Bu gün Sputnik Beynəlxalq Mətbuat Mərkəzində, "Azərbaycanda orta təhsilin problemləri və onların həlli yolları" mövzusunda keçirilən mətbuat konfransında, Bakı Dövlət Universitetinin (BDU) professoru Şahlar Əsgərov belə deyib. Onun sözlərinə görə, bütün bunlar təhsili çox mürəkkəbləşdirdi, çoxlu problemlər yarandı: "İdarəetmə, təhsil siyasəti, dərsliklər, şagirdlərin dərsə cəlb edilməsi, müəllim və ya direktorların seçilməsi — bütün bunlar problemə çevrildi".
Ekspertin sözlərinə görə, bu problemlər əvvəllər də vardı, amma bu qədər çox deyildi: "Repetitorluq və test sistemi həyatımıza daxil oldu. Bundan başqa, yeni problemlər ortaya çıxdı: 12 illik təhsil probleminə keçildi, biliklərin qiymətləndirilməsinin vahidlik prinsipi pozuldu. Bütün ölkələrdə bilik bir qaydada qiymətləndirilir: 5, 10 və ya 100 balla, amma bizdə hamısı ilə. Yəni, biliyin qiymətləndirilməsinin vahidlik prinsipi pozulub və bu, təhsil intizamını pozur".
Tədbirdə iştirak edən təhsil üzrə ekspert Nadir İsrafilovun sözlərinə görə isə, Azərbaycanda təhsil sahəsində müəyyən işlər görülsə belə, bir çox problemlər hələ də qalmaqdadır: "Bu, hər şeydən əvvəl keçid dövrünün problemləri ilə bağlıdır. Bizim ən böyük nöqsanımız ondan ibarət oldu ki, biz uzun illərdən bəri toplanmış potensialı nəinki inkişaf etdirdik, əksinə, olan potensialı da vurub dağıtdıq".
"Yəni, bu keçid dövrünün mərhələlərlə həyata keçirilməsində səhvə yol verdik. Biz nə sovet təhsil sistemindən tam ayrıldıq, nə Qərb təhsil sistemini kifayət qədər mənimsədik. Bu aralıq mövqedə qalmağımız belə problemlərin mövcudluğuna şərait yaratdı", — N. İsrafilov qeyd edib.
Ekspertin sözlərinə görə, son 15 ildə təhsil sahəsində buraxılan səhvlərin aradan qaldırılması istiqamətində xeyli işlər görülür: "Biz müəyyən tələsikliyə yol vermişik. Kurikulum islahatının həyata keçirilməsi və Baloniya prosesinə qoşulmağımızla bağlı tələsikliklər öz fəsadlarını göstərir. Ümid edirik ki, təhsilin inkişafı naminə atılan addımlar müəyyən uğurların əldə edilməsinə gətirib çıxaracaq".