. Oğrular ev sahibini gördükdə, xırda heyvanları buraxıb qaçmaq istəyiblər.
Bu zaman Telman Paşayev qonşuları köməyə çağırıb. Hələlik adları açıqlanmayan iki nəfər şəxs kənd sakinləri tərəfindən tutularaq Qax rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib. Hadisə yerinə çağırılmış polis əməkdaşlarının apardıqları ilkin istintaq zamanı məlum olub ki, oğrular kəndə "Hyundai" markalı minik avtomobili ilə gəliblər və onlar maşını kəndin aşağı hissəsindəki qəbiristanlığın yanında saxlayıblar.
Qax RPŞ-dən Sputnik-in bölgə müxbirinə verilən məlumata görə, hazırda hadisə ilə bağlı araşdırma aparılır. Sadəcə o fakt məlumdur ki, Qarabaldır kəndində iri və xırdabuynuzlu heyvanların oğurlanması son vaxtlarda adət halını alıb.
Heyvanları oğurlanan kənd sakinləri dəfələrlə oğrunu tutmağa çalışsalar da, buna müvəffəq olmayıblar. RPŞ-yə daxil olan müraciətlər də işə yaramayıb, çünki polis mal-qara oğrularının kimlər olduğunu müəyyən edə bilməyib. RPŞ-nin əməkdaşları əmindirlər ki, Qarabaldır kəndində yaxalanan oğrular əvvəllər də kənddə baş vermiş oğurluq hadisərlərinin izinə düşməkdə onlara kömək edəcək.