Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

3 aya aktyor, 6 aya "ulduz" olanlar...

Abunə olmaq
Hazırkı dönəmdə məşhur olmağın ən rahat yolu seriallara çəkilməkdir. Və bu yol məşhurluq eşqi ilə alışıb-yanan gənclərimizi özünə cəlb edir. Peşəkarlar isə böyük səhnəyə yolun başqa yerdən keçdiyini bildirirlər.

BAKI, 20 apr — Sputnik. Müasir insan qısa müddətdə məşhur olmağa can atır. Bunun çıxış yolunu incəsənətə gələrək, bir neçə filmdə rol oynamaqda görür. Amma bunun üçün təhsil almağa vaxt itirmək istəmir və daha sərfəli yola əl atır.

Karyeraya "aktyorluq kursları"na müraciətlə başlayır. Bir neçə aktyorun yaratdığı özəl "aktyorluq kursları" incəsənətə həvəsi olan insanları səhnəyə gətirmək üçün pəncərə rolunu oynayır. Belə kurslara cəmiyyətdə münasibət birmənalı deyil. Tamaşaçılar seriallarda və filmlərdə rol alan qeyri-peşəkarlardan şikayətlənirlər. Sputnik-in əməkdaşı sözügedən məsələyə peşəkarların münasibətini öyrənib.

Azərbaycanın əməkdar artisti Hüsniyyə Mürvətova hesab edir ki, səhnəyə gələn insanın ilk növbədə istedadı olmalıdır: "Amma peşəkar olmaq üçün mütləq Mədəniyyət və İncəsənət Universitetini bitirmək lazımdır. Amma kurslarda peşəkar incəsənət xadimləri dərs deyirsə, orda da peşəkarlaşmaq mümkündür".

Əməkdar artist, Pantomima Teatrının direktoru Elman Rəfiyev kurslardan gələn aktyorları "qamçılamaq" əvəzinə, dəstəkləməyin tərəfdarıdır: "Əgər o insanda zərrə qədər istedad varsa, niyə də uğurlu gələcəyi olmasın?! Amma bu o demək deyil ki, hər kursa adam gedən aktyor ola bilər".

"Sözün əsl mənasında, incəsənət universiteti aktyor olmaq istəyən tələbəyə yetərincə savad verir. Bizim dövrdə də oranı bitirən çoxsayda tələbə aktyor olmadı. Yəbi, əsas istəkdir", E. Rəfiyev qeyd edib.

"Kaspi" qəzetinin mədəniyyət yazarı, teatrşünas Xəyalə Məmmədova isə deyir ki, dünyanın tanınmış film ulduzlarının əksəriyyəti incəsənət sahəsindən kənar insanlardır: "Biz dəfələrlə belə halların şahidi olmuşuq. Müğənnilər, modellər, hətta başqa sahədə çalışan insanlar belə, bir neçə kurs keçməklə tanınmış ulduza çevriliblər. Film qəhrəmanı seçərkən isə, daha çox modellərə müraciət edilir. Çünki onların siması, duruşu, qaməti tam filmlərə uyğun gəlir".

Yerli film sahəsində hər şeyin tamam başqa olduğunu söyləyən X. Məmmədova, bizdə filmlərə daha çox müğənnilərin çəkildiyini bildirib: "Şou əhli özlərini dahi hesab edirlər. Onları o qədər ilahiləşdirmişik ki, özlərinə güvənləri artıb. Düşünürlər ki, onlar peşəkar ifaçı, peşəkar aktrisa və başbiləndirlər. Əslində isə heç də belə deyil. Məhz bu səbəbdəndir ki, əksər sahənin insanları kurs keçmədən filmlərə çəkilir və onların da səviyyəsi göz qabağındadır".

Teatrşünas ixtisaslaşmayanların teatra gəlişinə belə münasibət bildirib: "Mən elə düşünmürəm ki, İncəsənət Universitetini bitirməyən aktyor teatr səhnəsində çıxış edə bilməz. Çünki teatr canlı sənət növüdür. Filmi 4-5, hətta 20 dubla çəkmək olar. Ancaq teatrda ilk dəfədən alınmasa, yenidən oyanmaq olmaz. Pərdələr açıldısa, artıq sən indiyə qədər yığdığın bilikləri, potensialını ortalığa qoymalısan".

Qeyd edək ki, aktyoruluq kurslarının müddəti, kursun müəyyənləşdiri qaydadan asılı olaraq, 3-6 ay arasıdır.

Xəbər lenti
0