Salam, Rövnəq əmi! Bizə məktəbdə başa salıblar ki, hər işdə valideynlərinizə kömək etməyə çalışın, elə ona görə də sizə bu məktubu yazmaq qərarına gəldik. Dedik ki, bəlkə siz yazdıqlarımızı oxuyub, bir problemin həllində valideynlərimizə kömək edəsiz.
Rovnəq əmi, biz hər gün dərslərimizə yaxşı hazırlaşır, yaxşı qiymətlər alırıq. Ən sevdiyimiz fənlərdən biri də “Həyat bilgisi” fənnidir. Məhz bu kitabdan öyrənmişik ki, Azərbaycan odlar diyarıdır, ilk dəfə məhz bizim torpaqda neft və qaz çıxarılıb. Biz bu barədə atamıza danışanda, o, nənəmizin yun şalına bürünüb xəbərlərə baxırdı. Orada isə bir başqa tanımadığımız əmi Azərbaycanın demək olar ki, bütün ucqar kəndlərinə belə qaz çəkildiyini və “ölkə Prezidentinin tapşırıqlarına 100 faiz əməl olunduğunu” söyləyirdi. Sonradan bildik ki, daha doğrusu atamız dedi ki, bu əmi “Azəriqaz”ın baş direktoru Əkbər Hacıyevdir.
Rövnəq əmi, biz Yasamal rayonu 1-ci Alatava küçəsində yaşayırıq. Amma bizim evdə çox soyuqdur. Qaza borcumuz da yoxdur. Atam məhz bu səbəbdən nənəmin şalına bürünür, biz isə məcburən qalın geyinərək, ağzımızda apteklərdə qiyməti qalxmış soyuqdəymə əleyhinə “Anaferon” dərmanını çeynəyərək, onun baxdığı xəbərlərə baxırıq. Atam bizi xəbərlər vaxtı cizgi filminə baxmağa da qoymur. Guya ki, o xəbərlərdə deyilənlər “Maşa və medved” və ya “Pepe” cizgi filmlərində maraqlıdır.
O dəfə atam bizə acıqla “ay uşaqlar, çevirin bu cizgi filmini, xəbərlər başlayır” deyəndə, səbrimizi basıb onunla 10 dəqiqə biz də baxası olduq. Çünki, anamız özünün dediyi kimi “şam işığı kimi yanan qazda” yemək bişirmişdi və biz onu soyutmayaraq, televizor olan otaqda yeməliydik. Orada bizim başa düşmədiyimiz “TAP, TANAP, mavi axın, Xəzər qazı Avropaya gedəcək, Azərbaycan dünyaya qaz satacaq” kimi ifadələr işlənirdi. Atamız əsəbi şəkildə sönmüş “Azmayeş” sobamıza baxaraq, dəhlizə çıxıb, bir siqaret yandırdı. Açığı səbəbini ondan soruşmağa cəsarət eləmədik, amma anam bizim sual dolu nəzərlərimizi görüb, “a bala, bu dəfə sizə deyil, “Azəriqaz”a hirslənib, heç Bakıda qaz düz-əməlli verilmir, ucqar rayonlara nə veriləcək? Özümüzdə yoxdursa, Avropaya niyə satırıq?!” kimi bir izahat verdi. Açığını deyək ki, yenə də bir şey başa düşmədik. Bircə onu eşitdik ki, atam dəhlizdə telefonla kiminləsə danışır: “Qaynar xətdir? Niyə yenə Alatavada qaz yoxdur?!”
Rövnəq əmi, xəbərlərdən belə başa düşdük ki, bu il qışın vaxtından əvvəl gələn soyuğundan xilas olmaq üçün biz ya ucqar dağ kəndinə, ya da o TAP-TANAP nədirsə, onun izinə düşüb Avropaya getməliyik. Bunun heç birinə bizim imkanımız yoxdur və belə getsə, dərslərimizdən də iki almağa başlayacağıq. Axı yazı yazanda əllərimiz donur və xəttimiz pisləşir. İki alsaq, atamız bizi qış tətilində heç yerə aparmayacağını deyib.
Sinfimizdə bir oğlan topla vurub qonşunun pəncərəsini sındırmışdı. Onların evinə uçastkovı gəlibmiş. Biz də oğlandan “səni niyə tutmadılar” soruşanda, “əmim tapşırdı, heç cərimə də eləmədilər” dedi. Başa düşdük ki, bizim ölkədə bir çətin işi həll etmək üçün kimsə-kimisə-kiməsə tapşırmalıdır. Amma bu tapşıran kimsə böyük adam olmalı, yəni hansısa yüksək vəzifədə işləməlidir. O gün siz də televizorda Azərbaycan neftindən və yeni qaz yataqlarından danışırdız. Biz başa düşdük ki, siz də böyük adamsınız, hətta Əkbər əmidən də böyük. Rövnəq əmi, qaz yataqları barədə danışandan sonra, bizim də öz yatağımızda soyuqdan büzüşməməyimiz üçün, indi sizdən xahiş edirik, bu Əkbər Hacıyev əmiyə deyin ki, bizim məhləyə qaz versin. Bizi ona tapşırın da, noolar! Axı biz uşağıq və kitablardan oxuyuruq ki, Azərbaycan “Odlar ölkəsidir”. Bəs bizim evdə niyə od yoxdur? Belə çıxır ki, kitablar yalan yazır?
Yasamal rayonu,1-ci Alatava küçəsində yaşayan iki körpə məktəbli bacıların xahişini SOCAR prezidenti Rövnəq Abdullayevin diqqətinə çatdırdı: Mətin Yaşaroğlu
P.S. Rövnəq əmi, əgər bu xahişimizi düzəltsəniz, biz biləcəyik ki, Azərbaycanda böyük əmilər uşaqları da eşidir və nəzərə alırlar. Bəlkə yayda sizi və ya başqa böyük əmini bir daha narahat etdik: axı qışda qazımız olmadığı kimi, yayda da suyumuz gəlmir. Məhləmizdəki Solmaz nənənin dediyi kimi, “Alatavadakılar Kərbəla müsibəti yaşayır”. Amma hələ ki, bu Kərbəla müsibətinin nə olduğunu bilmirik. Yəqin yaya qədər kitablardan və ya böyüklərdən bunu də öyrənəcəyik.