CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkədə qaz böhranı başlayıb – rəsmi açıqlama

© Flickr / Peter AsquithQaz
Qaz - Sputnik Azərbaycan
Abunə olmaq
Havaların soyuması ilə yanaşı, paytaxt və bölgələrin qazla təminatında ciddi problemlər meydana çıxıb

BAKI, 17 okt — Sputnik. "Məktəbə gedən uşaqları bu soyuqda buz kimi hamamda, vedrədə su qızdıraraq ibtidai üsulla çimizdiririk, onlar da xəstələnirlər. Biz dərdimizi deməyə bir nəfər tapa bilmirik. Əlaqədar idarələrdə telefon zənglərinə heç kəs cavab vermir".

Bu sözləri Sputnik-ə verdiyi açıqlamada, Xətai rayonu, Gəncə prospekti 27 ünvanında yaşayan Məhliqa Qasımova deyib. O, qeyd edib ki, bina sakinlərinin bütün cəhdlərinə baxmayaraq, "Azəriqaz" İB-yə şikayətləri çatdırmaq mümkün olmayıb. "Azəriqaz"-ın "qaynar xətt"lərinə (104, 185) isə ümumiyyətlə zəng edib düşmək mümkün deyil.

Газопровод - Sputnik Azərbaycan
Azərbaycan Gürcüstana qaz tədarükünü maksimum artıracaq

"Azərbaycan enerji ölkəsidir, xaricə qaz ixrac edir. Amma havalar soyuyandan, bizim evdə qaz şam kimi yanır. Çayniki qazın üstünə səhər qoyuruq, axşama ancaq qaynayır. Yeməyi elektrik sobasında hazırlamağa məcburuq. Biz nə vaxta qədər bu problemləri yaşayacağıq? Axı biz işlətmədiyimiz qazın pulunu da smartkart vasitəsilə sayğaca yükləmişik. İndi əlaqədar təşkilatların "qazın pulu verilmir" bəhanəsi də yoxdur. Biri camaata desin: bu nə problemdir, niyə həll olunmur, nə vaxt həll olunacaq? Əgər həll olunmayacaqsa, bizə yol göstərsinlər, alternativ vasitələr təklif etsinlər" — deyə Əhmədli qəsəbəsinin sakini bildirib.

Yasamal rayonu, 1-ci Alatava qəsəbəsi, Nərimanov rayonu, Montin qəsəbəsi, Xəzər rayonu, Türkan, Dübəndi qəsəbələri, Nizami və Binəqədi rayonlarının sakinləri də analoji şikayətlə redaksiyamıza müraciət ediblər. Sosial şəbəkələrdə isə, qazla bağlı şikayətlərin sayı-hesabı yoxdur.

© © KarikaturaQaz axtarışında olan ailə
Qaz axtarışında olan ailə - Sputnik Azərbaycan
Qaz axtarışında olan ailə

Jurnalist Dünya Sakit öz "Facebook" hesabında yazıb ki, evdə körpə uşaqları var və qazın olmamasından əziyyət çəkirlər. O, qonşuluqdakı qadının 4 uşağının orta məktəbdə oxuduğunu, onları yuyundura bilmədiyi üçün maraqlı etiraz forması seçdiyini qeyd edib. Qadın uşaqlarını çimdirmək üçün SOCAR rəhbərliyinin evinə qonaq getməyə hazırlaşır.

"4 uşağım var, hamısı da məktəbə gedir. Hər bazar onları çimizdirməliyəm. 2 həftədir qaz elə zəif yanır ki, hamamda suyu qızdırmağa gücü çatmır. Elektrik sobasında su qızdırıb hamama daşımaqdan bezmişəm. Həm də işıqpulu çox yazır. Evinin yerini bilsəydim, uşaqları aparıb SOCAR prezidentinin evində çimizdirərdim. Deyərdim ki, bizə qaz vermirsiniz, mən də məcbur olub uşaqları sizdə çimizdirəcəm", — jurnalist qeyd edib.

Milli.az saytının redaktoru, tanınmış jurnalist Elçin Alıoğlu isə öz "Facebook" hesabında yazıb: "Bakının Nərimanov rayonunun böyük qismində təbii qaz təminatı ilə bağlı ciddi problemlər var. "Azəriqaz" hələlik vədlər verir, mənzillərdə və evlərdə isə qaz şam kimi yanır".

Qazın heç olmaması, ya da son dərəcə zəif olması ilə bağlı şikayətlər təkcə Bakı və bakıətrafında deyil. Rayonlarda da analoji problemlər yaşanır. Qəbələdən olan "Facebook" istifadəçisi Habil Azəri yazıb ki, "1994-cü ildən qazımızı kəsiblər. Amma yunan, gürcü, erməni, türk bizim qazımızı yandırır. Bu dərdi kimə deyək ki, bizə gülməsin".

Gəncə şəhər sakini Vüsal Zeynalovun yazığına görə, şəhərin mərkəzindəki bəzi yerlərdə qaz olsa da, şəhər kənarlarında günlərdir qaz təchizatında problem yaranıb.

Bir sözlə, Azərbaycan əhalisi qaz çatışmazlığından ciddi əziyyət çəkir. Onlar şikayət və müraciət etməyə yer tapmırlar. Əlaqədar qurumlar vətəndaşlara cavab verməkdənsə, telefonların dəstəyi arxasında gizlənməyi üstün tutur. Çünki həqiqətdə nə baş verdiyini enerji təchizatına məsul olan qurumların (Energetika Nazirliyi, SOCAR, "Azəriqaz" İB) rəhbərlərindən başqa kimsə bilmir.

