Bakı, 26 oktyabr — Sputnik. Azərbaycan öz təbiəti və qədim tarixi abidələri ilə hər zaman insanları təəccübləndirir. Ölkəmizdə analoqu olmayan bir şəlalə də var ki, yay aylarında ölkənin hər yerindən onu ziyarətə gedirlər. Ölkəmizə gələn xarici turistlər arasında da bu şəlalə son illərdə populyarlaşıb. Qaxa yolu düşən hər kəs, mütləq oranı ziyarət edir. Çünki bənzərsiz təbii gözəlliyi və ətrafa yaydığı sərinliyi ilə bu şəlalə xüsusi harmoniya təşkil edir. Söhbət Azərbaycanın şimalında yerləşən Qax rayonu ərazisindəki Ləkit damcılı şəlaləsindən gedir. El arasında ona mamırlı şəlalə də deyilir. Çünki bu, üzərini mamır örtmüş qayanın üzərinə dağın başından süzülüb gələn suyun ətrafa şəlalə və bəzən də damcılar şəklində süzülməsi nəticəsində yaranıb. Dağ çaylarında su bol olanda, bu şəlalənin də suyu bol olur, amma su azalanda o, damcılar şəklində süzülməyə başlayır ki, bu da ona bənzərsiz gözəllik bəxş edir. Qış aylarında bu şəlalə adətən donur.
Ləkit şəlaləsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2006-cı il tarixli 190 saylı qərarı ilə Qax Təbiət Abidəsi kimi qeydiyyata alınıb və dövlət tərəfindən mühafizə olunur.
Qeyd edək ki, Ləkit qədim tarixi olan kənddir. Burada dağ başında yerləşən qədim alban məbədləri onun qədimliyini isbat edən cəhətlərdən biridir.
Kəndin yaşayış məntəqəsindən üzü dağın yüksəkliyinə doğru 1 km məsafədə yerləşən kilsə və onun yardımçı tikililərinin tarixi IV-VI əsrlərə gedib çıxır. Bu tikililərin inşaat və memarlıq üslubu erkən orta əsrlərin məbəd kompleksi ilə həmahənglik təşkil edir.
Tarixçi Məcid Mehraninin sözlərinə görə, qədimdə məbədləri yüksəkliklərdə, dağlardakı yamaclarda, ya da dağdakı meşəlikləri təmizləyərək tikirdilər. Bu əski inanca görə "Allaha daha yaxın olmaq" üçün və "Allahın himayə etdiyi etibarlı yer" kimi seçilirdi. Amma o da var ki, keçmişdə yadellilərdən qorunmağın ən yaxşı yolu elə yüksəklikdə məskən salmaq idi.
"Belə məbədlərdə çox vaxt keşikçi, yaxud müşahidəçi məntəqələri müşahidə olunur ki, bu da təsadüfi deyil. Məbədin yerləşdiyi əraziyə gələn qonaqları, yaxınlıqdan keçən yolçuları, yaxud da düşmən niyyətli yadelliləri müşahidə etmək, onların gəlişi barədə məbəddəki kahinlərə xəbər vermək, ya da önləyici tədbirlər görmək üçün bu vacib idi" — deyə M.Mehrani bildirib.
O həmçinin qeyd edib ki, uzun illər diqqətdən kənar qaldığından bu məbədin elmi cəhətdən öyrənilməsi və bərpa işləri XX əsrin 40-cı illərində Pyotr Dmitriyeviç Baranovskinin rəhbərliyi altında aparılıb. Məbədin ətrafı meşəlikdən təmizlənib və dağılmaqda olan divarları qismən bərkidilib.
Baranovski bu kilsəni VII əsrə aid etsə də, yerli tarixçilər onun VI əsrin ortalarında tikildiyini bildirirlər.
Tarixçi isə qeyd edib ki, Ləkit məbədinin təqribən IV əsrdə kilsəyə çevrildiyi güman edilir. O, kilsəyə çevrilməmişdən daha əvvəl xristianlığaqədərki dinlərin təmsilçilərinin inanc, ibadət yeri olub. Buradakı kiçik hücrələrin çoxluğu, məbəd ərazisinin zamanına görə genişliyi bir çox tarixçilərdə o qənaəti hasil edib ki, bura həm qədim yaşayış məskəni, həm də müqəddəs məbəd olub.
Qeyd edək ki, Ləkit şəlaləsini ziyarət edənlər bu məbədi də mütləq ziyarət edirlər. Xüsusilə Gürcüstandan gəlmiş gürcü ziyarətçilər Ləkit məbədinə xüsusi maraq nümayiş etdirir, bura gələrək xristian ibadətlərini həyata keçirirlər.
Kənd sakinlərinin dediyinə görə, sözügedən şəlalə və məbəd barədə yerli əhalidə çoxdan məlumatlar olub. Lakin oranın yolu keçilməz meşəlik və kolluq olduğundan, daha əvvəl camaatın diqqətini cəlb etməyib. Kənd sakini Nurlan Məmmədəliyevin sözlərinə görə, bu dağlara, meşəliklərə insan ayağı nadir hallarda dəyirmiş. Dağdakı meşəliyə bitki, meyvə yığmağa gedənlər, odunçular, ya da çobanlar geri qayıdanda rastlaşdıqları bu mənzərələr və məbədlər barədə kənd camaatına xəbər verirlərmiş. Amma heç kim oranın yolunu açmaq və ora turistləri cəlb etmək barədə düşünməyib. Amma sonralar yerli camaat ora ayaq açıb. Meşəlikləri kol-kosdan təmizləyərək şəlalənin və məbədin ətrafında özləri üçün otlaq və bağ salıblar. Beləcə oralara yol açılıb. Sonra isə tədricən turistlər gəlməyə başlayıb.
Əlavə edək ki, Ləkit sözü qədimdə həmin ərazidə yaşamış lək tayfalarının adından götürülüb. Ləkit əhalisinin bir hissəsi muğallar adlanır (moğollar) və türkcə danışırlar. Digər hissəsi isə, Qafqazın dağlı tayfalarından birinin dilində danışırlar. Onları ləzgi adlandırsalar da, özləri dillərinin Dağıstan ləzgilərinin dilləri ilə üst-üstə düşmədiyini bildirirlər.