BAKI, 3 noy-Sputnik. Hələlik aparılan laborator müayinələr nəticəsində ölkədə nə A, nə də B virusu aşkar edilib. Hazırda ancaq kəskin respirator virus infeksiyaları qeydə alınıb ki, xəstəliyin qeydiyyatı ötənilki səviyyədədir. Hər hansı bir artım müşahidə olunmur.
Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.
O, bildirib ki, bir müddət əvvəl səhiyyə naziri Oqtay Şirəliyev qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə əmr imzalayıb: “Həmin əmrdə profilaktik tədbirlərin gücləndirilməsi nəzərdə tutulub. Eyni zamanda, qripə bənzər virusa yoluxmuş xəstələrin laborator müayinələrinin keçirilməsinə dair tapşırıq verilib. Bu sahədə müəyyən işlər aparılır, nəzarət təmin edilir, respublikanın məktəblərində dezinfeksiya tədbirləri həyata keçirilir”.
Məsələ ilə əlaqədar həkim-pediatr Tofiq İsmayılov Sputnik-ə açıqlamasında deyib ki, qrip və kəskin respirator virus infeksiyası eyni məfhumdur, əlamətləri eynidir: “Qripdə vəziyyət bir az ağır keçir, qızdırma 39-40 dərəcəyə qalxır. Hazırda uşaqlarda kəskin respirator virus infeksiyası çoxalıb. Bunlardan qorunmaq üçün uşaqların ev şəraiti, qidalanması yaxşı olmalı, immuniteti artırılmalıdır. Sağlam uşaq üçün də sağlam ana olmalıdır”.
Həkim bildirib ki, hər il yeni virus infeksiyası meydana çıxır. Ona qarşı mübarizə aparmaq çox çətin olur. Əvvəla müayinə metodları yoxdur ki, hansı virus olduğunu tapasan. Bu, çox çətindir.
O, bildirib ki, ümumiyyətlə, kəskin respirator virus infeksiyası zamanı antibakterial terapiya aparmaq düzgün deyil: “Rusiyalı akademik Şabalov yazırdı ki, kəskin respirator virus infeksiyası zamanı antibakterial terapiya aparılmamalıdır. Amma biz aparırıq. Ona görə ki, qorxuruq ki, bu virus infeksiyası pnevmaniya və s. ilə nəticələnsin. Uşağın qidalanmağına fikir vermək, immun sistemi qaldıran dərmanlar vermək lazımdır. Belə olan halda uşağın vəziyyətini yaxşılaşdırmaq olar”.
Məsələ ilə əlaqədar həkim, tibbi ekspert Rasif Bağırov Sputnik-ə açıqlamasında deyib ki, qrip və kəskin respirator yuxarı tənəffüs yolları xəstəlikləridir: “Burada qrip konkret olaraq hansısa bir virusun daşıyıcısıdır. Amma kəskin respirator xəstəlik virus olmadan başqa bakterial infeksiyalar nəticəsində də yuxarı tənəffüs yollarında iltihabi proses ola bilər. Qripdə isə konkret virus olur. Amma kəskin yuxarı tənəffüs yolları xəstəliyi ümumidir. Burada qrip də və başqa infeksion xəstəlik də ola bilər”.
Ekspert bildirib ki, qrip virusları çox müxtəlif olur: “Onların çevrilməsi, dəyişkənliyi həddindən artıq çox olduğuna görə görürsən ki, qrip virusuna qarşı hər hansı bir peyvənd tapa bilmirlər. Virusun forma dəyişmələri buna imkan vermir. Məsələn, bir formaya görə peyvənd hazırlanır amma forma dəyişən zaman artıq peyvənd təsir etmir. Ancaq immun sistemini qaldırmaq ilə onun qabağını almaq olur, inkişafına maneçilik törətmək olur”.
Ekspert onu da qeyd edib ki, meteohəssaslıq hava, temperatur dəyişmələrinə orqanizmin həssaslığıdır. Əslində meteohəssas insan anlayışı düzgün deyil. Bu həkimlərin sözü deyil. İctimaiyyət arasında olan sözdür. Meteohəssas insanlara əsasən uzun müddət ağır xəstəliklər keçirdib immun sistemi tamamilə məhv olmuş, zəifləmiş, yaşı 70-dən yuxarı olanları aid etmək olar.