BAKI, 14 okt — Sputnik. Dünyada olduğu kimi, Azərbaycanda da son zamanlar döymə (tatu) sənətinə maraq artıb. Bunu görmək üçün ətrafımıza, xüsusilə gənclərə diqqət yetirmək kifayətdir. Sputnik-in əməkdaşı, paytaxtdakı tanınmış döymə ustası Telman Eyzamoğlu ilə bu sənət ətrafında həmsöhbət olub.
- Tatu nədir? Və onu hansı zərurətdən bədənə döydürürlər?
— Bu, insan bədənində müxtəlif təsvirlərin həkk olunmasıdır. Tatunu hər kəs öz zövqünə görə vurdurur. Uşaqlığında olan hər hansı arzusuna görə, hobbisinə görə, sevdiyinə görə, gözəlliyinə görə. Yəni konkret hər kəs eyni düşüncə və məqsədlə tatu vurdurmur.
- Daha çox bədənin hansı nahiyəsinə vurdururlar tatunu?
— Ən çox əllərə, ayaqlara və boyuna döymə etdirirlər. Amma mən ilk dəfə tatu vurdurmağa gələn müştəriyə, məhz görünən nahiyələrdə döymə etdirməyi məsləhət görmürəm. Çünki, ilk tatudur. Sonradan müştəri fikrini dəyişə bilər və daha yaxşı döymə vurdurmaq istəyə bilər, əvvəlki döymədən bezə bilər.
- Tatu vurduğunuz zaman insanlara pis təsirləri olub?
— Olub. Bizim üçün adi bir haldır. Təzyiqdən, həyəcandan ürək getmələr olur.
- Tatudan sonra insan orqanizmində, xüsusilə döymə vurulan yerdə ağrıların yaranması halları olur?
— Tatu vurmaq üçün istifadə etdiyimiz məhlullar təbii bitki mənşəli rənglərdir. Yəni, məhz döyməyə görə əzələdə ağrıların olması mümkün deyil. Amma gigiyenik cəhətdən natəmiz yerdə döymə olunarsa, o zaman dəridə səpmələr, allergiyanın olması mümkündür. Ən azından, mənim öz bədənimdə çox sayda döymə var və heç bir döymə olan nahiyəmdə ağrılar yoxdur.
- Xanımlar daha çox döymə etdirir, yoxsa bəylər?
— Son zamanlar xanımlar daha çoxluq təşkil edir. Və ən müsbət hal odur ki, xanımlar gələn zaman hazırlıqlı gəlirlər. Yəni nə döymə vurdurmaq istəyirlərsə, öncədən müəyyən edib gəlirlər. Bəylər, xüsusilə başqalarında gördükləri tatuları vurdurmağa çalışırlar.
- Əvvəllər daha çox müxtəlif insanların adlarını (ata, ana, sevgili və s.) döymə kimi bədənə həkk edirdilər. İndi də bu adət qalıb, yoxsa artıq şəkilli döymələrə üstünlük verilir?
— Hələ də gəlib bizdən "ata", "ana" döymələri vurmağımızı istəyən insanlar var. Amma mən çalışıram, belə insanların fikirlərini dəyişim. Doğru qərar vermələrinə kömək edirəm ki, bir müddət sonra peşman olmasınlar və ya vurdurduqları tatudan bezməsinlər.
- Elə hallar olub ki, kimsə vurulan tatudan bezsin və sizdən onu dəyişməyiniz istəsin?
— Müştəri gələndə istədiyi tatunu həmin dəqiqə bədəninə vurmuruq. Öncə söhbət edirik, niyə məhz bu tatunu üzərinə həkk etməsini soruşuram. Çalışıram, müştərilər tələsib qərar verərək sonradan peşman olmasınlar. Bir az məsləhətləşdikdən və fikrini tam dəqiqləşdirəndən sonra qərarını açıqlayır, mən həyata keçirirəm.
- Tatu vurdurmaq üçün yaş məhdudiyyəti varmı?
— 18 yaşından yuxarı hər kəs döymə vurdura bilər. Amma 18 yaşdan aşağı uşaqlar döymə vurdurmaq istəyəndə, hər iki valideynin icazəsindən sonra döyməni vururam.
- Döymə ustası olmaq üçün insan hansı qabiliyyətlərə malik olmalıdır?
— İlk növbədə rəssamlıq qabiliyyəti olmalıdır, fərqlilikləri görmə qabiliyyəti və zövqü olmalıdır. Bəzən olur ki, yarımçıq döymələr gəlir və sən onları düzəltməyi bacarmalısan. Bu qabiliyyətlər bir ustada cəmlənməyəndə keyfiyətli iş ortaya çıxara bilmir. Həm də diqqətli olmaq lazımdır. Eyni zamanda, usta öz sağlamlığını qorumalıdır. Alətlərlə düzgün və ehtiyatlı davranmağı bacarmalıdır, əks halda özünü zədələyə bilərsən və infeksiya qana keçərək xəstəliklərə yol aça bilər.
- Yerli sakinlərlə yanaşı, əcnəbilər də sizə müraciət edirlər?
— Əlbəttə. Çox müraciət edənlər olur. Avropalılar xüsusilə. Ərəblər də gəlirlər. Onlar da islam dininə xas olan simvolları vurdururlar, eyni zamanda islamda din tanınmış din xadimlərin adlarını yazdırırlar.