İlham Mustafa, Sputnik Azərbaycan
"Dedim əgər mənim hazırladığımı 75 ustadan biri düzəltsə, mən işdən çıxacağam. Dərəcə imtahanı olan gün hazırladığımı görəndən sonra narazılıq edənlərin birindən də səs çıxmadı. Zavodda 6-cı dərəcəni almış ən gənc usta oldum."
Bu sözlərin müəllifi Göygöl rayonu sakini Cahan Cəfərov 30 ildən artıqdır ki, qədim sənət nümunələrindən olan çəlləkçiliklə məşğul olur. Yaşadığı evin bir hissəsinə lazım olan avadanlıqları yığaraq ailəsinin çörəkpulunu məhz bu sənətdən çıxarır.
Onun sənətə gəlişi SSRİ dövrünə təsadüf edir. Hərbi xidmətdən qayıdandan sonra Göygöl rayonunda fəaliyyət göstərən şərabçılıq üzrə ixtisaslaşmış Mexanika zavodunda fəhlə kimi işləməyə başlayıb. Lakin ömrünü fəhləliklə başa vurmaq istəmədiyindən müdriyyətdən xahiş edib ki, ona çəlləkçi ustaların yanında şagird kimi işləməyə icazə verilsin. İki ay fəhlə işlədiyi müddətdə zavodun hər işi ilə tanış olmağa imkan tapan Cahan usta az müddətdə şagirdlikdən ən yüksək — 6-cı dərəcəli ustaya kimi yüksələ bilib. Ən maraqlısı isə odur ki, çoxlarının ömür boyu 2-3-cü dərəcədən çox inkişaf edə bilmədiyi bu sənətdə 5 dərəcəni ard-arda yalnız bir ilin içərisində qazanıb. Zavodda fəaliyyət göstərən 75 ustadan 8-9 nəfərindən başqa hamısının erməni olduğunu deyən Cahan usta onun sənət pillələrində belə sürətlə irəliləyişini hamısının paxıllıqla qarşıladığını söyləyir.
Sonuncu — 6-cı dərəcəni almaq istəməsi isə zavodda hay-küyə səbəb olub. O zaman onun düzəldəcəyi çəlləklərdən başqa ustanın düzəldəcəyi təqdirdə işdən ayrılacağını bəyan edib. Dərəcənin təqdim edildiyi gün, o günə kimi heç kimin düzəltmədiyi və imtahan gününədək gizli saxladığı 1 və 2 litrlik çəlləkləri üzə çıxardığında, narazılıq edənlərdən heç kim səsini çıxara bilməyib. Onun kiçik çəlləklərin altına düzəltdiyi ayaqaltılar isə sənətdə bir yenilik olub. Usta hətta üç növdə içki tökülə bilən çəlləklərin də müəllifidir.
Palıd çəlləyi içkiyə özünəməxsus dad və rəng verir
Ustanın hazırladığı qablar ən çox şərabçılıqda istifadə olunsa da, çəlləklərdə bal, bəhməz, un və digər qida məhsullarını saxlayanlar da çoxdur. Çünki bu cür qablarda qida məhsulları saxlamaq daha təhlükəsizdir.
Əsasən turşu-şorabaların qoyulmasında rəngli kauçuk qablardan istifadə edilməsini məqbul saymayan usta, taxta çəlləklərin şorabaların yetişməsində və saxlanmasında əvəzsiz olduğunu deyir. Çəlləklərin hazırlanmasında isə yalnız palıd ağacından istifadə edir. Buna səbəb digər ağaclardan fərqli olaraq, palıdın istənilən məhsulu daha təmiz saxlamasıdır. Palıd ağacından düzəldilən məhsul möhkəm və mayeyə davamlı olur. Eyni zamanda usta palıd çəlləyin içindəki içkiyə özünəməxsuz tam və dünyanın heç bir rəssamının ala bilməyəcəyi rəng verdiyini bildirir.
Usta deyir ki, Sovet dövründə zavodda "yararsız" kimi qeydiyyatdan keçmiş çəlləkləri müəyyən hörmət müqabilində alıb gətirib. Hazırda material kimi onlardan istifadə edir. Sifarişlərin belə az olduğu müddətcə hələ 20 il bu materialın ona bəs edəcəyini deyir.
Bir ustanın sadəcə 1 barmağı var idi
Cahan usta bu işin incə, məsuliyyətli və ağır olduğunu qeyd edir.
"Hər ustanın düzəltdiyi çəlləyə ilk dəfədən şərab tökmək olmur. Çox vaxt içərisinə su doldurub 3-4 gün saxlayırlar ki, taxtalar şişsin sonra şərab tökülsün. Mən hazırladığım çəlləkləri satanda isə ilk dəfədən doldurula biləcəyini deyirəm. İndiyədək də heç bir problem olmayıb".
İşin ağırlığı isə ondadır ki bu işlə məşğul olan ustaların 10 barmağının olması nadir hadisələrdəndir — deyir Cahan usta. Zavodda işləyən vaxt 6-7 barmaqlı, hətta bir ustanın yalnız bir bütöv barmağının qaldığını deyir.
"Düzdür əlimdə kəsik çox olsa da şükür ki, barmaqlarım hamısı salamatdır".
Əziyyəti qiymətindən baha
İşin əziyyətli olmasına baxmayaraq, məhsullar o qədər də baha deyil. 2-3 litrlik çəlləklər 50-60 manat, böyüdükcə isə hər litrində 5-10 manat fərqlə yüksəlir. 5 litrlik 75, 10 litrlik isə 90-100 manat aralığında dəyişir. Usta qiymətlərin eynihəcmli çəlləklərdə qoyulan krana, rənglənməyə və laklanmaya görə də dəyişdiyini deyir. Hər çəlləyə isə həcmindən asılı olaraq 1-7 gün vaxt sərf edir. Cahan usta hazırda sifarişlərin çox azaldığını söyləyir. Bunu isə çəlləklərin içərisinə töküləcək məhsulların baha olması ilə əlaqələndirir. Daha çox tələbatın içi doldurula biləcək 10 litrə qədər olan çəlləklərə və turşu-şoraba qablarına olduğunu deyir.
Əsas köməkçilərini bir ilin içində ərə verib
Cahan usta hazırda tək işləyir. Sifariş az olduğundan öhdəsindən gəldiyini deyir. Əvvəllər iş çox olanda, ailə üzvləri — yoldaşı, dörd qızı və bir oğlu hər işinə yardım ediblər.
"Biri taxtaları seçirdi, biri laklayırdı, biri rəngləyirdi, biri vintini açırdı. Vaxta da çox qənaət olurdu. İndi sifariş də azdır, köməyə də ehtiyac yoxdur. Bir ildə beş ustalıq dərəcəsini necə almışdımsa, eləcə də bir ildə qızlarımın hamısının nişanını edib, cehizini hazırlayıb köçürdüm getdi. Hazırda Cahan ustanın 7 oğul, 3 qız nəvəsi var. Böyüyəndə bu sənəti davam etdirib etdirməməyi isə usta onların öz öhdəsinə buraxıb.