BAKI, 1 sen — Sputnik. "Bu gün artıq Azərbaycan böyük qaz dövlətlərinin sıralarına daxil olur. Hasilat, nəqliyyat artacaq, Azərbaycan gələcəkdə tranzit funksiyalarını da oynaya bilər. Necə ki biz indi neftin, neft məhsullarının daşınması üçün bu rolu oynayırıq. Beləliklə, ölkəmizin qüdrəti, əhəmiyyəti artacaq, Azərbaycan xalqı daha da yaxşı yaşayacaq. Görülən bütün bu işlərin məqsədi budur — Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın, ölkəmizin iqtisadi müstəqilliyi daha da möhkəmlənsin və dünyada rolumuz, əhəmiyyətimiz artsın. Biz bütün bunları görürük".
Sputnik AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev sentyabrın 1-də Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Şahdəniz-2" layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimində söyləyib.
Bu gün Azərbaycanın dünya xəritəsində etibarlı tərəfdaş, hörmətə layiq olan ölkə kimi tanındığını vurğulayan dövlətimizin başçısı deyib: "Biz bütün öhdəlikləri yerinə yetiririk, xarici sərmayədarlar üçün yaxşı şərait yaratmışıq. Onların sərmayələri qanun çərçivəsində qorunur. Əgər bu, olmasaydı, heç kim Azərbaycana milyardlarla, on milyardlarla dollar sərmayə qoymazdı. Sərmayə qoyuluşu üçün Azərbaycan çox cəlbedici ölkədir".