BAKI, 18 dek — Sputnik. Türkiyə, yarım əsri aşan bir müddətdir ki, müttəfiqi olan Qərb klubundan sürətlə uzaqlaşır. Qərbin əsas dəyərləri ilə heç bir ortaq tərəfi olmayan, mədəniyyət cəhətdən Şərqə aid olan, min illik mədəniyyətinin qaynağı İslam dünyasına daim öndərlik edən Türk milləti, Qərb dünyasından ard-arda zərbələr aldı və bu zərbələr nəticəsində yenidən istiqamətini öz coğrafiyasına və aid olduğu mədəniyyətə çevirdi.
Türk millətinin Qərbə, Qərbin təmsil etdiyi dəyərlərə olan inancı, son illərdə yaşanan siyasi hadisələrlə sarsıldı. Qərbin, sözdə "ərəb baharı" olaraq başlatdığı proses müddətində sərgilədiyi əsassız və səmimiyyətsiz siyasəti, Türkiyənin birlik və bütövlüyünə qəsd edən xain və separatçı ünsürlərə qucaq açan rəftarları və nəhayət 15 iyul xain çevriliş cəhdinin təşkilatcısını geri vermək istəməməsi, Türk millətinin üzünü Qərbdən çevirməsinə səbəb oldu.
Qərbdən həm ruhən, həm də reallıqda uzaqlaşan Türkiyə, Şanxay Əməkdaşlıq Təşkilatına yanaşmağa başladı. Xüsusilə 15 iyul hadisələrində, sözdə qərbli dostlarımızın Türkiyənin yanında yer almaq yerinə, vəziyyətin seyrinə görə riyakar mövqe sərgiləmələrinə qarşılıq, Rusiyanın Türkiyəyə sahib çıxması, Ərdoğan ilə Putin arasındakı buzları əritdi. Dünyanın güc balansında kiminlə əməkdaşlıq etsə, o tərəfin üstün gələcəyi bir ölkə olan Türkiyə ilə yaxınlaşmaq və vəziyyəti lehinə çevirmək üçün Rusiya tarixi fürsət əldə etdi.
Türkiyənin Avropa Birliyindən və Natodan ayrılması halında, Rusiyanın özünü daha təhlükəsiz hiss edəcəyi şübhəsizdir. Türkiyə Rusiya üçün Aralıq dənizinə və bu səbəbdən də isti dənizlərə açılan bir qapıdır. Eyni zamanda da, milli təhlükəsizlik konsepsiyasını dizayn edərkən, ən çox nəzərə almaq vəziyyətində olduğu, coğrafi və geosiyasi mövqeyi etibarı ilə enerji əsası və körpüsü olmağa ən uyğun torpaqların sahibi olan bir ölkədir. Yəni Türkiyənin mühüm əhəmiyyəti və dəyəri var Rusiya üçün.
Türkiyədəki yön dəyişmə siyasətinin, Rusiya-Çin xəttində müsbət və hətta son dərəcə həyəcanla qarşılanması, İran cəbhəsində ciddi narahatlığa səbəb oldu. Uzun zamandır Rusiya ilə ortaq hərəkət edən İran, Türkiyənin də bu blokda yer alması ilə dəyərinin azalacağına inanır. Bunun ən bariz göstəricisi, bir neçə gün əvvəl Rusiya ilə Türkiyənin Hələbdə atəşkəs razılığı əldə etməsinə qarşılıq, İranın buna açıq-aşkar qarşı çıxması oldu.
Türkiyə, yeni istiqamətləri ilə həm dünya güc tarazlığını, həm də Rusiya ilə İran arasındakı qədim həmrəylik və əməkdaşlığa söykənən regional tarazlıqları alt-üst etməyə başladı. Rusiya, hər baxımdan özünə ən möhkəm tərəfdaş olaraq İranın yerinə Türkiyəni qoymaqdan imtina etməyəcək. Bəlkə bir az şişirdilmiş olacaq, amma rus siyasətçi Vladimir Jirinovskinin də dediyi kimi, "Rusiya cənub-qərbindəki sərhəd təhlükəsizliyini Türkiyəyə həvalə edə bilər, artıq".
Avrasiya Birliyi, Türkiyənin genetik kodlarına dönməsinə, sahib olduğu tarixi və mədəni missiyasına müraciət etməsinə və bölgəsində lider ölkə olmasına imkan verəcəkmi? Zamanla görəcəyik, amma bunu söyləmək qəbahət olmaz, hər halda: "Qərbdən qopmaq — qandallardan qurtuluşdur. Qandalsız bir Türkiyə, yeni dünya nizamında əsas oyunçu olacaq".