BAKI, 14 noy — Sputnik. Təxminən, iki həftə öncə türk mətbuatında diqqətimi bir xəbər çəkdi. Emre Yağcıoğlu və Turqut Mesud Yılmaz adlı iki gənc, Ege Universitetini bitirdikdən sonra, universitetin Texnoloji Tədqiqat şöbəsində tədqiqatlar aparağa başlayırlar. Onlar heyvan və bitki mənşəli tullantılardan elektrik və qızdırıcı sistem yaratmaq üzrə çalışırlar.
"Bioloji tullantılar və pendir suyu ilə bioqaz istehsalı" layihəsi üzərində çalışan E. Yağcıoğlu, pendir suyu, meyvə tullantıları, toyuq məhsulları, zeytun və sairdən yararlanaraq, elektrik istehsal edən reaktor ixtira edir. Biomühəndislik ixtisasının məzunu olan T. M. Yılmaz isə, həmin tullantılar vasitəsilə isitmə sistemi cihazı düzəldir.
Gənclərin ixtiraları mənzilləri həm elektrik, həm də isitmə sistemi ilə təchiz etməyə qadirdir. Onların sayəsində elektrik və qaza 20 faiz həcmində qənaət etmək mümkündür.
Və Türkiyədə onların ixtiraları hələ dar çevrələrdə müzakirə olunarkən, ABŞ-dan, bu ölkənin beyin mərkəzi hesab olunan Silikon Vadisindən Emre və Turquta təklif gəlir: "Bizimlə çalışmağınızdan qürur duyarıq. Ən qısa zamanda sizləri aramızda görməyi arzu edirik" deyə.
Bu hadisə, təxminən 15 il əvvəl Azərbaycanda da yaşanmış bənzər olayı yadıma saldı. 1998-2009-cu illərdə keçirilmiş məktəblilərin Beynəlxalq Mendeleyev olimpiadalarını xatırlayanlar var. Həmin olimpiadalar çərçivəsində, 2002-ci ildə Qazaxıstanda (Almaata) baş tutmuş olimpiadanın bürünc medalını azərbaycanlı Cavadov Araz Soltan oğlu qazandı. Lənkəran Özəl Türk Litseyinin məzunu olan Araz, həmçinin 2002-ci ildə Hollandiyada (Gröningen) keçirilən olimpiadanın da qaliblər sırasında yer aldı.
Məsələnin maraqlı tərəfi odur ki, A. Cavadovun bu yüksək nəticəsi Azərbaycanda kimsənin diqqətini çəkmir. Heç bir ali məktəb onun beynindən, zəkasından, istedadından yararlanmaq, bu dühanı dövlətin gələcəyi, millətin rifahı yolunda hərəkətə keçirmək barədə düşünmür. Və çox keçməmiş M. V. Lomonosov adına Moskva Dövlət Universitetindən Araza belə bir təklif gəlir: "Beynəlxalq olimpiadada qazandığınız uğurlu nəticədən dolayı, sizi imtahansız universitetimizə qəbul etməyə, həmçinin burada təhsil almağınız üçün bütün şəraiti yaratmağa hazırıq".
… Əgər dövlət ərazisinin böyüklüyünə, millət say çoxluğuna görə dünyada hörmət sahibi olsaydı, 1.5 milyon kvadratmetr əraziyə sahib Monqolustan və 240 milyon əhalisi olan İndoneziya, dünyanı idarə edən 10 dövlət sırasında qərar tutardı. Yaxud, qədim tarixə malik olmaq, hər yerdə sinəyə döyüləcək fəxarət, xüsusi imtiyaz hesab olunsaydı, gərək bu gün bütün dünya misirlilərin qarşısında baş əyəydi.
Amma, bu gün onları dünya siyasətinin 100-cü pilləsində də görə bilmirikmi?— Bilmirik. Və əksinə, əhali və ərazi ölçülərinə, ən qısa dövlətçilik tarixinə görə dünya dövlətləri siyahısının sonuncu pillələrində qərar tutan İsrailin barəsində eyni həqiqəti düşünə bilərikmi?— Yenə bilmərik.
Həqiqət odur ki — millətin sayı onun yetişdirdiyi zəkaların sayına, dövlətin ərazisi isə, hər kvadratmetrinə düşən zəkaların sayına bərabərdir. Və həmin millətə-dövlətə dünyada verilən dəyər — onun öz zəkalarına verdiyi dəyər qədərdir.
Bu gerçəklik bütün ana vətən, ata yurd, doğma torpaq teoremlərini alt-üst edir. Çünki Sən — sənə dəyər verilən yerdə Sənsən. Sən — sənin zehni potensialını reallaşdıra bildiyin ərazidə doğmasan, adam yerinə sayılmadığın yer doğulduğun məhəllə belə olsa, orda yadsan. Və istedadından həm özün, həm də cəmiyyət faydalana bilirsə, ora Sənin arzularının ölkəsidir.
Hər kəsə arzularının ölkəsində yaşamaq ümidi ilə…