BAKI, 21 okt — Sputnik. Payız-qış mövsümünün gəlməsi ilə əhalinin problemləri də artmağa başladı. Hər il olduğu kimi, yenə də vətəndaşlar müxtəlif dövlət qurumlarının fəaliyyətindən narazılıq edirlər. İnsanlar həmin qurumların öz işlərini görməyini bildirirlər.
Bunu nəzərə alaraq, Sputnik-in əməkdaşı, "Soyuq və yağışlı havalarla əlaqədar, əhaliyə xidmət göstərən hansı qurumun (yaxud qurumların) faliyyətindən narazısınız?" sualına sosial şəbəkə istifadəçilərinin münasibətini öyrənib.
Tofiq Ələkbərov — hüquqşünas: "Təbii ki, Bakı Şəhər İcra Hakimiyyətinin, "Azərsu"nun və "Azəravtoyol"un fəaliyyətindən razı deyiləm. İcra hakimiyyəti büdcədən axan pulları parka mərmər döşəməyə və binaları "laqonda" ilə ağartmağa yox, infrastruktur qurulmasına xərcləsəydi, Bakı bu cür gülünc duruma düşməzdi. Mənim sənədsiz daxmam da bu yağışda su keçirmir, amma "Bağırov körpüsü"nün halını özünüz gördünüz. "Azərsu" onsuz da kanalizasiya sistemi üçün heç nə etmir. SSRİ dövründə nə qurulubsa, odur. Həmin vaxtla indiki vaxt arasında əhali sayı cəhətdən çox fərq var. "Azəravtoyol"dan isə danışmağa dəyməz. Hər il büdcədən 2 milyarddan çox pul ayrılırdı. O pulla Aya da yol çəkmək olardı, amma hələ də Hacıbala Abutalıbovun hər gün getdiyi Babək prospektində yağışa görə ən azı 40 dəqiqə "ilişəcəyiniz" tıxac yaranır. Bu gün də yolu darmadağın edib ortasına da şinlər qoyublar. Bir sözlə çözümü problemindən biabırçıdır".
Elnur Ağayev — xeberle.com saytının baş redaktoru: "Soyuq və yağışlı havalarda şəhər və rayonlarımızda bir sıra problemlər baş qaldırır. Yağış yağaraq həm obrazlı, həm də sözün əsl mənasında desək, bir sıra eyiblərin, problemlərin üstünü açır. Belə aramsız yağışlardan sonra yaşadığım Sumqayıt şəhərində də küçələrdə, yollarda avtomobil və piyadalar üçün böyük çətinliklər yarandı. Bunun da əsas səbəbi kanalizasiya və drenaj sisteminin normal işləməməsidir. Bəzi xətlər var ki, SSRİ dövründən qurulub və artıq çoxdandır ki, yenilənməlidir. Bəzi xətlər elə əvvəldən yaxşı işləmir. Yollar tikiləndə onun drenaj sistemi standartlara uyğun düzəldilmir. Növbəti bir problem isə odur ki, havalar soyuduqca, istilik təchizatı problemi yenidən qabarır. 21-ci əsrdə yaşayırıq, amma hələ də Qafqazın 2-ci böyük sənaye şəhəri olan Sumqayıtda istilik sitemi böyük ölçüdə qurulub başa çatdırılmayıb. Deyirlər, guya 2018-ci ildə başa çatacaq. Şəhərin vur-tut uzağı 25 faizi soyuq aylarda dövlətin verdiyi istilik hesabına qızınır. Qalanları isə əlavə elektrik sobaları qoşmağa, qaz sobasında qazı daim yandırmağa məcbur olur. Bu da elektrik xətlərinin gücə düşməsinə, qaz verilişinin azalmasına gətirib çıxarır. Sumqayıtın soyuq, yağmurlu aylarında sadəcə 2 sistemin — istilik və kanalizasiya sistemlərinin çox zəif olması ən böyük problemlərdəndir".
Rəşad Əziz — ofis menecer: "Xətai rayonu Məhəmməd Hadi kücəsində, sentyabr ayı daxil olandan qazın təzyiqi yoxdur. Çaydanı düz 2 saata qaynadırıq. Çimmək üçün gecəni gözləyirik ki, qazın təzyiqi qalxsın. Amma yay olanda əksinə, qazın təzyiqi yuxarı qalxır".
Pərvanə Həmidli — jurnalist: ""Azəriqaz"ın fəaliyyətindən çox narazıyam. Son bir ayda qazın təzyiqi çox aşağıdır. Son 3 gündə, ümumiyyətlə yox dərəcəsindədir. Kibritdən daha çox istilik almaq olar, nəinki qazdan".
Vüqar Vəliyev - fərdi sahibkar: ""Azəriqaz"dan narazıyıq. Onun bizə verdiyi qaz budur. 3 ildir şikayət eləyirik, şikayətimizə baxan da yoxdur.
Bu gün "qaynar xətt"lərinə yenə zəng vurmuşam, mənə verilən cavaba baxın: "Qaz çirklidirsə və işlətməyə qorxursunuzsa, o zaman işlətməyin!". Soruşuram ki, "Bəs necə yemək, çay hazırlayaq?". Deyirlər ki, "keçmişdə qaz olmayıb, necə yemək hazırlayıblarsa, siz də elə edi". Baxın, vəziyyətimiz bu cürdür".
Elvira Mirzəyeva — menecer: "Samuxda və Gəncənin bəzi hissələrində işığı söndürüblər. Axşam 7-dən səhərə kimi. İndi də qazı alıblar. Heç bir qurumla da əlaqə saxlamaq mümkün deyil".
Sevinc Yasinqızı — jurnalist: ""Azəriqaz" İstehsalat Birliyinin fəaliyyətindən narazıyam. Yaşadığım Nərimanov rayonunda havalar soyuyan kimi, nədənsə qaz problemi yaranır. Deyərdim ki, digər vaxtlarda bu cür problemlə qarşılaşmırıq. Hətta qazın təzyiqi belə çox yüksək olur. Təəssüflər olsun ki, bu hal həmişə belə olmur. Havalar soyuyan, yağışlar yağan kimi nədənsə qazlar kəsilir və ya təzyiqi azaldılır. Maraqlıdır ki, niyə? Bu sualın cavabını bütün sakinlər bilmək istəyirlər. Onu da qeyd edim ki, elə ərazilər var, orada, ümumiyyətlə qaz kəsilir. Sakinlər məcbur olub qızdırıcı vasitələrdən istifadə edirlər. Düzdür, əvvəllər işıqla da bağlı belə bir problem var idi. Amma son vaxtlar bu problem həll olunub".