İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 30 sen — Sputnik. Mingəçevir Azərbaycanın ən gənc, həmçinin ən gözəl şəhərlərindən biridir. Bu şəhər faşizm üzərində qələbədən sonra təməli qoyulan eyniadlı su anbarının tikintisi ilə bağlı salınsa da, ərazisi qədim yaşayış məskəni olub.
Ötən əsrin ortalarında, 9 illik gərgin prosesdən sonra Kür çayının qabağı kəsilərək Avropanın ən böyük torpaq bəndi və su anbarı yaradılıb. Əhali sayına görə ölkənin 4-cü böyük şəhəri olan Mingəçevir sakinləri həcminə görə bu su anbarını "dəniz" adlandırırlar.
Bu "dəniz"də balıq tutmaq mingəçevirlilərin ən sevilən istirahəti və məşğuliyyətidir. Burada bəzi sakinlər balıqçılıqla peşə kimi, çoxları isə həvəskar olaraq məşğul olurlar. Onlar "həm ziyarət, həm ticarət" deyiminə əsaslanaraq vaxtlarının bir hissəsini gözəl təbiət və "dəniz" qırağında keçirirlər. Bu işdən həm mənəvi zövq alır, həm də dadlı təamlar dadmaq üçün balıq tuturlar.
Həvəskar balıqçı Elnur Əliyev də Mingəçevir sakinidir. Əsasən yay aylarında həftədə 1-2 dəfə "dəniz" sahilinə gələrək balıq tutur, istirahət edir. Qılçıqsız (sümüksüz) olduğuna görə və dadlı olduğuna görə, daha çox sudak balığına üstünlük verir.
Bu balığın tutulması incəliklərini də Elnur bizimlə bölüşdü. Həvəskar balıqçı saat 16-17 arası sahilə gələrək ovlarının yerlərini müəyənləşdirir. Sonra isə böyük balıqları ovlamaq üçün, tilova taxmağa, "bıçok" adlandırdıqları xırda balıqlar tutur.
Hava qaralmağa başlayanda isə bu balıqları qarmağa taxaraq suya atır. Balığın qarmağa düşməsini bildirmək üçün tilov ipinə zınqırovlu "gözətçi" bənd edir. "Gözətçi"nin işi, balıq tilova düşəndə səs edərək sahibini xəbərdar etməkdir. Bundan sonra — gecə saat 1-dək kimi davam edən maraqlı və əyləncəli ov prosesi başlayır.
"Sudak balığı yırtıcı balıq olduğundan, axşam saatlarında xırda balıqları yemək üçün sahilə yaxınlaşır. Onu tutmaq üçün elə xırda balıqları tilova taxırıq. Xırda balıq qarmağa elə taxılmalıdır ki, ölməsin və hərəkət etsin. Bu zaman yırtıcı onu daha tez hiss edir və tələyə düşür. Sudakı tutmağın ən uyğun zaman isə hava qaraldıqdan sonra və səhərə yaxındır", — deyir Elnur Əliyev.
O, balıq tutmaq üçün hava şəraitinin də əsas olduğunu söyləyir. Çox küləkli, yaxud çox sakit, aydınlıq, yaxud zil qaranlıq hava balıq tutulmasında müəyyən rol oynayır. Balıqçı ovun hər zaman filmlərdə göstərilən kimi uğurlu olmadığını, bəzən 2-3 kiloqramadək balıq tuta bildiklərini, bəzənsə evə əliboş döndüklərini deyir. Elnur balıq tuta bilmək üçün insanda səbr və işindən zövq almağın önəmli olduğunu deyir.
Qismətdən, bizim də iştirak etdiyimiz ov prosesindən balıqçı həmin gün, "dəniz " sahilinə çıxan digər bütün balıqçılar kimi əliboş döndü. Təcrübəli balıqçılar bunu bir gün əvvəl bölgədə (Balakəndə) baş verən zəlzələ ilə əlaqələndirdilər. Onların sözlərinə görə, zəlzələ ən tez balıqlar tərəfindən duyulur və bu zaman suyun dərinliklərinə çəkilirlər.
Qismətinə balıq çıxmasa belə, bu əyləncəyə sərf etdiyin zaman boşuna itirilmiş hesab olunmamalıdır. Ruhun dincliyi və əsəblərin yerinə gəlməsi üçün əvəzsiz əyləncədir balıq tutmaq. Qısası, Mingəçevirə gedərkən özünüzlə tilov götürsəniz, peşman olmazsınız…