Mariam Valişvili - Gürcüstan energetika nazirinin müavini - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Gürcüstan qaz üçün yenə Azərbaycana müraciət etməli oldu

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kərbəlayev Sputnik-ə verdiyi açıqlamada bildirib ki, son günlər havalar qəflətən pisləşdiyindən, əhalinin qaz təminatında müəyyən problemlər yaranıb, təbii olaraq qaza tələbat artıb. Onun sözlərinə görə, "Azəriqaz" da bu tələbatı nəzərə alaraq əhaliyə paylanan qazın həcmini artırıb.

"Havalar soyuyandan əhaliyə verilən qazın həcmi 1 mln. 193 min kubmetr artırılıb. Görünür, bu da kifayət etmədiyindən, qaz təchizatında müvəqqəti problemlər yaranıb. Amma hazırda əhalinin qaza olan tələbatı öyrənilir və yaxın günlərdə qaz verlişində yaranan fasilələr və qaz azlığı problemləri aradan qaldırılacaq", — deyə Kərbəlayev bildirib.

"Axı siz əhaliyə bəyan etmisiz ki, qış mövsümünə hazırlıq işləri başa çatdırılıb. Bəs hazırlıq işləri necə görülüb ki, hava azca soyuyan kimi, ciddi qaz çatışmazlığı yaranıb?" sualına cavabında Kərbəlayev deyib ki, "Azəriqaz" havaların qəfil soyuqlaşacağını və qaza bu dərəcədə böyük tələbat yaranacağını proqnozlaşdırmamışdı: "İndi problemlər üzə çıxdıqca, Birliyin əməkdaşları ərazilərə gedirlər və problemləri aradan qaldırmağa çalışırlar".

Kərbəlayev "Azəriqaz" İB-nin "qaynar xətt"inin işləməməsi, əhalinin qazla bağlı şikayət etməyə ünvan tapmamasının səbəbini belə izah edib: "Gün ərzində "qaynar xətt"ə çoxlu zənglər daxil olur. Bəzən elə olur ki, operatorlar zəng edən abonentə problemlərlə bağlı on dəqiqələr ərzində izahat verməli olurlar. "Qaynar xətt" operatorunun vətəndaşla danışığı yarıda kəsmək ixtiyarı yoxdur. Adamlar zəng edirlər və "qaynar xətt"ə düşə bilməyəndə, onun işləmədiyini deyirlər. Halbuki "Azəriqaz"ın "qaynar xətt"i kifayət qədər yaxşı işləyir".

Sputnik-in "Görünür operatorların sayı çox azdır ki, şikayətlərə cavab verib çatdıra bilmir, ya da əksinə, şikayətlər o qədər çoxdur ki, cavab verib bitirmək mümkün deyil. Bəs niyə operatorların sayını artırmırsız?" sualına cavabında İB-nin şöbə müdiri "operatorlar az deyil, sadəcə şikayətləri dinləmək çox vaxt aparır" — deyə bildirib.

Kərbəlayev onu da qeyd edib ki, ilin fəslindən asılı olmayaraq, əhali tələbata uyğun mavi yanacaqla təmin olunur: ""Azəriqaz" istehlakçıların qaz təminatının yaxşılaşdırılması, əhalinin tələbata uyğun, fasiləsiz təbii qazla təmin olunması sahəsində bir sıra tədbirlər həyata keçirir. İB-nin may ayından etibarən 2016-2017 payız-qış mövsümünə hazırlıqla əlaqədar tərtib edilmiş tədbirlər planına uyğun olaraq, 2016-cı ilin may-sentyabr aylarında respublika üzrə 17607 qaz kəməri təmir edilib və yeni qaz xətləri çəkilib".

© Sputnik / Murad OrujovAzəriqaz İB
Azəriqaz İB - Sputnik Azərbaycan
Azəriqaz İB

İb-nin nümayəndəsi hündürmərtəbəli binaların qaz təminatına da toxunub: ""Azəriqaz hündürmərtəbəli binalara da təbii qazın verilməsi istiqamətində bir sıra işlər aparıb. Bu işlər nəticəsində cari ilin 9 ayı ərzində 275 hündürmərtəbəli binaya qazın verilməsi təmin edilib ki, bu da 8434 mənzili əhatə edir. Qazın satışı ilə məşğul olan bir qurum olaraq təhlükəsizliklə bağlı sənədləri olan bütün çoxmərtəbəli binalara qazın verilməsinə hazırdır. Qəza halları baş verdikdə istehlakçılarımız "qaynar xətt"ə müraciət edirlər ki, həmin çağrı mərkəzlərimiz də sutkanın 24 saatı fəaliyyət göstərir. Ümumiyyətlə, "Azəriqaz" İstehsalat Birliyi payız-qış mövsümünə tam hazır olduğu üçün, havaların qarlı-şaxtalı keçəcəyi dönəmlərdə də istehlakçılarımızı təbii qazda hansısa məhdudiyyət gözləmir".

Rəqəmlər də gözəldir, deyilən sözlər də. Qalır bircə şey: "Azəriqaz"ın rəhbərliyinə başa salmaq ki, rəqəmlərlə insanların canı qızmır və yorğan altında soyuqdan büzüşən körpələrin üşütməsi keçmir.

Soyuq deyəndə ki, termometrlər cəmi +10 dərəcəni göstərir. Dekabr-yanvar aylarında havanın temperaturu 0-ın altına düşəndə insanların hansı çətinliklərə düçar olacağını indidən təsəvvür etmək olar. Amma yəqin elə o vaxt da "Azəriqaz" rəhbərliyi üçün yanvar soyuqları "qəfildən" və "gözlənilməz" olacaq…

Xəbər lenti
0