SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev: Terrorçuların yaxşısı olmur

© Official website of President of Azerbaijan Republicİlham Əliyev MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edib
İlham Əliyev MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edib - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident: Beyinlərin "yuyulması", radikal ideologiya o yerdə özünə zəmin tapır ki, orada təhsilə lazımınca əhəmiyyət verilmir.

BAKI, 28 sen-Sputnik. "Biz öz regionumuzda və keçmiş SSRİ məkanında təhlükəsizliyin möhkəmləndirilməsi işinə öz töhfəmizi verməyə çalışırıq".

Azərbaycan prezidenti İlham Əliyev MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının Bakıda keçirilən iclasının iştirakçıları ilə görüşündə belə deyib.

Sputnik-in məlumatına görə, dövlət başçısı Azərbaycanın Şuranın fəaliyyətinə böyük əhəmiyyət verdiyini qeyd edərək, onun çox səmərəli, gərəkli, üzv ölkələr arasında əməkdaşlığın, habelə ölkələrdə təhlükəsizlik sisteminin möhkəmlənməsinə kömək edəcəyini vurğulayıb.

İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edib - Sputnik Azərbaycan
İlham Əliyev: "Mənimlə şəkil çəkdirmək cinayətdirsə, biz nədən danışa bilərik?!"
Prezident dünyada mövcud vəziyyətə toxunaraq, təhlükələrin artdığını təəssüflə qeyd edib: "Mövcud ənənəvi təhdidlərlə yanaşı, yeni gərginlik ocaqları, münaqişələr, praktiki olaraq bütün qitələri əhatə etmiş terror xarakterli təhdidlər yaranır. Mən yüksək beynəlxalq tribunalardan da dəfələrlə demişəm və həyat da bunu təsdiq edir, bu cür düşünən təkcə mən deyiləm ki, heç bir ölkənin təhlükəsizliyini təkbaşına təmin etmək mümkün deyil. Əməkdaşlıq, qarşılıqlı fəaliyyət olmadan, terrorizmə, radikalizmə, ekstremizmə qarşı mübarizədə səyləri birləşdirmədən təhlükəsizliyi təmin etmək çox çətindir.

Həmçinin düşünürəm ki, artıq indi dünyada bu cür tezisləri dəstəkləyənlər getdikcə çoxalır ki, terrorçuların yaxşısı olmur, terrorçuları sənin ölkənə qarşı və ya sənin rəqibin, yaxud düşmənin olan ölkəyə qarşı çıxış edənlərə bölmək olmaz. Terrorizmə qarşı mübarizə qlobal xarakter daşımalıdır. Bu gün təəssüf ki, həm bizim regionda, həm MDB məkanında, həm dünyada, həm Avropada müşahidə etdiyimiz hadisələr belə bir tezisi təsdiq edir ki, təhdidlərin qarşısını almaq üçün bütün ölkələrin xüsusi xidmətləri arasında səylərin birləşdirilməsi, informasiya mübadiləsi, səmimi əməkdaşlıq zəruridir".

"Biz hamımız mürəkkəb regionda yaşayırıq, dünya dəyişir, təhlükələr artır. Terrorçu təşkilatlar olduqca təhlükəli silah növlərinə, texnologiyalara yol tapırlar və bütün bunlar, əlbəttə ki, böyük təhlükə doğurur. Yaxın Şərqdə praktiki olaraq nəzarətdən çıxmış hadisələr, Avropa paytaxtlarında, Yer kürəsinin digər regionlarında terror hücumları, gərginliyin artması — bütün bunlar günümüzün reallıqlarıdır. Biz real aləmdə yaşayırıq və təhlükələrə adekvat reaksiya verməli, onları qabaqlamalıyıq. Buna görə də hər bir ölkə, əlbəttə ki, xüsusi xidmətlərin fəaliyyətindən ötrü zəruri şərait yaratmaq üçün öz potensialından maksimum istifadə etməyə çalışır. Biz Azərbaycanda bu sahəyə çox böyük diqqət yetiririk. Bizim xüsusi xidmətlərimiz müasir texnika ilə, avadanlıqla təchiz olunub, onların peşəkarlığı və səmərəliliyi artır. Əlbəttə, öz tərəfimizdən biz həmişə tərəfdaş ölkələrlə sıx əlaqədə işləyəcəyik", — deyə dövlət başçısı qeyd edib.

Dövlət başçısı Azərbaycanın müstəqillik illərində, son illərdə istənilən təhdidlərə davam gətirmək qabiliyyətini dəfələrlə sübut etdiyini vurğulayıb.

Prezident İlham Əliyev Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib - Sputnik Azərbaycan
İlham Əliyev gələcək planlardan danışdı
Prezident son vaxtlar konfessiyalararası, etnoslararası zəmində gərginliyin artdığını, qarşıdurmaların çoxaldığını qeyd edib: "Bu, bütün dünya və bizim ölkələr üçün böyük təhlükədir. Ölkələrimizin hamısı çoxmillətli və çoxkonfessiyalı ölkələrdir. Bizim ölkələrin hamısında sülh və bizim ərazidə yaşayan bütün xalqlar arasında qarşılıqlı anlaşma var. Hesab edirəm ki, bu, xalqlarımızın və əlbəttə, bu istiqamətdə düzgün siyasət yürüdən rəhbərliyin çox böyük xidmətidir. Biz öz nümunəmizlə həm siyasi sahədə, həm də iqtisadi, sosial, mədəni sahələrdə, təhlükəsizlik sahəsində əməkdaşlıq nümayiş etdiririk. Biz göstəririk ki, bəzi dairələrin buna necə yanaşmalarından asılı olmayaraq multikulturalizm prinsipləri yaşayır və qalib gəlir".

Dövlət başçısı təhsilin səviyyəsi ilə bağlı məsələlərin təhlükəsizliklə birbaşa bağlı olduğunu qeyd edib:

"Beyinlərin "yuyulması", radikal ideologiya o yerdə özünə zəmin tapır ki, orada təhsilə lazımınca əhəmiyyət verilmir. Bizə sovet keçmişindən miras qalmış üstünlüklərdən biri məhz təhsil və savaddır. Bizim ölkələrimizdə savadlılıq mütləq həddədir. Biz bu nailiyyəti qoruyub saxlayırıq və saxlamalıyıq. Ölkələrimizin vətəndaşları arasında, xüsusən gənclər arasında müxtəlif səviyyələrdə mövcud olan əlaqələr də təhlükəsizliyin möhkəmləndirilməsi işində mühüm amildir."

Prezident əlavə edib ki, elə bu səbəbdən də, gənclər bir-birini tanıyacaq, bir-birinə qonaq gedəcək, ünsiyyət saxlayacaq, dostluq edəcək: "Əlbəttə ki, bir-birini dost və tərəfdaş kimi qəbul edəcəklər. Odur ki, təhlükəsizlik orqanlarının fəaliyyəti dövlətin siyasətindən ayrı mümkün deyil. Biz Azərbaycanda məhz əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, qarşılıqlı həmrəyliyə, çoxkonfessiyalı dünyaya yönəlmiş ardıcıl siyasət yürüdürük və çoxmillətli dövlət olaraq öz ölkəmizin bütün vətəndaşları ilə fəxr edirik. Düşünürəm ki, bu, təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi, sosial məsələlərin həlli və ölkənin inkişafı baxımından Azərbaycanın uğurlu inkişafının başlıca təməlidir".

Xəbər lenti
0