İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 20 sen — Sputnik. Qədim və zəngin tarixə malik Azərbaycanda ta qədimdən müalicə və sağlamlıq üçün xeyirli olan müxtəlif təbii tərkibli dərman vasitələri hazırlanıb. Bu vasitələr "türkəçarə" üsulu ilə bir çox xəstəliklərin sağalmasında və qarşısının alımasında misilsiz rol oynayıb.
Hazırda bu vasitələrin bir çoxu yaddan çıxmış, bəziləri isə unudulmaq üzrədir. Təbii müalicəvi xüsusiyyətlərə malik nanə, cəfəri, şahtərə, şaftalı yarpağından hazırlanan araqlar da bu cür vasitələrdəndir. Adına "araq" deyilməsinə baxmayaraq, bu tipli məhlullar adi spirtli içkilər kimi istifadə olunmur, orqanizmdə gedən proseslərin tənzimlənməsindən tutmuş şəkərli diabet, böyrək, ürək xəstəliklərinin müalicəsində istifadə edilir.
Adına gəldikdə isə, "araq" sözü dilimizdə ilk ağılagələn mənasından əlavə, eyni zamanda müxtəlif çiçək, gül və otların distiləsindən hazırlanmış dərman və ədviyyat cövhərlərinə də deyilib. Bu cür cövhərlərdən biri də nanə arağıdır.
Əsasən Gəncə və ətraf rayonlarda daha məşhur olan nanə arağının hazırlanması ilə azsaylı da olsa, məşğul olan insanlar var. Onlardan biri də Gəncə şəhəri Ağamirzə Əhmədov küçəsində yaşayan Əntiqə Əsgərovadır. 38 illik müəllimlik təcrübəsinə malik, hazırda təqaüdçü olan Əntiqə xanım unudulmaqda olan bu sənəti yaşadanlardandır.
O, cövhər hazırlamaqla bir qayda olaraq qadınların məşğul olduğunu, bu işin sirrlərini xalasından, xalasının isə öz qaynanasından öyrəndiyini deyir. Xalasının da Əsgərovlar ailəsinin gəlini olduunu deyən Əntiqə xanım bu sənəti, eyni zamanda nəsildən-nəsilə keçən bir ailə ənənəsi olaraq davam etdirir.
Hazırda işlətdiyi təmiz misdən olan qazan, güyüm, ney və digər avadanlıqlar da öz qədimliyi ilə seçilir. O, bu avadanlıqların köməyi ilə, müraciət edənlərin istəyindən asılı olaraq, şahtərə, kasnı, nanə, şaftalı yarpağı, qızıl gül cövhəri hazırlayır.
Əntiqə xanım əhali arasında hazırda ən çox tələbatın gülab və nanə arağına olduğunu deyir. Bunlardan qızıl gül ləçəklərindən hazırlanan gülab ölkəmizin bir çox yerlərində, əsasən yas mərasimlərində istifadə olunsa da, nanə arağı daha çox türkəçarə vasitəsi kimi əhəmiyyət daşıyır. Və onun tərkibində alkoqol yoxdur.
O, nanə arağının sancı, köp, qarın ağrısı, mədə ağrısı, ürəkbulanma zamanı çox müsbət təsir göstərdiyin deyir. Eyni zamanda burun, boğaz yollarını təmizləyir, həzmi rahatlaşdırır, iştahı açır, stres və baş ağrısını aradan qaldırmağa kömək edir.
"Şəhərimizin, həmçinin başqa rayonların elə sakinləri var ki, bu cür hallardan qorunmaq üçün daim evlərində nanə arağı saxlayırlar", — xanım deyir.
Hazırlanmasına gəldikdə, ağır və uzun olan bu proses 7-8 saat çəkir. Nanə yuyulub qazana qoyulduqdan sonra bəlli miqdarda üzərinə su əlavə edilir. Qazanın üzərinə həm qapaq, həm aparat funksiyasını daşıyan ney qoyulur. Qapaqla qazanın arası sonradan qopmağı asan olsun deyə çörək xəmirindən daha duzlu xəmirlə lehimlənir.
Neydən çıxan çıxıntılara qarğı çubuqları taxılır və onun bir ucu mis güyümə yerləşdirilir. Güyüm əvvəldən hazırlanmış soyuq su ilə dolu quyuya qoyularaq ətrafı və buxar çıxa biləcək yerləri bərkidilir. Bundan sonra qaz yandırılır.
Qaynağa düşdükdən sonra 5-6 saat aşağı odda qaynadılır. Bütün bu müddət ərzində isə daim qazın az və ya çoxluğuna, xəmirlə lehimlənmiş yerlərin qoparaq buxarın qaçmamasına nəzarət olunur. Qaynama zamanı nanə ilə birgə su qaynayaraq buxara çevrilir və qarğılar vasitəsilə soyuq suda olan güyümə daxil olur. Burada buxar suya dönərək nanə arağına çevrilir.
Ə. Əsgərova bütün bu əziyyətli prosesə və faydalı xüsusiyyətlərinə baxmayaraq, nanə arağının o qədər də baha olmadığını deyir. Əvvəllər məhlulu yalnız el adəti ilə dərman müqabilində formal olaraq şirinlik (1-2 konfet, yaxud qənd parçası) almaqla istəyənlərə verib. Sonralar qaz, su və digər kommunal xərclər bahalaşdığından, bu xərcləri qarşılamaq üçün nanə arağı da cüzi pul müqabilində satılmağa başlayıb.