Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 13 okt — Sputnik. Arıçılıq Azərbaycanda ən qədim təsərrüfat sahələrindən biri hesab olunur. İbtidai insanların qədim yaşayış məskənlərindən olan Azıx mağarasında aparılan arxeoloji qazıntılar zamanı, üzərində arı şəkli olan kasanın tapılması Azərbaycanda arıçılığın çox qədim tarixi olduğunu bir daha təsdiq edir.
Zəngin floraya malik olan Qax rayonu Azərbaycanın arıçılıq mərkəzlərindən biri sayılır. Qax Arıçılar Birliyinin sədri Bədrəddin Həsrətov 20 ildən çoxdur ki, arıçılıqla məşğul olur.
"Əvvəllər həvəskar kimi bu işlə məşğul olmuşam. Təcrübə yığıldıqca peşəkar arıçı olmağa çalışmışam. Özümü tam peşəkar hesab etmirəm. Baxmayaraq ki, Dünya Arıçılıq Assosiasiyası məni peşəkar arıçı kimi öz ailələrinə qəbul edib", — deyə B. Həsrətov Sputnik-ə açıqlamasında bildirib.
Arı vızıltısı müalicəvidir
Onun arıçılıqla məşğul olmağa başlaması da təsadüfən olub: "Bir dəfə qoyun otaranda ağac koğuşunda bir arının işlədiyini görmüşdüm. Ona göstərdiyim maraq məni bu peşəyə başlamağa vadar elədi. Sonra Qulamhüseyn Sultanovun "Arıçılıq haqqında söhbətlər" kitabını oxudum. Beləcə, arılar məndə maraq oyatdı və bu işə başladım".
Həsrətov təsərrüfatını tədricən inkişaf etdirə bilib və artıq bir neçə gənci işə götürüb: "Gənclərə həm kurs keçir, arıçılığın nəzəriyyəsini öyrədirik, həm də onlara təcrübi cəhətdən arıçılıq sənətini aşılayırıq".
"Təsərrüfatımızda təkcə bal yığmırıq. Arıdan 10 adda məhsul götürürük. Demək olar ki, arının ölüsünü də yığırıq, atmırıq. Bilirsiniz ki, arının bədəni xtin təbəqəsindən ibarətdir və çox güclü geparin var. Geparin də kimya sənayesində çox çətin əldə olunur. Amma arının bədənində hazır vəziyyətdədir. Onlardan da müəyyən cövhərlər, bəzi problemlərin aradan qaldırılması üçün kremlər hazırlayırıq", — müsahibimiz qeyd edib.
Dediyinə görə, Azərbaycanda ilk dəfə onlar laboratoriya şəraitində arı südünü yığmağa başlayıblar: "Bu il 10 kq-dan çox arı südü yığmışıq. İlk dəfə burada genefond damazlıq təsərrüfatı yaratmışıq. Ana arıda süni mayalanma prosesini həyata keçirməyə başlamışıq. İlk dəfə olaraq biz bal verən bitkilərin araşdırılmasına başlamışıq. Arı məhsulları ilə müalicə üsulları var. Buna apiterapiya deyirlər. Apiterapiya da mənim çox marağımda olan sahədir. Keçən il iki ay bu sahəni öyrənmək üçün Çində oldum. Əslində bunu həkimlər öyrənməlidirlər, biz isə məhsulla təmin etməliyik. Amma, nədənsə ənənəvi tibb alternativ tibbi qəbul etmir".
B. Həsrətov arıçılıq üzrə bir turizm mərkəzi yaratmaq istədiklərini də diqqətə çatdırıb: "Turistlərə arıçılığı, arıçılığın tarixindən bu günə kimi keçdiyi yolu göstərməyə çalışacağıq. Arının heç qablaşmayan məhsulları var. Onun səsi bir dərmandır, insanın beynindəki səs tezlikləri ilə üst-üstə düşür. Böyük Vətən Müharibəsindən sonra beyin travması alan xəstələri arıxanalarda əyləşdirərdilər, onlar arının vızıltısına qulaq asardılar və onların sinirləri sakitləşərdi".
"Arıların müsbət aurası var və onun aurasından da müalicədə istifadə edirlər. Arı pətəyinin içərisində çox güclü bir hava var. Orda nektarın, propolisin uçucu efirləri var. Arının öz nəfəsi var ki, xüsusi cihazlarla, nəfəsalma ilə çox güclü müalicə üsulu hesab olunur. Dünyada ona apeyer deyilir. Almaniyada geniş yayılıb, Türkiyəyə gəlib çıxıb artıq. Biz onu bura da gətirməyi düşünürük", — arı mütəxəssisi bildirib.
