Şahpəri Abbasova, Sputnik Azərbaycan
“Hamının dünəni özünə məlumdur. Lakin sabah başımıza nələr gələcək, heç birimiz bilmirik. Xəyal edib, planlarını qurduğu gələcək hər kəsə nəsib olmur. Bir gün böyük ümidlərlə birlikdə yola çıxdığımız insanları itirə bilərik və ya onlar bizi tərk edib gedə bilər.”
Bu sətirlərin müəllifi, müsahibimiz, Qax rayon Qaratala kənd sakini Xəlil Məmmədov 18 il əvvəl anasının məsləhəti ilə bir qadınla evlənib. Onun həyat dramı da elə bununla başlayır.
Söhbət 5 il əvvəl ölkənin gündəmini sarsıdan bir ailə dramının qəhrəmanından gedir. O ailədən ki, qadın 2 uşağını, xəstə həyat yoldaşını baldızının 4 uşaq atası olan ərinə dəyişir. Günlərin birində qadın baldızının ərinə qoşularaq qaçır. Beləcə, iki ailə məhv olur, 6 uşağın gələcəyi böyük sual altına düşür.
“Siz bu ölkədə, bir azərbaycanlı ailəsində ərini, uşaqlarını ataraq başqa kişiylə, özü də baldızının əri ilə qaçan bir qadının uşaqları üçün gələcəyin necə olacağını təsəvvür edirsiz?!” – deyə üsyan edir Xəlil.
Onu özünün deyil, yüzlərlə insanın istehzalı baxışları altında yaşamaq zorunda qalacaq o 6 uşağın taleyi narahat edir.
Sputnik-ə öz həyat hekayəsini belə anladır: “Valideyinlərim mənə öz sevdiyim qızla evlənməyə icazə vermədilər. Keçmiş həyat yoldaşımı mənə anam məsləhət görmüşdü. Çox gözəl qadın idi. Mən də elə onun xarici görünüşünə aldandım.
Hər şey normal idi, iki övladımız oldu. Bir gün mən xəstələndim, əlimizdə- ovucumuzda olan pulları müalicəmə xərclədik. Artıq hiss edirdim ki, xanımım mənimlə soyuq rəftar edir. Mən əvvəldən də bilirdim ki, o, xam xəyallarla yaşayan insan idi. Televizorda bir müğənnidə bir paltar görən kimi deyirdi ki, elə paltarım olsa, heç dərdim olmaz.
Xəstəliyimə görə evə pul gətirə bilmədim. Yavaş-yavaş hiss edirdim ki, artıq məndən, uşaqlardan, evdən soyuyub. Günlərin birində bir kişiyə, özü də bacımın ərinə qoşulub qaçdı. Bu, təkcə mənim üçün faciə deyildi. Bu hadisədə ən çox travmanı uşaqlarım aldı. Övladlarım 5 il keçməsinə baxmayaraq, 31 mayı unutmurlar. Qızım hər 8 martda ağlayır. Hər bayramda, hər ad günlərində ağlayırlar. Mən nə qədər çalışsam da, analarını əvəz edə bilmərəm.”
Xəlilin həyat yoldaşı Samirə qoşulub qaçandan bir müddət sonra baldızının ərindən də ayrılıb. Baldızı isə, o hadisə baş verən gündən 4 qızını da götürüb Qaxın Əmbərçay kəndindən qardaşının yaşadığı ata ocağına, Qaratala kəndinə yığışıb.
“Mən daha o evdə qala bilməzdim. Qardaşımın yuvası yıxılandan sonra onu necə tək qoya, onun ailəsini dağıdan adamın evində necə yaşaya bilərdim?” – deyə Xəlilin bacısı Münəvvər bildirir.
Xəlil Samirənin bacısının ərindən ayrıldıqdan sonra başqa varlı bir kişiyə ərə getdiyini bildirib:
“Eşitdiyimə görə o, varlı bir kişiyə ərə gedib. Mən çox istəyərdim ki, onun indiki əri bu yazını görsün. O adam bəlkə də heç bilmir ki, yanındakı gözəlliyinə aldandığı qadın əslində kimdir və məhz onun puluna aşiq olub.”
Xəlil özü isə bu olaydan sonra yenidən ailə quraraq uşaqlarına növbəti zərbəni vurmaq istəməyib. Bununla belə, o çox yaxşı ata olduğunu öz əməli ilə artıq isbat edib.
“Övladlarıma çox yaxşı tərbiyə vermişəm. Elə uşaqlar var, normal ailədən çıxır, amma tərbiyəsində problemlər var. Oğlum taekvondoçudur. Qızım da gələcəkdə ali məktəbdə oxumaq istəyir. İstəyirəm övladlarım cəmiyyət üçün yararlı insan olsunlar. Mən bilirəm, buna 100% əminəm ki, o qadın nə vaxtsa peşman olacaq, geri dönəcək və mənim övladlarıma möhtac qalacaq. Uşaqların ən həssas vaxtlarında onları qoyub getdi. Əslində mən boşanmağı normal qəbul edirəm. Mənə desəydi ki, gəl boşanaq, mən onunla sivil qaydada boşanardım. Həyatda nə qədər boşanan adamlar var. Amma bu, həm mənim üçün, həm nəslimiz üçün, həm də övladlarım üçün böyük biabırçılıq oldu.” – deyə Xəlil bildirir.
O, bu həyatda ən çox qorxduğu şeyi də dilinə gətirir:
“Ən çox qorxduğum odur ki, kimsə övladlarıma deyər ki, sənin anan… filankəsdir.”
