BAKI, 28 okt — Sputnik. Son günlər təbii qazın qiymətinin artırılacağı ilə bağlı məlumatlar yayılır. Bu mövzu kütləvi kommunikasiya vasitələrində də aktiv müzakirə edilir. Bir müddət əvvəl suyun və işığın qiymətinin qalxması isə bu ehtimalları daha da artırır.
İqtisadçı-ekspert Samir Əliyevin fikrincə, SOCAR-ın da qiyməti qaldırmaqda maraqlı olduğu sezilir: “Dünya bazarında neftin qiyməti 110-100 dollar olanda Azərbaycanda yanacağın qiyməti artırılmışdı və hökumət bunu neftin bahalaşmasıyla əlaqələndirmişdi. Amma sonradan neft 3 dəfəyə qədər ucuzlaşdı, amma yanacağın qiyməti ucuzlaşmadı. İndi qaz məsələsi gündəmə gəlib və SOCAR-ın qiyməti qaldırmaqda maraqlı olduğu sezilir. Bunun isə iqtisadi əsası yoxdur. Əsas kimi manatın 2 dəfə devalvasiyaya uğradığı bildirilir, ancaq bu fikrin də əsası yoxdur. Çünki qaz idxal olunmur. Bu, Azərbaycanın daxili istehsalıdır və bunun istehsalı üçün hər gün avadanlıq dəyişilmir. Ona görə də, manatın devalvasiyasının qazın qiymətinə təsir etdiyini demək düzgün deyil”.
İqtisadçı-ekspert Pərviz Heydərovun sözlərinə görə isə, hələlik qazın qiyməti barədə bir neçə millət vəkili fikir irəli sürüb. Bunu SOCAR-ın kampaniya apardığı kimi qələmə vermək isə düzgün deyil. “Enerji daşıyıcılarının qiymətlərinə müəyyən dövrdən bir şübhəsiz ki baxıla bilər. Hökumət tərəfindən son illər ərzində enerji daşıyıcılarının qiymətlərinə baxdığı dövrləri nəzərdən keçirsək görərik ki, o, çox qısa müddət ərzində deyil, 4-7 ildən bir müəyyən tariflərə baxmaq siyasəti yürüdüb. Tarif Şurası tərəfindən təbii qazın qiymətinə sonuncu dəfə 3 il bundan qabaq – 2013-cü ildə baxılıb. Belə götürəndə, aradan xeyli müddət keçməyib”, — deyə o bildirib.
Ekspertin fikrincə, dünya bazarı qiymətlərini daxili enerji daşıyıcılarının qiymətləri ilə əlaqələndirmək düzgün deyil: “Bizdə daxildə enerji daşıyıcılarının qiymətləri dövlət tərəfindən tənzimlənir və bizim daxili bazardakı qiymətlərin dünya bazarındakı qiymətlərlə heç bir faktiki əlaqəsi yoxdur. Bu sahədə tarifə cəmi 3 il əvvəl baxıldığı üçün, aradan xeyli müddət keçmədiyi əsas götürülərək, tarifi qaldırmağa elə də ehtiyac yoxdur”.
Pərviz Heydərovun sözlərinə görə, qaz tariflərini indi nəzərdən keçirmək məqsədəuyğun deyil: “Təbii qaz elə bir növ enerji daşıyıcısıdır ki, onun tariflərinə qış fəslində baxmaq ümumiyyətlə məqsədəuyğun deyil. Əgər baxılması məcburi xarakter daşıyırsa, yaxşı olardı ki, bu, ilin yay və yaz fəsillərində gündəliyə salınsın və müvafiq qərar ilin isti aylarında qəbul edilsin. İndiki şəraitdə bu ümumiyyətlə məqsədəuyğun deyil”.
Qeyd edək ki, hazırda 1 kubmetr qazın qiyməti 10 qəpikdir. Sonuncu bahalaşmadan əvvəl 1 kubmetr qaz 6 qəpik olub.