"Yeriyə bilməyən xəstəni arı sancması ayağa qaldırdı"
Arı zəhərini qablaşdırmadıqlarını deyən Həsrətovun sözlərinə görə, ondan müalicə üçün istifadə edirlər: "Bizə ancaq onun sancmaları lazımdır. Buna apitoksinoterapiya deyilir. Akpunktur nöqtələr var ki, biz bu xüsusi nöqtələrə arının sancmasını təmin etmişik. Arı sancmalarını, əsasən revmatik xəstələrdə, skelerozlarda, skelerozun parkinson xəstəliyində tətbiq eləmişik, nəticə əldə etmişik. Gəzə bilməyən bir xəstəmiz vardı, o, bir kurs arı sancmalarından sonra yeriməyə başlayıb. Bu yaxınlarda dağınıq skelerozdan əziyyət çəkən bir xəstəmiz olub, arı sancmaları ilə bir kurs müalicə alıb və sağalıb".
Onun sözlərinə görə, Yaponiyada il ərzində 250 ton arı südündən istifadə olunur: "Uşaq baxçalarında, məktəblərdə hər gün uşaqlara pulsuz arı südü verirlər. Bu məhsul fiziki və zehni inkişafa çox böyük təsir göstərir. Azərbaycanlılar isə hələ indi arı südü ilə tanış olurlar. Dünyaca məşhur alim Albert Eynşteyn deyirdi ki, bal arısı məhv olarsa, həyat 4 ildən 10 ilə qədər davam edə bilər. Alim bunu boşuna deməyib".
"Entonofil bitkilərdə animafillər az olduğundan, onların çarpaz tozlanması az baş verir. Yəni onlar arasında küləklə tozlananlar azdır. Amma həşəratla tozlanan bitkilər daha çoxdur. Tozlamanın 85%-ni bal arısı aparır. İndi təsəvvür edək ki, tozlanma yoxdur, bitki örtüyü məhv olur, canlı aləmin aqibəti necə olar?! Ona görə də bütün dünyada arıçılar cəmiyyətin ərköyün təbəqəsinə çevriliblər. Bütün dünyada arıçılara subsidiyalar verilir, onlara xüsusi dəstəklər var. Qonşu Türkiyədə arıçılara xüsusi proqramları icra edilir. Arılar o qədər də diqqəti cəlb eləmir. Amma onlar həyat üçün son dərəcə vacib canlılardır. Müqəddəs kitabımız olan "Qurani-Kərim"də də "ən Nəhl", yəni arı surəsi var" — deyə mütəxəssis bildirib.
"Balın keyfiyyətini təyin etmək üçün dəqiq üsul yoxdur"
O, balın tərkibini də oxucularımız üçün açıqlayıb: "Balın tərkibi o qədər mürəkkəbdir ki, 20%-dən çox su olmamalıdır. Elə təsəvvür edək ki, 80% toz götürmüsünüz, 20% suya qarışdırırsınız, bal olur. Balın tərkibində 20%-ə qədər su olmalıdır. Müvafiq karandaş onun suyunun az və ya çox olduğunu göstərə bilir. Balın tərkibində şirinlik verən sadə şəkər var. Quru kütlədə 76%-dən az olmamalıdır. Viazkas çox olanda, normal olanda bal axarlı olur, uzana bilir".
"Balın tərkibində diastaza da var. Təsəvvür edin, arı nektarı yığır, öz fermentini ona qatır, onu gətirib yuvaya çatdırana qədər məsafədən asılı olaraq, ən azından 200 dəfə onu nəhrə kimi çalxalayır. Ağzına gətirir, mədəsinə aparır. Bu minvalla onu gətirib arı yuvasının içərisində yükü qəbul edən arılara təhvil verir. Xortumunu calayır, onlar içəridə onu sorur və onlar da eyni prosesi davam etdirir, özlərindən ona ferment qatırlar. Və beləliklə nektar bal olur və müalicəvi məhsula çevrilir. Balı qaşıqla yuxarı qaldırmaqla onun tərkibində yastazanın olub-olmadığını bilmək olmaz. Ümumiyyətlə bu, nisbi şeylərdir, inanmaq lazım deyil".
Həsrətov öz peşəsindən dolayı bütün bölgələri gəzdiyini də əlavə edir: "Elə ballarla qarşılaşırıq ki, ətri qat-qat bizim ballardan ətirli, dadı da gözəldir. Onlardan nümunə götürürük. Bura gətirib analiz edirik və görürük ki, bu, əslində bal deyil. Demək o qədər gözəl hazırlaya bilirlər ki, adamın boğazını deyil, hətta mədəsini də yandırır. Balı təyin etmək üçün elə dəqiq üsul yoxdur. Ancaq onu arıçının vicdanı bilir, sonra da laboratoriya və analizlər".