BAKI, 6 sen — Sputnik. "Əvvəllər məktəbli formalarının qiyməti ölçülərindən fərqli olaraq 40-55 manat civarında olub, bu il isə Bakı Tikiş Evi vahid qiymət çıxarıb. İndi ölçü fərqi kənara qoyulub. Yuxarı siniflər üçün məktəbli formasının orta qiyməti 52 manat, aşağı siniflər üçün isə 40 manat təşkil edib. Hesablamalar məktəbli formalarının qiymətində 10% bahalaşmanın olduğunu meydana çıxarır".
Bu gün Sputnik Beynəlxalq Mətbuat Mərkəzində, "Yeni dərs ilinə hazırlıqlar necə gedir" mövzusunda keçirilən mətbuat konfransında, Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov belə deyib. Onun sözlərinə görə, AİB-ə təhsil mövsümü ilə əlaqədar hər gün 2-3 telefon zəngi daxil olur: "Düşünürəm ki, bu sahədə sərt bir siyasət mövcuddur. Əhali qiymətdən və aldığı paltarın müəllimlər tərəfindən soyundurulmasından narazılıq edir. 40 minlik müəllim ordusu, dörd mindən çox məktəb, böyük bir nazirlik valideynlərə, uşaqlara basqı edir ki, yalnız bir fabrikin malları satılsın".
E. Hüseynov valideynlərin məktəb xərclərinə görə orta hesabla 250-300 manat xərcə düşdüklərini qeyd edərək bildirib ki, bunun arxasında pul məsələsi dayanır: "Bunu valideynlər və hamı başa düşür. Dünyanın heç bir ölkəsində elə bir fabrik yoxdur ki, onun arxasında dövlətin nazirliyi, 40 minlik müəllim ordusu və neçə min məktəb dayansın ki, ancaq bu fabrikin mallarının satılması məsələsi getsin. Azad İstehlakçılar Birliyi olaraq biz bu vəziyyətdən tam narazıyıq. Məktəbli formalarının standartları elan olunmalıdır. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu standartları açıq elan etməlidir və kim harada istəyirsə, bu standartlara uyğun mal istehsal edib bazara çıxarmalıdır".
Ekspert hesab edir ki, belə olan halda, bu malların qiyməti minimum 50% aşağı düşəcək, keyfiyyəti isə yuxarı qalxacaq.
Tədbirdə iştirak edən təhsil üzrə ekspert Nadir İsrafilovun sözlərinə görə isə, məktəb xərcləri bizim gəlirlərimizlə uyğun deyil: "Rəsmi statistikaya görə, təkcə keçən il 30 mindən artıq 6 yaşlı uşaq məktəbə cəlb olunmayıb. Təhsildən yayınma hallarının əsas səbəbi məktəb xərclərinin çox olmasıdır".
Ekspertin sözlərinə görə, indi təhsil elmdən daha çox kommersiya məqsədinə xidmət edir: "2007-2011-ci illərdə "İş dəftəri" adlı məsələ atılmışdı ortalığa. Bu iş dəftərləri təhsilə, biliyə və elmə xidmətdən daha çox kommersiya maraqlarına xidmət edirdi, reklam xarakteri daşıyırdı. O həddə çatmışdı ki, valideyn 5-6 fənndən 5 manat dəyərində iş dəftəri almalı idi. Təkcə iş dəftərlərinə 25-30 manat xərc tələb olunurdu".
"İctimaiyyət bu məsələnin üstünə getdi. Bu, mətbuatda da geniş işıqlandırıldı və nazir iş dəftərlərinin tədris vəsaitləri siyahısından çıxarılması əmrini verdi. Bu, məsələni bir az yüngülləşdirdi", — ekspert qeyd edib.
N. İsrafilov onu da vurğulayıb ki, hazırki dərslikləri qənaətbəxş hesab etmək olmaz: "Təhsil keyfiyyətinin aşağı düşməsinin əsas səbəblərindən biri də dərsliklərimizin lazımi səviyyədə olmamasıdır".