Xəlil uşaqları tərk edib gedən anaya məhkəmənin kəsdiyi alimentdən də imtina edib:
“Məhkəmədə uşaqlar üçün aliment kəsilmişdi. Mən onu qəbul etməkdən imtina etdim. Dedim ki, o insanın heç nəyi mənə lazım deyil.”
Xəlil deyib ki, onu ən çox ağrıdan məqam övladlarının anaları ucbatından öz uşaqlıqlarını yaşaya bilməməsidir: “Məni hər şeydən çox məyus edən övladlarımın uşaqlıqlarını yaşamaması oldu. Uşaqlarım öz uşaqlıqlarını analarına görə yaşaya bilmədilər. Anaları evdən qaçanda böyük qızımın 11 yaşı var idi. Təsəvvür edin, bu nə deməkdir”
Xəlilin sözlərinə görə, keçmiş həyat yoldaşının etdiyi hərəkət əvvəl Samirənin anasını təəssüfləndirsə də, indi vəziyyət dəyişib.
“Qayınanam əvvəl qızının getməsinə pis olurdu. Həmişə bizə gəlirdi, qızına qarğış edirdi. Amma sonradan eşitdi ki, qızı varlı kişiyə ərə gedib, bizdən uzaqlaşdı.” – deyə qəhrəmanımız bildirir.
O, gənclərə ailə qurarkən evlənəcəkləri adamı yaxından tanımalarını da tövsiyə edib: “Gənclərə məsləhətim budur ki, evlənəcəkləri qadının xarici görüşünə aldanmasınlar. Sevdikləri, ağlına, zəkasına, dünyagörüşlərinə, mənəvi keyfiyyətlərinə güvəndikləri insanla ailə qursunlar. Mən başıma gələnlərdən sonra bir daha əmin oldum ki, əsil gözəllik insani gözəllikdir, mənəvi gözəllikdir. Zahiri gözəllik isə sadəcə aldadıcıdır və insana çox vaxt bədbəxtlikdən başqa heç nə gətirmir. Düşünürəm ki, bəlkə də mən öz sevdiyim xanımla ailə qursaydım, bunlar başıma gəlməzdi.”
Xəlil yoldaşının bu ağlasığmaz hərəkətindən sonra Azərbaycanda başqalarının əl atdığı populyar yola — cinayətə əl atmağı ağlına da gətirməyib. O, bu gün də hesab edir ki, insanları etdikləri səhvlərə, mənəvi cinayətlərə görə öldürmək düzgün deyil.
“Onsuz da, o insan bir şəkildə öz cəzasını çəkəcək. Bəlkə bir qədər gec olacaq, amma mütləq çəkəcək. Mən ilahi ədalətə inanan adamam. Əgər belə olmayacaqsa, onda da bizim edəcəyimiz heç nə yoxdur. Mən də bir kişiyəm, qolumda güc var, əlim silah tutur. Amma etdiyi bu hərəkətə görə, onu öldürməyi ağlımın ucundan belə keçirməmişəm. Həmişə demişəm ki, qadın sənə xəyanət edirsə, ondan ayrıl. Axı öldürmək yeganə çıxış yolu deyil. Əgər mən o qadını öldürsəydim, kimlərinsə gözündə namus, qeyrət simvolu kimi görünəcəkdim. 5-10 il həbsdə yatıb çıxacaqdım və olacaqdım yaxşı kişi. Amma uşaqlarıma bunu heç vaxt izah edə bilməyəcəkdim, cəmiyyətin qınağından qurtarmayacaqdım. Həmişə uşaqlarım məni analarının qatili kimi görəcəkdilər. Amma mən indi rahatam. Uşaqlarım bilir ki, baş verənlərə görə mənim günahım yoxdur. Mən öz xoşumla xəstələnməmişdim” – deyə Xəlil bildirir.
O, başa düşür ki, Samirənin dəbdəbəli həyat arzularını yerinə yetirmək imkanında olmayıb. “Axı o mənimlə evlənəndə bilirdi ki, kasıb bir ailənin övladıyam. Vaxtında yaxşı təhsil almaq imkanım olmayıb. Sonra da sovetlər dağılıb və kənddə həyat ağırlaşıb. Amma hamı bilir ki, mən zəhmətkeş adamam, heç vaxt ailəmi ac qoymamışam. Həmişə çalışmışam ki, uşaqlarım məktəbə gedəndə başqalarından seçilməsin, xanımım toya-məclisə gedəndə başqalarından pis geyinməsin. Mən onu başa düşməyə çalışırdım. Həmişə izah edirdim ki, mənim sənin dəbdəbəli həyat arzularını reallaşdırmaq imkanım yoxdur. Təəssüf ki, o, başa düşmək istəmədi və öz yolunu seçdi. O yolun nə qədər doğru, ya da səhv olduğunu zaman göstərəcək. Amma hər kəs şahiddir ki, o, uşaqlarına qarşı çox böyük ədalətsizlik edib…”
P.S. Xəlilin özünün və bacısının uşaqları Qaratala kənd tam orta məktəbində təhsil alırlar. Məktəbin müəllimlərinin dediyinə görə, onların hamısı dərs əlaçısıdırlar. Öz tərbiyəli davranışları ilə məktəbdəki bütün uşaqlara gözəl nümunədirlər. “Bizim yeganə narahatçılığımız ondandır ki, kimsə o uşaqların valideynlərinin səhvlərini onların üzünə vura bilərlər.” – deyə müəllimlər bildirir. Amma apardığımız söhbətlər zamanı əmin olduq ki, uşaqlar reallıqları dərk edirlər və istəmirlər ki, gələcəkdə valideynlərinin səhvləri hər hansı formada onların qarşısına çıxsın.