BAKI, 14 dek — Sputnik. Yaxın Şərqdə hər gün yüzlərlə dinc sakinin qanı axır. Prinsip etibarilə, Yaxın Şərqi qan içində boğan, islam dünyasını öz vassalına çevirmək uğrunda əsrlər boyunca mübarizə aparan güclərin niyyəti işğalçılıqdır. Yaxın Şərq ölkələri də bölgə liderliyi uğrunda savaş aparır. Nə Türkiyə, nə İran, nə də Misir islam dünyasının liderinə çevrilə bilir.
Yaxın Şərq ABŞ-ın forpostu olmaqdan uzağa getmir. Müstəmləkəçiliyin istənilən forması iyrəncdir və konfetin hansı kağıza bürünməsini xatırladır. ABŞ kimlər üçünsə demokratiya qibləsidir. Kimlər üçün isə səlib yürüşü həyata keçirən, demokratiyanı neftə qurban verən, maraqları naminə diktatorları bəsləyən bir ölkədir.
Bəziləri ABŞ-a səcdə edir. Hamını "yıxıb-sürümək" olar, yüz minlərlə insanı məhv edən, Yaponiyaya atom bombası atan, Quantanamoda konslager yaradan ABŞ barədə isə bir kəlmə də yazmaq olmaz. Demokratiya ABŞ-a tənqidi münasibətə şamil oluna bilməz. Azərbaycanda demokratiyanın qəbirqazıyanı olan amerikalıları tənqid etmək "Vaşinqton cocuqları" üçün yolverilməzdir. Karyera və maliyyə axını kəsilə bilər.
Kimlər üçün isə İsrail müqəddəsdir. Dünyanın maliyyə və siyasi mərkəzlərini əllərində saxlayanlara qarşı adi bir tənqid linç olunmaq təhlükəsi yaradır. Digərləri üçün isə İsrail kiçik şeytandır. Hətta onun dünyada ən güclü olan səhiyyəsini də təqdir etmək olmaz.
Kimlər üçünsə İran adlı ölkə mövcud deyil. Başqaları üçün isə İran torpağının hər qarışı səcdə edilməyə layiqdir. İran əhalisinin əksəriyyətini təşkil edən türklərin təqibindən bir kəlmə yazsan, daşqalaq oluna bilərsən.
Azərbaycan diplomatiyasının kursu barədə fərqli fikrə malik olmaq olar, lakin ölkəni kiminsə müstəmləkəsi kimi görmək əbləhlikdir. Son 30 ildə Azərbaycan Rusiyanın və İranın təzyiqlərinin, ABŞ və İsrailin demokratiyanı dəfn etməsinin şahidi olub. Bu fonda Türkiyə də müstəqil siyasət apara bilməyib.
Ankaranın Azərbaycana münasibəti Vaşinqtonun yanaşmasından asılı olub. Çünki Türkiyə özü tam mənada müstəqil olmayıb. Siyasi kursu ABŞ-dan asılı olub. SSRİ 1960-80-ci illər ərzində Türkiyə kommunistlərinə hərtərəfli yardım göstərib. Əvəzində ABŞ Türkiyədəki digər siyasi və ideoloji cinahlara hər cür yardım edib və bunun qarşısını alıb. Super güclər Türkiyədə nüfuz savaşı aparıb, bunun qurbanı kimi isə sadə türklər seçilib. 20 il ərzində solçu və sağçı tələbələr oynanılan oyunun mahiyyətini anlamadan bir-birlərinin qanını töküblər. Bunu izah etmək istəyənlərin isə səsi kəsilib.
Böyük siyasi oyunlara kənar baxışla baxmaq, müdaxilə etmək, insanları azad düşünməyə səsləmək olmaz. Bunun cəzası ağır ola bilərdi. Türkiyə indi ABŞ-ın bir ştatı olmaq istəmədiyini nümayiş etdirir. Bunun da cəzasını çəkir.
Ayrı-ayrı ölkələrə səcdə edənlər sabahın iqtidarı, nazirləri, müxalifət liderləridirlər. Ölkədə yeni, azad düşüncəli, sırf ölkənin gələcəyini düşünən, kimlərinsə "beşinci kolonu" olmaq istəməyin sosial qrupların formalaşdırılması zərurəti yaranıb. Fərqli düşünmək, alternativ paradiqmalar təklif etmək, bütləri sındırmaq elə bu məqsədə xidmət edir. Proseslərə fərqli yanaşan hər bir məqalə, kitab, müsahibə, bəyanat sabah milyonlarla azad düşünən insanın yetişdirilməsinə xidmət edir.
Azərbaycanı hər hansı bir ölkənin müstəmləkəsi etmək istəmiriksə, bunu düşünməliyik. Azərbaycanda bu gün düşünməyin özü, kimlər üçünsə qorxuludur. Tərəfdarlarını düşüncəsiz robota çevirmək isə böyük fəsadlar törədir. Odur ki, düşünmək lazımdır. Düşündüyünü cəmiyyətə çatdırmaq lazımdır. Düşünə bilməyənlərin düşüncəsinə isə məhəl qoymamaq da olar…