BAKI, 23 noy — Sputnik. Avropa miqrant problemindən əziyyət çəkir. Öz ölkələrindəki müharibələrdən, aclıqdan, səfalətdən yaxa qurtarmaq üçün Qərb ölkələrinə sığınan müsəlman mənşəli insanlarla, orta statistik avropalılar arasında yaşanan qarşıdurma barədə düşünməyə dəyər.
Miqrantlar arasında cinayət törədənlər, terror edənlər də az deyil. Artıq bir çox ölkələrdə, məsələn, Fransada ərəb miqrantlarını deport etmək çağırışları səslənməkdədir. İlk baxışdan, Şərq və Qərb yaşam tərzi üz-üzə gəlir. Miqrantların içərisindən çıxan hansısa bir gerizəkalının tərətdiyi hər bir qanun pozuntusu islamafoblar üçün bir bəhanə olur. Lakin bu, ayrı bir araşdırma mövzusudur.
Fransaya mühacirət edən bir ərəb miqrant jurnalistlərə bildirib ki, ərəblərin bu ölkədə törətdiyi fransızların vaxtilə Əlcəzairdə elədiyi soyqırım siyasətinə bir cavabdır. Lakin Fransa yalnız Əlcəzairdə törətdiyi soyqırımı ilə yadda qalmayıb. Bu ölkə Qərb mədəniyyətinin beşiyi hesab edilə bilər. Əlcəzairdə doğulan, Fransaya Nobel mükafatı gətirən ekzistensializmin parlaq nümayəndəsi Alber Kamyu, böyük humanist Viktor Hüqo, tarixi romanlar müəllifi Aleksandr Düma, elmi fantaziyanın yaradıcılarından olan Jül Vern, hamının sevimlisi Onere de Balzak Fransa mədəniyyətinin nümayəndəsidir.
Mane, Qoqen kimi rəssamlar, Moris Ravel kimi bəstəkar, Jo Dassen, Mirey Matye kimi müğənnilər, Jan Pol Belmando, Jan Qaben, Alen Delon kimi aktyorlar, Blez Paskal, Andre — Mari Amper kimi alimlər, Jozef Fuşe, Napoleon, Pobespyer, Taleyran kimi siyasətçilər, ekzistensializmin banisi Jan Pol Şarl Sartr kimi filosof Fransadan çıxıb.
Fransa dahilər ölkəsidir. Götürək, Evarist Qaluanı. Cəmi 20 il, 6 ay yaşamaqla zəngin bir bioqrafiya nümunəsi qoya bilib. Qalua riyaziyyat sahəsində köhnə təsəvvürləri alt-üst edib. 19 yaşında öz aksiomlarını irəli sürüb, teoremləri sübuta yetirib. Bu gün müxtəlif rəqəmsal televiziya kanallarında informasiyaların rabitə kanalları vasitəsilə ötürülməsi onun kəşflərinin töhfəsidir. Halbuki, Qalua televiziya əsrinin gələcəyini heç ağlına da gətirməzdi. Bu gün onun yaratdığı qruplar nəzəriyyəsi riyaziyyatda "Qalua sahəsi" adlanır.
Bu ölkənin tarixində nələrisə bəyənməmək olar və bəlkə də vacibdir. Fransanı əlcəzairliləri qırdığına görə lənətləmək də olar. Lakin bu ölkənin bəşəriyyət üçün etdiklərini unutmaq ədalətsizlik olardı. Fransa və ya digər Avropa ölkələrinə Yaxın Şərqdən köçənlər anlamalıdırlar ki, ayrı bir sivilizasiyada yaşamağa başlayıblar və yaşadıqları mühitə hörmət etməlidirlər. Fələstində, Yaxın Şərqdə tökülən qanların əvəzini, yalnız dünyaya dühalar bəxş etməklə çıxmaq olar.
Fransız xalqı bunu edə bildi. İslam dünyası da bunu etməyi bacarmalıdır. Bunun üçün zəmin də mövcuddur. Bu gün Avropa islam alimlərinin kəşflərinə minnətdar olmalıdır. 8-ci əsrdə ilk kağız fabrikini yaradan İbn Fazil, tibbidə çevriliş edən İbn Sina, 15-ci əsrdə mikrobun mövcudluğunu kəşf edən Ağ Şəmsəddin, 10-cu əsrdə cüzamı müalicə edən İbn Cəssar, 14-cü əsrdə vəba xəstəliyinin müalicəsində inqilab edən İbn Hatil, 12-ci əsrdə bir çox xəstəliklərə əlac tapan İbn Ruşd və Əli ibn İsa, cərrahiyə sahəsində elmi çevriliş edən Əbu Qasim Zəkravi, riyaziyyatda 8-ci əsrdə böyük nailiyyət qazanan Harizmi, bu sahənin ən böyük siması olan Bəttani, Əbul Vəfa (9-cu əsr), astronomiyada Maşallah (9-cu əsr), fizikada Fərabi (10-cu əsr), kimyada Cabir ibn Hayyan (8-ci əsr), 13-cü əsrdə Nəsrəddin Tusi, coğrafiyada Biruni (10-cu əsr), fəlsəfədə ibn Haldun (15-cu əsr) və onlarla başqaları öz elmləri ilə bəşəriyyətə başucalığı qazandırıblar.
Bu gün Qərbdə bu insanları unudublar. Bir neçə zəkasız insana görə müsəlman dünyası terrorla assosiasiya edilir. Bunun bir günahı da elə müsəlman dünyasının özündədir. Təhsilsiz, elmsiz qalan toplumların sonu faciəli olur. Güclü olmaq elmlə olur. Kimin üstün olması, yalnız elmdə, mədəniyyətdə müzakirə predmeti ola bilər. Elm və təhsil olan yerdə isə terrora yer qalmır…